”Əfqan Muxtarlının həbs müddətinin uzadılması işinə baxılacaq”

Vəkil: “Jurnalistin səhhətindəki problemlər hələ də qalır”

Source:


Vəkil: “Jurnalistin səhhətindəki problemlər hələ də qalır”

Avqustun 16-da vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

Vəkil jurnalistin səhhətindəki problemlərin hələ də qaldığını deyib:

“Sağlamlığı ilə bağlı ciddi problemləri var. Bu problemlər hələ də həll olunmayıb. Sabah saat 12-də isə Nəsimi Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində həbs müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun vəsatətinə baxılacaq. Prosesə hakim Babək Pənahov sədrlik edəcək”.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bu yaxınlarda isə onunla bağlı qaldırılmış cinayət işinin Meydan TV-nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.

“Meydan TV” ilə bağlı cinayət işinin açılmasına aid xəbərlər 2016-ci ildə yayılıb. Onda hazırda mühacirətdə olan “Meydan TV”nin rəhbəri Emin Milli bu cinayət işi ilə bağlı bunları demişdi:

“Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır”.

Ana səhifəXəbərlər”Əfqan Muxtarlının həbs müddətinin uzadılması işinə baxılacaq”