“Leyla Yunus həkim nəzarətindədir və səhhətində hər hansı təhlükə yoxdur”
Bu barədə apa-ya Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov danışıb.
İftixar Qurbanov bildirib ki, Leyla Yunusun qaraciyəri ilə bağlı müayinələr aparılıb: “Aparılan müayinələr qaraciyərin funksiyasının normal olduğunu göstərir. Buna baxmayaraq iki-üç gündür Leyla xanıma yenə də tibbi xidmətlər və müayinələr təklif olunur. Lakin o, bundan imtina edir ” .
Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178-ci (Dələduzluq), 192-ci (Qanunsuz sahibkarlıq) və digər maddələr üzrə təqsirləndirilir.
Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanılan L. Yunusun vəkilləri noyabrın 26-da onun səhhətinin pisləşməsi barədə açıqlama yayıblar.