İntiqam Əliyev yenidən müayindən keçiriləcək
Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhətində problemlərin olması ilə bağlı ictimaiyyətdə fikirlər yayılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məsələyə nazirliyin Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev aydınlıq gətirib.
Onun sözlərinə görə, İ.Əliyevin səhhəti nəzarətdə saxlanılır və onun əvvəllər heç bir şikayəti olmayıb. Oktyabrın ortalarında o, bel nahiyəsində olan ağrılardan şikayətini bildirib və bununla əlaqədar aidiyyəti sahələr üzrə aparıcı həkim-mütəxəssislər onu müayinədən keçiriblər, həmçinin Tibb baş idarəsinin təşəbbüsü əsasında onun Milli Onkologiya Mərkəzində onurğa sütununun və baş-beyinin Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi aparılıb və nəticədə onda onkoloji və ya digər ciddi proses aşkar olunmayıb.
R.Mehdiyev deyib ki, İ.Əliyevin sağlıq durumu stabil qiymətləndirilir, lakin belə suallar səsləndirildiyi üçün tibb xidməti onun Səhiyyə Nazirliyinin ixtisaslaşmış müalicə-diaqnostika mərkəzlərində əlavə zəruri müayinələrdən keçməsini təşkil edəcək.