“Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var”
“Parlament seçkisi hər bir şəxsin xalqı üçün çalışmaq əzminin böyük nümayiş meydanı, özünütəsdiq şansıdır. Mən də bu şansdan yararlanmaq, daha geniş toplum üçün faydalı olmaq niyyətindəyəm. Buna görə də Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmağa iddialıyam”.
Bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov öz Facebook səhifəsində yazıb.
Amaşov 2015-ci il parlament seçkisində iştirak barədə öncədən düşündüyünü qeyd edib: “Belə qənaətə gəlmişdim ki, namizədliyimi bölgələrdən birindən irəli sürəcəm. Azərbaycanın demək olar, bütün rayonlarında dəfələrlə olmuşam. Ölkəmizin hər yeri mənim üçün əzizdir. Bir neçə dairəni nəzərdən keçirdim. Yekunda 62 saylı Saatlı seçki dairəsinin üzərində dayandım. Burada da seçkiqabağı təbliğat işini düzgün qurmaq üçün mənə dəstəyini əsirgəməyəcək çoxlu dostlarım var. Seçki rəqabətdir. Parlament seçkisi isə böyük rəqabət meydanıdır. Hər bir namizəd çalışacaq ki, özünün daha faydalı olduğunu göstərsin. Çox çətin olacaq. Amma inanıram ki, 62 saylı Saatlı seçki dairəsində uğur qazana bilərəm. Artıq bunun üçün ilk addımlaımı atmışam. Gərgin işlərə başlamışam. Məni dəstəkləyəcək hər kəsə öncədən təşəkkürümü bildirirəm”.
2010-cu il seçkilərində 62 saylı dairədən akademik, prezidentin əmisi Cəlal Əliyev mandat alıb.