Əfqan Muxtarlının ittihamının məzmunu dəyişib

Vəkil əlyazmalarının qanunsuz olaraq yoxlanıldığını deyir

Source:
Əfqan Muxtarlı
Əfqan Muxtarlı


Vəkil əlyazmalarının qanunsuz olaraq yoxlanıldığını deyir

Jurnalist Əfqan Muxtarlıya yeni məzmunlu ittiham elan edilib.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Oktyabrın 20-də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşən vəkil deyib ki, istintaq hərəkəti davam edir.

“Jurnalistin ittiham edildiyi Cinayət Məcəlləsinin 206.1, 315.2. və 318.1-ci maddələri dəyişdirilmədən saxlanıldı, yalnız ittihamın məzmununda dəyişiklik edildi. Əfqan Muxtarlı bildirdi ki, özünü təqsirli bilmir, tənqidi və araşdırma yazılarına görə Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib. O, qanunsuz həbsdə saxlanıldığını dedi, eyni zamanda, dindirmə protokoluna qeyd etdi ki, səhhəti çox ağırdır, ürəyində və bədəninin müxtəlif yerlərində kəskin ağrılar var. Jurnalist öz hesabına Mərkəzi Klinik Xəstəxanasında və ya Gömrük Hospitalında müayinə və müalicə olunmasına razılıq verilməsini istəyib”.

Vəkil Əfqan Muxtarlı ilə təkbətək görüşdüyünü də bildirib:

“İstintaq Təcridxanasından çıxan zaman jurnalların qeydiyyatı otağında Rövşən adlı gizir və Ədalət adlı əməkdaş məcburi olaraq mənim əlimdən üzərində “vəkillərin qeydiyyat kitabı” yazılmış, yaşıl üzlü vəkillik peşəmlə bağlı qeydlərimin olduğu kitabçanı aldılar. Əfqan Muxtarlı ilə təkbətək görüş zamanı, müdafiə ilə bağlı taktikamızı oxudular, bunun qanunsuz olduğunu bildirdikdə isə bu göstərişin birbaşa Penitensiar Xidmətin rəhbərliyindən gəldiyini, ona görə də rəhbərliyin onları müdafiə edəcəklərindən əmin olduqları üçün heç kəsdən qorxmadıqlarını bildirdilər. Onlar məni təhlükəsizlik məqsədi ilə yoxlamırdılar, çünki onları yalnız mənim öz qeydiyyat kitabıma Əfqan Muxtarlı ilə görüş zamanı etdiyim qeydlər maraqlandırırdı ki, bizim “konfendensial” görüşümüzdə müzakirə etdiyimiz məsələləri prokurorluğa çatdırsınlar”.

Vəkil qarşılaşdığı olayı belə qiymətləndirib:

“Bu, Azərbaycanda müdafiə hüququnun təminatının (mövcud olmamasının) göstəricisidir, insanları günahsız həbs etmək azmış kimi onların müdafiə hüququnu da pozurlar. Baş vermiş qanunsuzluqla bağlı ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Ombudsmana şikayətlər edəcəm. Vəkillər Kollegiyasına məktub yazacam ki, hər bir şəxsin əsassız şikayətləri ilə vəkillərin barəsində intizam icraatı başlayan Vəkillər Kollegiyası bu qanunsuzluğu Ədliyyə Nazirliyinin diqqətinə çatdırsın, heç olmasa bir dəfə vəkili, vəkilliyi müdafiə etsin”.

Gürcüstanda yaşayan Əfqan Muxtarlı mayın 29-da saxlanılıb. Onunla bağlı yayılan rəsmi məlumatda Ə.Muxtarlının Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı deyilir.

Jurnalistə qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Ə.Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini deyir. Onun cinayət işi Meydan TV ilə bağlı açılmış cinayət işinə birləşdirilib.

Ana səhifəXəbərlərƏfqan Muxtarlının ittihamının məzmunu dəyişib