”Əfqan Muxtarlı məlumatların telefonuna yerləşdirildiyini deyir”

Jurnalist rəydə yazılanların həqiqətəuyğun olmadığını bildirir

Source:
Əfqan Muxtarlı
Əfqan Muxtarlı


Jurnalist rəydə yazılanların həqiqətəuyğun olmadığını bildirir

Avqustun 3-də Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə istintaq hərəkəti davam etdirilib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, jurnalistin üzərindən götürülmüş telefonun ekspertizasının nəticəsi barədə rəyin əlavəsi ilə tanış olublar. Ötən gün rəy müdafiə tərəfə təqdim olunsa da, əlavəsi verilməmişdi.

Əfqan Muxtarlı bildirib ki, həmin məlumatlar onun telefonuna yerləşdirilib və heç biri həqiqətə uyğun deyil.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.

Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.

Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.

Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.

Bu yaxınlarda isə onunla bağlı qaldırılmış cinayət işinin Meydan TV-nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.

“Meydan TV” ilə bağlı cinayət işinin açılmasına aid xəbərlər 2016-ci ildə yayılıb. Onda hazırda mühacirətdə olan “Meydan TV”nin rəhbəri Emin Milli bu cinayət işi ilə bağlı bunları demişdi:

“Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır”.

Emin Milli ittihamları qəbul etmir.

Ana səhifəXəbərlər”Əfqan Muxtarlı məlumatların telefonuna yerləşdirildiyini deyir”