Taxta çıxanda 19 yaşı olan Zahir şahın hakimiyyətinin ilk 20 ilində dövləti əslində daha yaşlı qohumları idarə etdilər
İkinci ingilis-əfqan müharibəsi zamanı 1879-cu ildə imzalanan Qandamak müqaviləsinə əsasən Əfqanıstan əmirliyi Böyük Britaniyanın protektoratlığın qəbul etmişdi. Bundan düz 40 il sonra taxta çıxan Əmənullah xan ölkəsinin tam müstəqilliyini elan etdi. Mayın 3-də başlayan və bir ay davam edən üçüncü ingilis-əfqan müharibəsində britaniyalılar hərbi qələbələr qazansalar da, siyasi səbəblərdən Əfqanıstanın müstəqilliyini tanımalı oldular. 1926-cı ildə isə Əmənullah xan özünü kral (padişah), ölkəsini də krallıq elan etdi.
Gənc kral Türkiyədə Atatürkün apardığı modernləşdirmə siyasətinin tərəfdarı idi və öz ölkəsində də bunu həyata keçirməyə çalışırdı. Onun arvadı kraliça Sürəyya Tərzi qadın hüquqları ilə bağlı fəaliyyət göstərirdi. Amma Əmənullah xan Atatürk qədər möhkəm hakimiyyətə malik deyildi, əfqan cəmiyyəti isə daha mürtəce əhvalda idi.
1928-ci ilin noyabrında ölkənin əyalətlərində üsyan başladı. Şəriət bayrağı altında cərəyan edən üsyana Həbibulla Kalakani adlı bir kəndli rəhbərlik edirdi. Ordu üsyançılara ciddi müqavimət göstərmədi, yanvarda Kabul ələ keçirildi, Əmənullah xan ölkədən qaçdl, Həbibulla hakimiyyətə yiyələndi.
Amma belə vəziyyət cəmi 9 ay çəkdi. Əmənullah xanın qohumu Məhəmməd Nadir xanın dəstələri oktyabrda Kabulu ələ keçirdilər, qaçmağa çalışan Həbibullah yaxalandı və edam olundu. Nadir xan 1933-cü ildə 17 yaşlı litsey şagirdi Əbdül Xaliq tərəfindən öldürüləndən sonra onun oğlu Məhəmməd Zahir şah növbəti və sonuncu Əfqanıstan kralı oldu.
Taxta çıxanda 19 yaşı olan Zahir şahın hakimiyyətinin ilk 20 ilində dövləti əslində daha yaşlı qohumları idarə etdilər. Bundan sonra hakimiyyəti tədricən əlinə alan kral bir sıra demokratik islahatlar keçirdi. 1964-cü ildə qəbul edilən yeni Konstitusiya parlamentin səlahiyyətlərini artırdı, kral sülaləsi üzvlərinə hökumətdə vəzifə tutmaq qadağan olundu.
Bundan sonra əfqanların hüquq və azadlıqları, eləcə də öhdəlikləri şəriət normaları ilə deyil, qanunla müəyyən olunurdu. Təhsil və qadınların emansipasiyası ləng də olsa inkişaf edirdi. Zahir şah xarici siyasətdə də balanslaşdırılmış siyasət yürüdür, ABŞ və SSRİ-nin Əfqanıstanı öz nüfuz arealına çəkmək cəhdlərindən ölkəsinin mənafeyi üçün məharələ yararlanırdı. Xeyli əfqan SSRİ-də hərbi təhsil alırdı.
Sonralar Əfqanıstanın “qızıl dövrü” adlanacaq Zahir şah hakimiyyəti 1973-cü ilə qədər sürdü. Kralın əmioğlusu və 1953-1963-cü illərdə baş nazir vəzifəsini tutan Məhəmməd Davud xan ordudakı solçu zabitlərin köməyi ilə iyunun 17-də hərbi çevriliş etdi. Həmin vaxt İtaliyada olan Zahir şah taxt-tacı qaytarmaq üçün mübarizə aparmaqdan vaz keçdi.
***
1973-cü il çevrilişi ilə Əfqanıstan krallığı süquta uğradı və respublika elan olundu. Məhəmməd Davud İnqilab şurası adlı ali orqanın sədri kimi dövlət başçısı və baş nazir oldu. Onun beşillik hakimiyyəti bir sıra mütərəqqi islahatlarına baxmayaraq, avtoritar xarakter daşıyırdı. Parlament və siyasi partiyalar buraxıldı. 1977-ci ildə qəbul olunan konstitusiyaya əsasən birpartiyalı rejim quruldu. Davud yeni təsis olunan prezident vəzifəsini tutdu.
Baş nazir olduğu dövrdə daxili siyasətdəki bəzi addımlarına, eləcə də sovetpərəst xarici siyasətinə görə “qırmızı şahzadə” adını alan Davud xanın hakimiyyətinin ikinci yarısından etibarən həm SSRİ, həm də ölkəsindəki kommunistlərlə münasibəti korlanır. O, daha müstəqil xarici siyasət yürütməyə başlayır.
Əfqanıstan liderinin 1977-ci ilin aprelində SSRİ səfəri münasibətləri yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir. Davud Moskvanın iki fraksiyaya parçalanmış əfqan kommunistlərini yenidən bir partiyada birləşdirmək üçün göstərdiyi cəhdlərdən narazılıq edir. Brejnev cənub qonşusunun son zamanlar Qərbə meyllənməsini qınadıqda isə Davud Əfqanıstanın müstəqil dövlət olduğunu və öz mənafeyinə uyğun xarici siyasət yürütdüyünü bildirir.
Davud hakimiyyətini Əfqanıstanın mühafizəkar kəsimi də qəbul etmirdi. Sonralar sovet qoşunlarına qarşı döyüşlərdə məşhurlaşacaq Gülbəddin Hikmətyar məhz bu dövrdə İslam partiyasını yaratdı və Pakistanın yardımı ilə silahlı mübarizəyə başladı. Beləcə, Davud xan həm sağ, həm də solmüxalifətlə mübarizə aparmaq məcburiyyətində idi.
***
Kommunist ideologiyalı Əfqanıstan Xalq Demokrat Partiyası (XDP) 1965-ci ildə təsis olundu və demək olar ki, dərhal iki fraksiyaya parçalandı. Bu fraksiyalar buraxdıqları qəzetlərin adı ilə Xalq və Pərçəm (Bayraq) adlanırdılar. Xalq fraksiyasına Nur Məhəmməd Təraki, Pərçəmə isə Babrək Karmal başçılıq edirdi.
XDP-nin hər iki fraksiyası, xüsusən də Pərçəm, 1973-cü il çevrilişində fəal iştirak etdilər. Çevrilişdən sonra 26 vilayət qubernatorundan altısı və İnqilab Şurasının 3 üzvü Pərçəmi (daha 1 üzv Xalqdan) təmsil edirdilər. O qədər də çoxsaylı olmayan kommunistlərin əsas gücü ordudakı nüfuzunda idi.
Moskvanın vasitəçiliyi sayəsində 1977-ci ilin yazında iki fraksiya yenidən birləşdi və hərəsindən 5 nəfər olmaqla XDP-nin vahid Siyasi bürosu formalaşdı. Partiyanın Baş katibi vəzifəsini əvvəlki kimi Təraki tuturdu. Amma bu birləşməyə baxmayaraq, kəskin fraksiyaçılıq mənsubiyyəti qalmaqda idi.
1970-ci illərin ortalarından etibarən kommunistlərlə Davud xanın münasibətləri korlanır və onlar tədricən müxalifətə keçirlər. Yeni konstitusiya hakim Milli İnqilab Partiyasından başqa bütün partiyalar kimi XDP-ni də qadağan edirdi. Uğursuz Moskva səfərindən sonra Davudun kommunistlərə münasibəti daha da pisləşdi.
1978-ci il aprelin 17-də Pərçəm fraksiyasının liderlərindən Mir Əkbər Xeybər öz evinin yanında öldürüldü. Qətli daxili işlər nazirinin, ordudakı solçu zabitlər arasında nüfuz uğrunda Xeybərlə rəqabət aparan Xalq üzvü Hafizullah Əminin, hətta inqilab üçün qığılcım arzulayan Pərçəm və SSRİ-nin törətməsi kimi müxtəlif versiyalar irəli sürüldü.
Bununla belə, qatil məlum olmasa da, XDP Xeybərin dəfnini hakim rejimi əleyhinə nümayişə çevirə bildi. 15 min adamın iştirak etdiyi yürüş Davudu qorxuya saldı. Aprelin 26-da Təraki, Karmal və başqa kommunistlər həbs olundular. Amma başqalarından fərqli olaraq ev dustaqlığına alınan Əmin oğlu vasitəsilə ordudakı tərəfdarlarına çevriliş əmri göndərməyə macal tapır.
Aprelin 27-də günorta saatlarından etibarən qiyamçı ordu hissələri Kabuldakı hökumət binalarını, strateji obyektləri bir-bir ələ keçirməyə başladı. Davuda sadiq qüvvələr ciddi müqavimət göstərə bilmədilər. Ertəsi gün prezident sarayı tutuldu. Davud ümidsiz vəziyyətdə belə təslim olmaq istəmədi və silahlı müqavimət göstərdi. Nəticədə özü, qardaşı, beş oğlu daxil olmaqla xeyli ailə üzvü və bir sıra dövlət nümayəndələri öldürüldülər.
Saur inqilabı adı verilən çevrilişdən ölkənin adı da dəyişdirildi, Əfqanıstan Demokratik Respublikası oldu. Təraki İnqilab şurasının sədri kimi dövlət başçısı və eyni zamanda baş nazir vəzifələrini icra etməyə başladı. Karmal İnqilab şurasının sədr müavini, Əmin isə baş nazirin müavini və xarici işlər naziri oldu. Bü üçlüyün rəhbərlik etdiyi hökumət əhalisininn 88 faizi savadsız, 86 faizi kənddə yaşayan ölkədə kommunizm qurmağa başladı.
Sovet hərbçisi və hərbi tariçxisi Mahmud Qareyev sonralar bunu belə şərh edirdi: “Plexanov 1917-ci ildə Rusiyada sosializm çörəyi bişirmək üçün lazım olan unun üyüdülmədiyini deyirdi. Əfqanıstanda isə sosialist dəyişikliklər üçün nəinki üyüdülmüş un yox idi, heç torpağa toxum da səpilməmişdi”.
Hakimiyyəti ələ keçirdikdən az sonra Xalq və Pərçəm arasındakı ziddiyyətlər yenidən alovlandı. Maraqlıdır ki, Əfqanıstandakı sovet nümayəndələrinin də bu iki fraksiyaya münasibəti fərqli idi. Hərbçilər və səfirlik əməkdaşları Xalqla əməkdaşlığa üstünlük verirdilər, Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) nümayəndələri isə pərçəmçiləri himayə edirdilər.
1978-ci ilin yayında Təraki öz hökumətini pərçəmçilərdən təmizlədi. Onların xeyi hissəsi həbs olundu. Liderlərini də eyni aqibət gözləyə bilərdi, amma SSRİ-nin rəyi nəzərə alındı. Babrək Karmal Çexoslovakiyaya, ƏDR-in son prezidenti olacaq Məhəmməd Nəcibulla İrana, Nur Əhməd Nur ABŞ-a, azsaylı qadın fəallardan olan Anahita Ratebzad Yuqoslaviyaya səfir təyin olundular.
***
Yeni hökumətin bir sıra addımları, xüsusən də, din əleyhinə tədbirləri əfqan cəmiyyətində etirazla qarşılandı. Artıq 1978-ci ildən vətəndaş müharibəsi başlayır. 1979-cu ilin martında Heratda güclü üsyan baş verir. Məhz bu zaman Təraki ilk dəfə Moskvadan Əfqanıstana qoşun göndərməsini xahiş edir. Amma SSRİ-nin baş naziri Kosıgin telefon danışığında bu xahişi rədd edir. Bununla belə, müxtəlif sahələr üzrə ölkədəki sovet müşavirlərinin sayı həmin ilin ilk 6 ayı ərzində 10 dəfədən çox artaraq 4500 oldu.
İnqilabdan az sonra aydın olur ki, Təraki dövlət idarəçiliyindən bacardığı bir şey yoxdur. O, zəif və iradəsiz, reallıq hissini itirmiş adam idi. Sovet KQB-nin 1988-1991-ci illərdə sədri olacaq Vladimir Kryuçkov həmin dövrdə Təraki ilə görüşünü belə xatırlayırdı: “İnqilabdan cəmi üç ay keçmişdi, əfqan rəhbərliyi artıq göydə uçurdu, bütün reallıq hissini itirmişdi. Təraki Sovet İttifaqının 60 ilə nail olduğuna Əfqanıstanın 5 ilə çatacağını deyirdi. İslamla bağlı sualıma isə “Bir ildən sonra gəlin, görəcəksiniz ki, bütün məscidlər boşdur” cavabını verdi”.
Təraki özünün şəxsiyyətə pərəstişini yaradıb bütün küçələrə, əskinaslara vurulan şəkillərindən, eləcə də aludəçisinə çevrildiyi spirtli içkilərdən həzz alan zaman real hakimiyyət daha enerjili və praqmatik, eyni zamanda qəddar Hafizulla Əminin əlinə keçirdi. SSRİ-nin Əfqanıstandakı hərbi müşavirlərindən Vasili Zaplatın əfqan rəhbərliyində əksəriyyətin ələ keçirdikləri hakimiyyətin dadını çıxarmağa çalışdığını, yalnız Əminin praktiki işlə məşğul olduğunu deyirdi.
Sovet hərbçiləri və diplomatlar Əminə hörmətlə yanaşsalar da, KQB nümayəndələrinin ona kəskin antipatiyası vardı. Bu, çox güman ki, Əminin ABŞ-ın Kolumbiya universitetində magistr təhsili alması ilə bağlı idi. Halbuki o, məhz bu dövrdə marksizmlə maraqlanmağa başlamış və solçu dərnəklərdən birinə üzv olmuşdu.
Digər tərəfdən, Pərçəm fraksiyasının, xüsusən Karmalın KQB ilə yaxşı əlaqələri vardı. Müstəqil düşüncəli, ötkəm Əminə nisbətən sözəbaxan Karmalla işləmək daha rahat idi. KQB sədri Yuri Andropovun təsiri ilə Kremldə də Əminə neqativ münasibət formalaşmışdı. Onlar Əfqanıstan rəhbərliyində Təraki-Əmin əvəzinə Təraki-Karmal duetini görmək istəyirdilər.
İnqilabın ilk aylarında Təraki və Əmin yetərincə mehriban idilər. Cəmiyyətdə birincinin şəxsiyyətə pərəstişinin formalaşmasında ikincinin müstəsna xidməti vardı. Təraki də Əmini sadiq şagirdi hesab edir və etimad göstərirdi. 1979-cu il martın sonlarında baş nazir vəzfəsindən çəkilərək Əminə verdi.
Amma münasibətlər get-gedə pisləşirdi və bunda sovet kəşfiyyatının da töhfəsi vardı. Onlar artıq bir-birlərindən qorxmağa başlamışdılar. Təraki baş nazirinin onu devirəcəyindən, Əmin isə dövlət rəhbərinin onu öldürəcəyindən qorxurdu. Hətta bir neçə dəfə Tərakinin prezident sarayına dəvətini də qəbul etmirdi.
Sentyabrın 14-də səbəbi tam aydın olmayan hadisə baş verdi. Bu dəfə Təraki ilə yanaşı sovet səfirinin də dəvəti ilə saraya gələn Əminə atəş açıldı. Birinci və dərhal ağla gələn ehtimala görə, Təraki Əmini öldürmək istəyirdi. İkinci ehtimala görə, Tərakini devirmək üçün bəhanə axtaran Əmin hadisəni özü təşkil etmişdi.
Bu vəziyyətdə hərbçilərin Əminin tərəfində olması həlledici rol oynadı. Hadisədən sonra Kabul qarnizonun qüvvələri dövlət başçısının iqamətgahını mühasirəyə aldılar və onu təcrid etdilər. Hakimiyyət vasitələrini çoxdan əldən verən Təraki buna qarşı heç bir müqavimət göstərə bilmədi.
Sentyabrın 16-da XDP-nin Mərkəzi komitəsinin iclası keçirildi. Əminin həyatına qəsdlə yanaşı bir sıra ittihamlara məruz qalan Təraki partiyanın Baş katibi vəzifəsindən azad edildi. Eə həmin gün o, İnqilab şurasının sədri vəzifəsini də itirdi. Rəsmi məlumatda isə Tərakinin səhhəti ilə əlaqədar könüllü istefa verdiyi sölənilirdi. Hər iki vəzifəyə Hafizullah Əmin yiyələndi.
Bu saray çevrilişindən sonra Tərakinin tərəfdarları repressiyaya məruz qaldılar. Əsədulla Sərvəri, Aslan Vətəncar, Səid Gulabzoy, Şir Can Mazduryar sovet səfirliyində gizləndilər və sonra SSRİ-yə aparıldılar. Oktyabrın 10-da isə Tərakinin “müəyyən müddət davam edən ciddi xəstəlikdən öldüyü” elan olundu. Əslində isə onu bir gün əvvəl Əminin göstərişi ilə yastıqla boğub öldürdülər. “Şərq ulduzu” və “dahi mütəfəkkir”in həyatı beləcə başa çatdı.