”Məmurların uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün vacibdir”
Gürcüstanda Dövlət Sərhəd Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəhbərləri azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı vəzifələrindən kənarlaşdırılıblar.
Məlumatı Meydan TV-yə Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva verib. Bildirib ki, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili bu gün, iyulun 20-də keçirdiyi brifinqdə deyib. Nazir bildirib ki, sözgüdən işlə bağlı Daxili İşlər Nazirliyi Təhlükəsizlik Nazirliyi ilə birlikdə araşdırma aparıb.
“İctimaiyyətdə istintaqın obyektivliyi ilə bağlı hər hansı tərəddüd olmamalıdır. Ona görə də qərara gəldik ki, sərhəd xidmətinə və əks-kəşfiyyata cavabdeh olan şəxsləri istintaq gedən müddətdə işdən uzaqlaşdıraq. Biz əməkdaşlarımızın bu işdə iştirakının olmadığına əminik. Amma istintaq hər hansı versiyanı istisna etmir. İstənilən halda sərhəd qaydaları müəmmalı şəkildə pozulub. Ona görə də belə bir qərar qəbul olundu. Həmin məmurların müvəqqəti uzaqlaşdırılması bu işdə əsassız yozumlara yol açılmaması üçün çox mühüm addımdır”.
Nazir onu da bildirib ki, istintaq müddətində 46 videoyazı araşdırılıb:
“Yalnız kameraların birində Əfqan Muxtarlı olduğu güman edilən ağ köynəkli birinin 4 nömrəli mikroavtobusa mindiyi görünür. Həmin marşrutda çalışan bütün sürücülər dindirilib. Bildiriblər ki, hadisə baş verən gün marşrut hərəkət etdiyi yol boyu qeyri-ənənəvi heç nə olmayıb”.
Nazirin dediyinə görə, həmin vaxt müvafiq küçələrdə olan onlarla şəxslər – dayanacaqda çalışanlar, taksi sürücüləri, ticarətçilər və s. dindiriliblər. Onlar kiməsə qarşısa zor tətbiq olunması halının şahidi olmadığını deyiblər:
“İş üzrə şahid qismində dindirilən 343 nəfərdən 61 polis əməkdaşı olub. Onlar da həmin tarixdə hər hansı bir şübhəli halın baş vermədiyini bildiriblər”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Azərbaycan Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə güc tətbiqi, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələriylə ittiham irəli sürülüb.
Əfqan Muxtarlının Azərbaycana gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.