Əfqan Sadıqov: Ədliyyə sistemindəki ədalətsizliyə etiraz edirəm

Vəkil keçmiş icra başçısının prosesə gəlməsini istədi

Source:
Baş redaktor Əfqan Sadıqov
Baş redaktor Əfqan Sadıqov


Vəkil keçmiş icra başçısının prosesə gəlməsini istədi

Aprelin 4-də Cəlilabad Rayon Məhkəməsində jurnalist Əfqan Sadıqov növbəti məhkəmə prosesi keçirilib.

Proses başlayan kimi Cəlilabad Rayon Məhkəməsinin hakim Qalib Paşayev qarşı tərəfin vəklinin vəsatəti əsasında prosesin qapalı keçiriləcəyini elan edib. Bundan sonra Əfqan Sadıqovun valideynləri ilə yanaşı digər şəxslər də zaldan çıxarılıb.

Ardınca vəkil Elçin Sadıqov rayonun keçmiş icra başçısı Əziz Əzizovun prosesə gəlib ifadə verməsi üçün vəsatət qaldırıb.

Ancaq vəsatət qəbul olunmayıb.

Məhbus jurnalist prosesdə özünü pis hiss etdiyindən məhkəmə mayın 11-nə saat 12:00 kimi təxirə salınıb.

Bu barədə Meydan TV-yə danışan hüquq müdafiəçisi Samir Kazımlı jurnalist Əfqan Sadıqovun ona məktub verdiyini bildirib.

Əfqan Sadıqov yazır ki, o, ölkənin bütün sahələrində olduğu kimi ədliyyə sistemindəki ədalətsizliyə də etirazını bildirir:

“Məhkəmələrdəki rüşvətxorluğa, öz cibləri üçün insanların həyatlarını qaralamaqlarına, bütün istintaq təcridxanalarını, cəzaçəkmə müəssisələrini bazara, “gestapo”ya çevirmələrinə, Tibb Baş İdarəsinin xəstə, ağrıyan məhkumlarına, biganə qalmaqlarına, yalnız pul güdməklərinə, xidmətsizlik və dərmansızlığa, məhkum hüquqlarının kobud pozulmasına, işgəncə və anarxiyaya etirazımı bildirirəm”.

Jurnalist qarşılaşdığı vəziyyətlə bağlı Bakı İstintaq Təcridxanasının rəis əvəzi, ədliyyə polkovnik-leytenantı Elnur İsmayılova müraciət etdiyini qeyd edib.

O, aprelin 30-dan başladığı aksiyaya görə bir gün sonra ağzının tikişlərini sökdüklərini bildirib:

“Məni həmin gün Masallı Rayon Polis İdarəsinə apardılar. Bu, insan hüquqlarına və beynəlxalq normalara zidd hərəkətdir. Təbii ki, diktatura rejimində bunlardan danışmaq gülüncdür”.

“Azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanıb. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham Cəlilabad Rayon İcra Hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Məhkəmə prosesi zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Cəlilabad Rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi “siyasi məhbus” siyahısına daxil edilib.

Ana səhifəXəbərlərƏfqan Sadıqov: Ədliyyə sistemindəki ədalətsizliyə etiraz edirəm