Əflatun Amaşov yeni səlahiyyətlər istəyir

Arif Əliyev: “Əflatun Amaşovun təklifi o deməkdir ki, məni nazir təyin edin”

Source:


Arif Əliyev: “Əflatun Amaşovun təklifi o deməkdir ki, məni nazir təyin edin”

Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib.

Təklifi Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında şuranın sədri, deputat Əflatun Amaşov səsləndirib.

O, deyib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsinə ciddi ehtiyac var:

“Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Meydan TV-yə deyib ki, bəzi ölkələrin qanunvericiliyində Mətbuat Şurası haqqında bəndlər var. Hərçənd ki, uğursuz praktika sayılır.

Arif Əliyev deyir ki, mətbuat şuraları ümumilikdə ictimai təşkilat statusundan kənara çıxa bilməz.

O qeyd edib ki, əgər bir təşkilat haqqında qanun varsa və qanunla ona əlavə səlahiyyətlər verilirsə, bu, özünü tənzimləmə mexanizmi ola bilməz.

A.Əliyevin sözlərinə görə, həmin təşkilat artıq icra strukturunun bir qolu, yaxud nümayəndəsidir. Ona görə mahiyyət etibarı ilə təklif mətbuatın özünü tənzimləmə mexanizminə zidddir:

“Əflatun Amaşovun təklifi o deməkdir ki, məni nazir təyin edin. Təklif Mətbuat Şurasını ictimai təşkilat statusundan çıxardıb, nazirlik etmək anlamına gəlir. Necə ki, Sirus Təbrizlinin nazir olduğu qurum var idi. Çünki qanun varsa, şuraya icra səlahiyyətləri və xüsusi hüquqlar verilir, bu, artıq nazirlik, yaxud dövlət agentliyidir, adın fərqi yoxdur”.

Arif Əliyev
Arif Əliyev

Arif Əliyev sual edir ki, əgər Mətbuat Şurası haqqında qanun olacaqsa, təsisçilər necə olacaq? Axı şura kütləvi informasiya vasitələri tərəfindən yaradılmış və özlərini idarə edən mexanizmdir. Bu barədə şuranın nizamnaməsində də yazılıb.

Onun sözlərinə görə, təklif qəbul ediləcəksə, Mətbuat Şurası ləğv olunmalı, nizamnamə və təsisçilər dəyişilməlidir.

“Bu, artıq yeni orqanın yaradılmasıdır. Əslində, reket jurnalistikası yoxdur, bunu özünə bayraq edib səlahiyyət və əlavə imkanlar istəyirlər. Müəyyən cinayətkarlar var ki, dövlət orqanlarına soxulub səlahiyyət istəyirlər ki, belə adamlar da jurnalistikada oturub əlləri kimlərinsə ətəyində pul qazanırlar. Mahiyyət budur, bunun jurnalistikaya, Daxili İşlər, yaxud Səhiyyə nazirliklərinə nə aidiyyatı var?! Hər bir nazirliyin içində adamlar var ki, vəsiqələr düzəldib min bir oyundan çıxırlar. Eləcə də jurnalistikada”.

Mətbuat Şurası 2003-cü ildə martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib.

Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir.

Şuraya rəhbərlik sədr tərəfindən aparılır.

Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Sədr müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik edirlər. Şuranın qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur.

MŞ İdarə Heyəti 15 əsas və 4 ehtiyat üzvdən ibarətdir. Əsas üzvlərdən 9-u jurnalistləri, 6-ı ictimaiyyəti təmsil edir. 4 ehtiyat üzvdən 2-i ictimaiyyətdən, 2-i jurnalistlərdəndir.

Əflatun Amaşov yaranan gündən Mətbuat Şurasının sədridir.

Ana səhifəXəbərlərƏflatun Amaşov yeni səlahiyyətlər istəyir