”Gürcüstanın Azərbaycandakı səfiri onunla görüşüb saxlanılmasına aydınlıq gətirsin”
Həbsdə olan jurnalist Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirinin onunla görüşə gəlməsini tələb edir. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb. Vəkil bildirib ki, Əfqan Muxtarlı görüş zamanı ondan media vasitəsilə səfirliyə müraciət etməsini xahiş edib:
“Məndən xahiş etdi ki, media və Gürcüstanın Azərbaycandakı Səfirliyinə müraciət edim. Jurnalist Gürcütanın Azərbaycandakı səfirinin onunla görüşə gəlməsini istəyir. Mən artıq səfirliyə də müraciət etmişəm. Biz tələb edirik ki, səfir Əfqan Muxtarlı ilə görüşsün, onun Gürcüstanda saxlanılmasına aydınlıq gətirsin. Bununla bağlı Əfqan Muxtarlının suallarını cavablandırsın”.
Onun sözlərinə görə, Ə.Muxtarlı hesab edir ki, Gürcüstan hökuməti onun olduğu və oğurlandığı küçələrdəki, yollardakı video kameraların lent yazılarını media vasitəsilə ictimaiyyətə təqdim etməlidir.
“Həmçinin Gürcüstanın Laqodexi rayonunda yerləşən sərhəd-buraxılış məntəqəsindəki video kameralardakı görüntülər də ictimaiyyətə təqdim edilməlidir. Jurnalist hesab edir ki, bu zaman Ə.Muxtarlının Azərbaycanın xüsusi xidmət orqanının avtomobilində aparıldığı və onu Gürcüstanın xüsusi xidmət orqanının Azərbaycanın xüsusi xidmət orqanına təhvil verdiyi təsdiqini tapacaq”, – vəkil qeyd edib.
Vəkil əlavə edib ki, “Əfqan Muxtarlı insan oğurluğu ilə məşğul olan bir dövlətin vətəndaşı olmaq istəmir. O, oğurlanmasında iştirak edən şəxslərin müəyyən edilib cəzalandırlmasını xahiş edir”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.