Sayt rəhbəri məhkəmənin hökmündən apelyasiya şikayəti verəcək
“Azel TV” xəbər portalının həbsdə olan rəhbəri Əfqan Sadıqova hökm oxunub. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, 7 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinib. Məhkəmə belə nəticəyə gəlib ki, Ə.Sadıqovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən onlar haqqında rüsvayedici yazılar yaymaqla hədələyib, pul tələb etdiyi təsdiqini tapıb.
Cinayət işinin materiallarında iddia olunur ki, Ə.Sadıqov bu ilin mayında icra hakimiyyətinin vəzifəlilərindən 10 min manat alarkən tutulub. Həmin vaxt “xeber.az” saytının rəhbəri Sakit Muradov da onunla birlikdə olub. Onların hər ikisi saxlansa da, sonradan S.Muradov buraxılıb. İstintaq dövründə onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Məhkəmə onu da Cinayət Məcəlləsinin 182-ci maddəsilə təqsirli bilib. Amma ona şərti cəza verilib.
Ə.Sadıqov hökmdən əvvəl son sözündə təqsirsiz olduğunu, jurnalist fəaliyyətinə görə sifarişlə cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, ölkədə vətəndaşlara qarşı qanunsuzluqları, məmur özbaşınalıqlarını işıqlandırması müəyyən kəsmi narahat edirdi. Bu yolla onu təcrid edirlər.
Ə.Sadıqov bu ilin mayından həbsdədir. Onun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, eyni maddə ilə təqsirləndirilən S.Muradov azadlıqda qaldığı halda, Ə.Sadıqovun ağır cəzalandırılması ona qarşı qərəzin nəticəsidir. S.Sadıqovanın fikrincə, baş verənlər həyat yoldaşının sifarişlə cəzalandırıldığını bir daha sübut etdi.
Ə.Sadıqov haqqında hökmdən apelyasiya şikayəti veriləcək.