“Meydan TV-nin qurucusuna əlləri çatmadığı üçün mənim həbsimi sifariş ediblər”
“Həbsimi birbaşa İlham Əliyev sifariş edib”.
Bu bəyanatı jurnalist Əfqan Muxtarlı avqustun 17-də keçirilən məhkəmə prosesində səsləndirib.
Nəsimi Rayon Məhkəməsində Əfqan Muxtarlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 2 ay uzadılması haqqında qərar çıxarılıb.
“Bastainfo”-nun məlumatına görə Əfqan Muxtarlı məhkəmədəki çıxışı zamanı deyib:
“Mən 1993-cü ildən Əliyev hakimiyyətinin qanunsuzluqlarına qarşı mübarizə aparıram. Jurnalist kimi Azərbaycandakı korrupsiya və hakim ailənin biznesini ifşa edən araşdırmalar aparmışam, yazılar yazmışam. Mənim son dövrdəki yazılarım əsasən Əliyev hakimiyyətinin korrupsioner mahiyyətinin ən çox ifşa olunduğu Meydan TV-də dərc olunub. Meydan TV-nin qurucusu Emin Milli Avropada olduğu üçün, ona əlləri çatmadığı üçün mənim həbsimi sifariş ediblər. Emin Milli ilə əməkdaşlıq etdiyimə görə, onunla dostluq etdiyim üçün məndən qisas almaq qərarına gəliblər. Həbsimi birbaşa İlham Əliyev sifariş edib…”
Əfqan Muxtarlı deyib ki, heç bir repressiya onun mübarizəsinə mane olmayacaq:
“Bizim apardığımız mübarizənin məqsədi o deyildi ki, Əliyevlər hansısa məmurların, müstəntiqlərin, prokurorların əli ilə Azərbaycanda idbar bir bir rejim qursun. Repressiyaları nə qədər artırsanız da, biz mübarizəmizi davam edtdirəcək və qalib gələcəyik”.
Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib.
Jurnalist özü Gürcüstandan oğurlanaraq gətirildiyini, rəsmi qurumlarsa onun sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıldığını bildirir.
Ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Ə.Muxtarlının məsələsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.
Bu il iyunun 15-də isə Avropa Parlamenti jurnalist Ə.Muxtarlı barədə qətnamə qəbul edərək, Azərbaycan hökumətindən onun dərhal azad edilməsini və bütün cinayət ittihamlarının ləğv edilməsini istəyib.