Mətbuat Şurasının sədri baş redaktor kimi kollektivə təqdim edilib
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru təyin edilib.
Sentyabrın 23-də Əflatun Amaşov redaksiya kollektivinə təqdim olunub.
Bu barədə məlumatı kollektivdən APA-ya təsdiqləyiblər.
1954-cü ildə Ermənistanda anadan olan Həsən Həsənov 2002-ci ildən “Xalq qəzeti”nin baş redaktoru idi.
O, Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsini hüquqşünas ixtisası ilə bitirib.
2005-ci ildə H.Həsənov “Azərbaycan Respublikasının əməkdar jurnalisti”, 2014-cü ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
1957-ci ildə Gürcüstanda doğulan Əflatun Amaşov 2003-cü ildən Mətbuat Şurasının sədridir.
O, BDU-nun filologiya, Moskva Dövlət Universitetinin jurnalistika fakültələrini bitirib. 1985–1994-cü ildə “AzərTAC” Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
1995-1998-ci illərdə “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədr müavini olub. 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.
Ailəlidir, bir övladı var.
Sentyabrın 24-də Mətbuat Şurasının növbəti qurultayı olacaq. Əflatun Amaşovun növbəti dəfə təşkilata sədr seçkilərinə qatılmayacağı haqda məlumatlar var.