”Səbəbini soruşanda dedilər, tapşırıq Prezident Adminstrasiyasından gəlib”
Bakıdakı 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının yaxınları ilə telefon əlaqəsini məhdudlaşdırıb. Bu haqda Meydan TV-yə jurnalistin həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. Onun sözlərinə görə, telefon danışığı zamanı Əfqan Muxtarlı deyib:
“Həftədə iki dəfə zəng etmək imkanım olur. Mənə dedilər ki, hər dəfə bir nəfərlə danışa bilərəm. Səbəbini soruşanda dedilər, tapşırıq Prezident Adminstrasiyasından gəlib”.
Bir müddət əvvəl Muxtarlı ədliyyə naziri Fikrət Məmmədova məktub yazaraq Almanyada mühacirətdə yaşayan övladları ilə “Skype” vasitəsilə danışmaq şəraitinin yaradılmasını istəmişdi. Həbsxana nəzarətçiləri məktubu göndərməkdən imtina etmişdi.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri “Amerikanın Səsi”nə qanunvericilikdə məhbusların yaxınları ilə “Skype” danışığının nəzərdə tutulmadığını bildirsə də, həbsxanadan göndərilən məktubların qarşısının alınmasına aydınlıq gətirməmişdi.
Əfqan Muxtarlı 2017-ci ilin mayında Azərbaycanda həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, döyülərək işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro yerləşdirildiyini bildirib.
Prokurorluq isə jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhəddi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.
Məhkəmə jurnalistə qarşı ittihamları sübuta yetirə bilməyib. Belə ki, müdafiə tərəfin vəkillərinin jurnalistin üzərindən çıxdığı iddia olunan 10 min avro üzərindəki əl – barmaq izlərinin yoxlanılması, sərhəd keçid məntəqəsinin müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi, jurnalistin üzərindəki xəsarətlərin müayinəsi üçün tibbi ekspertizanın keçirilməsinə dair qaldırdığı vəsatətləri rədd edib.
Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.