“Medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq”
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Milli Məclisdə mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirib.
"Azərbaycanda bir neçə sahədə islahatlar gedir, həmkarlarımız çıxışlarında media sahəsində də islahatların aparılmasını səsləndirirlər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil. Medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq. Media varlı olmalıdır. Bu halda, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məhz reklam vasitəsilə formalaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq".
Deputat mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini və çap məhsulları üzərindən ƏDV-ni götürməyi təklif edib.