Jurnalist Aytac Əhmədova Baş Prokurorluqda dindirilib
İyulun 4-də müstəqil jurnalist Aytac Əhmədova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.
Prokurorluqdan çıxdıqdan sonra onun vəkili Samirə Ağayeva jurnalistlərə açıqlama verib. Bildirib ki, Aytac Əhmədova jurnalist Əfqan Muxtarlı barəsində açılan cinayət işində şahid qismində dindirilib:
“Dindirmə jurnalist Əfqan Muxtarlı və “Meydan” TV İnternet resursun fəaliyyəti üzrə açılmış cinayət işilə bağlı idi. Suallar verdilər, biz onların hamısını cavablandırdıq. Əfqan Muxtarlı və Meydan TV ilə bağlı açılmış cinayət işləri bir icraatda birləşdirilib. Odur ki, hər iki işlə bağlı suallar verdilər. Tam olaraq hansı sualların verildiyini açıqlaya bilmirik. Çünki biz istintaq sirrini yaymayacağımızla bağlı iltizama qol çəkmişik”.
Vəkil Aytac Əhmədovanın ifadə zamanı müstəntiqə dəfələrlə ölkədən çıxışına qoyulan qadağa ilə bağlı sual verdiyini də söyləyib:
“Lakin biz bu suallara cavab ala bilmədik. Hazırda haqqında cinayət təqibi olduğunu söylədilər”.
Jurnalist Aytac Əhmədova isə bildirib ki, artıq 2 ildir istintaq mənasız yerə uzadılır:
“Hər il bir neçə dəfə bizi çağırırlar. Hər dəfə də oxşar suallar verib, cavab alırlar. Ancaq işi yekunlaşdırıb bitirmirlər. Boş və haqsız yerə həm mənim, həm də bir neçə jurnalist həmkarımın ölkədən çıxışına qadağa qoyublar. Bu gün isə suallarına Əfqan Muxtarlı ilə bağlı əlavə məsələlər daxil etmişdilər. Həmin sualların da cavabı məndə deyil. Özlərinə də belə bildirdim”.
Bundan əvvəl Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalistlər Xədicə İsmayıl, Sevinc Vaqifqızı və Natiq Cavadlı Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.
Jurnalist Ə.Muxtarlı mayın 29-u yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.