Rusiya vətəndaşı özünü qismən təqsirli bilib
Ermənistan tərəfindən döyüşlərə cəlb olunaraq, Qarabağ müharibəsində iştirakda, Azərbaycan əleyhinə terror-təxribatlar törətməkdə, ölkənin sərhədlərini qanunsuz keçməkdə təqsirləndirilən Rusiya vətəndaşı Eduard Dubakovun Bakıda məhkəməsi başlayıb. Bu ilin yanvarından həbsdə olan Eduard Dubakovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İyunun 30-da hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, Dubakov Eduard Sergeyeviç Kəlbəcər rayonunda ermənilərin təşkil etdiyi hərbi təlimlərində iştirak edib. O, 2021-ci ilin yanvarında terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Həmin vaxt da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq məqsədi ilə təlim keçmə), 218.2 (Cinayətkar birlik, mütəşəkkil dəstənin tərkibində iştirak) və 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb.
Hakim Samir Əliyev ona məlumat verib ki, əgər məhkəmə araşdırması zamanı ittihamlar təsdiqini taparsa, Azərbaycanın cinayət qanunvericiliyində bu əməllərə görə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Eduard Dubakov özünü qismən təqsirli bildiyini deyib.
O, ifadəsində bildirib ki, atası Bakı ermənisidir, burada doğulub böyüyüb. Hazırda da Əsgəranda, Xankəndidə yaşayan qohumları var və onlarla münasibətləri davam edir. Bir neçə dəfə Qarabağda olduğunu deyən Eduard Dubakov iddia edib ki, o, 2018-ci ildən Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi:
“Məni 2018-ci Belarusda əməkdaşlığa cəlb eləmişdilər. Bu əməkdaşlıq çərçivəsində tapşırıqlar yerinə yetirirdim, Ermənistana, Qarabağa gedirdim. Bu ilin yanvarında da Bakıya həm pul mükafatını, həm də tapşırıq almağa gəlmişdim, amma həbs elədilər”.