12 saylı məntəqə üzvləri “Azadlıq” qəzetindən və Meydan TV-dən 5 min manat təzminat və təkzib tələb edirlər
Yasamal rayon 12 saylı seçki məntəqəsinin üzvü Əfruz Hacıyevanın iddiası əsasında “Azadlıq” qəzeti və Meydan TV-yə qarşı məhkəmə prosesi fevralın 12-ə təyin edilib.
Proses Yasamal rayon Məhkəməsində keçiriləcək.
Meydan TV-yə məlumatı “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev deyib. Amma Rahim Hacıyev hələ vəkil tutmadıqlarını da əlavə edib.
Ötən həftə Əfruz Hacıyeva hər iki KİV-i məhkəməyə verib. Məhkəmə iddiası əslində təkcə onun yox, 12 saylı məntəqənin üzvləri adından hazırlanıb. Komissiya üzvləri hər iki KİV-i onların şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edirlər. Eyni zamanda, 5 min manat təzminat və təkzib tələb edirlər.
Əfruz Hacıyeva ilə əlaqə saxlayıb, suallarımıza cavab almaq istədik. Amma o, “bu haqda heç nə danışmayacam” deyərək dəstəyi yerə qoydu.
Keçən il keçirilən bələdiyyə seçkiləri zamanı Meydan TV-nin əməkdaşı Cavid Abdullayev Yasamal rayon 12 saylı seçki məntəqəsində qanun pozuntusunun şahidi olmuşdu, o, seçicinin qutuya topa bülleten atdığını çəkmişdi. Əfruz Hacıyeva jurnalistin bununla bağlı sualına cavab verməyərək məntəqədən qovmuşdu.
Olay sosial şəbəkələrdə və KİV-də geniş rezonans doğurmuşdu.
Bundan sonra Mərkəzi Seçki Komissiyası 12 saylı məntəqədə qanun pozuntusunu əsas gətirərək seçkilərin nəticələrini ləğv edib və məntəqə komissiyasının buraxılması qərarı çıxartsa da, Əfruz Hacıyeva məhkəmədə iddia qaldırıb.