Əfqan Muxtarlı yas mərasimində iştirak üçün evlərinə buraxılıb


Həbsdə olan jurnalist yaxınlarının 40 mərasimində iştirak edir

Həbsdə olan jurnalist Əfqan Muxtarlı fevralın 8-də yaxınlarının

yas

mərasimində (40 mərasimi) iştirak etməsi üçün evə buraxılıb.

Bu barədə Meydan TV-yə onun yas mərasimində iştirak edən dostları məlumat verib.

Ötən il dekabrın 31-də Ə.Muxtarlının bacısı, bacısı və qardaşı uşaqlarının meyiti mənzillərində tapılıb. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib.

Zaqatala şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi, bina 2, mənzil 14 ünvanında baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Jurnalistin vəkili Vəkil Nemət Kərimli Ə.Muxtarlının yaxınlarının yas mərasimində iştirakından ötrü Penitensiar Xidmətin Baş İdarəsinə müraciət etmişdi. Lakin o, əzizlərinin dəfn mərasiminə buraxılmamışdı.

Gürcüstanın paytaxtı Tbilisidə yaşayan Ə.Muxtarlı 2017-ci il mayın 29-da müəmmalı şəkildə saxlanıb. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

6 il müddətinə azadlıqdan məhrum edilən Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini “siyasi sifariş” adlandırıb.

Beynəlxalq təşkilatlar Əfqan Muxtarlı barədə məhkəmə hökmünü pisləyib, onu vicdan məhbusu adlandırırlar.

Ana səhifəVideoƏfqan Muxtarlı yas mərasimində iştirak üçün evlərinə buraxılıb