“Artıq daxili müdafiə vasitələrimizi tükətmişik”
Avqustun 21-də Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyilə jurnalist Əfqan Muxtarlının qohumlarının şikayətinə baxılıb. Şikayət ona qanuni maraq kəsb edən şəxslər və qohumları ilə görüş izni verilməməsi ilə bağlı olub.
Məlumatı vəkil Elçin Sadıqov verib. O, şikayəti Sabunçu Rayon Məhkəməsinin qərarından verdiklərini söyləyib:
“Apelyasiya şikayətinə baxan hakimlər işlə bağlı öncədən münasibət bildirdilər. “Qanunvericilikdə qanuni maraq kəsb edən şəxslər dedikdə mülki işlərdə olan şəxslər başa düşülür. Müraciət edən şəxslər qanuni maraq kəsb edən insanlar hesab oluna bilməzlər”, – dedilər. Əlavə olaraq bildirdilər ki, qohumlar öz görüş səlahiyyətlərini başqasına verə, etibar edə bilməzlər. Biz bu fikirlərə etiraz etdik. Bildirdik ki, işə baxılmazdan öncə hakimin fikrini deməsi, qərarını açıqlaması doğru deyil”.
Vəkil bildirib ki, bundan sonra o, məhkəmənin tərkibinə etiraz edib:
“Etirazımız təmin edilmədi. Daha sonra biz Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi ilə bağlı vəsatət qaldırdıq. Məhkəmə qanuni maraq kəsb edən şəxsləri izah etsin dedik. Çünki Cinayət Prosessual Qanunvericiliyində də göstərilir ki, şəxs həbs olunarkən qanuni maraq kəsb edən insanlar, o cümlədən qohumlarına zəng edib məlumat verə bilər. O cümlədən, həbsdə saxlanan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında qanunun 15-ci maddəsində də göstərilir ki, qanuni maraq kəsb edən şəxslər həbsdə saxlananla telefonla danışmaq və görüşmək hüququna malikdir. Bildirdik ki, məhkəmənin dediyi kimi hansısa mülki işdə qarşı tərəf nəzərdə tutulursa şəxslərin hüquqlarını qoruya biləcək digər şəxslər, həbsdə olan şəxslərin qanunu maraqlarına daxil olan şəxslər nəzərdə tutulur”.
Vəkil bildirir ki, bundan sonra o, şikayəti prokurorluqdan vermədiklərini, görüş vermək vəzifəsinin Bakı İstintaq Təcridxanasının vəzifəsi olduğundan onların istintaqa cəlb olunması ilə bağlı vəsatət verdik. Çünki biz məhz Bakı İstintaq Təcridxanasının hərəkətlərindən şikayət vermişik. Məhkəmə bu vəsatətimizi də təmin etmədi. Və qərarı dəyişdirmədən qüvvədə saxladı”.
Elçin Sadıqov deyir ki, bu gün həm də 5 iyun 2017-ci il tarixdə Əfqan Muxtarlı ilə onun görüşünə izin verilməməsi ilə bağlı işə də baxılıb:
“Bu şikayətə isə Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyilə baxıldı. Məhkəmə heç bir vəsatətimi təmin etmədi. Mən Bakı İstintaq Təcridxanasına daxil olduğım barədə buraxılış vərəqəsinin alınmasını, istintaq otağında görüş jurnalının gətirilməsini istədim. Məhkəmə bu vəsatətləri də təmin etmədi. Nəticədə məhkəmə gözlənildiyi kimi qanunsuz qərar qəbul etdi”.
Elçin Sadıqov deyir ki, bu qərarlarla artıq daxili müdafiə vasitələrini tükədiblər:
“Bundan sonra Avropa Məhkəməsinə şikayət verəcəyik. Görüş hüququnun təmin olunması ilə bağlı isə yenidən müraciət edəcəyik”.
Vəkil Əfqan Muxtarlının sağlıq durumundan da danışıb. Onun şəkərinin kəskin düşdüyünü deyib:
“Məhkəmədə halı yaxşı deyildi. Orada çox saxlanılmışdı və günorta yeməyinin vaxtı keçmişdi. Biz onun şəkərinin normaya düşməsi üçün müəyyən dərmanlar da verdik. Hazırda Bakı İstintaq Təcridxanasına aparıldı. Əfqan Muxtarlının səhhəti pis olaraq qalır. Şəkəri istənilən vaxt düşüb-qalxır. Təzyiqi də onun kimi. Dəfələrlə etdiyimiz şikayətlərə baxmayaraq heç bir tibbi xidmət göstərilmir. Yalandan deyirlər ki, guya səhhəti normaldır”.
Jurnalist Əfqan Muxtarlının Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdilər. Şikayətləri Əfqan Muxtarlı ilə görüşmələrinə maneçilik yaradılması ilə bağlı idi. Ancaq məhkəmə şikayətə baxmaqdan imtina etdi.
Vəkil Elçin Sadıqov məhkəmənin bu qərarının qanunsuz olduğunu hesab edir:
“Nəinki yaxınlarını heç məni də görüşə buraxmadıqları olub. Halbuki Ə.Muxtarlını təmsil etdiyimi təsdiqləyən vəkil orderi, eləcə də M.Məcidli, S.Əsədli və M.Əsgərə verilmiş etibarnamənin surəti məhkəməyə təqdim olunub”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Əfqan Muxtarlının işi Meydan TV-yə qarşı açılmış cinayət işinə birləşdirilib.