Bugünlərdə Edit Piafın bioqrafiyası əlimə düşdü. Kitabı onsuz da tez oxuyanam, amma bu bioqrafiya o qədər maraqlı idi ki, olduqca sürətlə oxuyub bitridim. Hərçənd, bəzi yerlərində dəhşətdən, bəzi yerlərində əsəbdən, bəzi yerlərində çox pis təsirləndiyimdən kitabı qatlamalı, bir az özümə gəlməli olurdum. Mən Piafın faciəvi həyatı barədə əvvəllər də məlumatlı olsam da, oxuduğum bu detallı biqorafiya məni çox pis sarsıtdı.
Xüsusilə “Paris əfsanəsi”nin uşaqlığını, yeniyetməlik dövrlərini əhatə edən hissələri oxuduqca, aldığım informasiyanı həzm etməkdə çətinlik çəkir, oxuduqlarımın gerçək olduğunu heç cür qəbul edə bilmirdim.
Əslində, bu sarsıntı olmamalı idi. Axı mən ağır uşaqlığın nə olduğunu təkcə Dikkensin, Qorkinin, Hüqonun əsərlərindən tanımıram. Uşaqlığın ən ağır üzü ilə də, heç zaman silinməyəcək, unudulmayacaq yaraları ilə də özüm tanış olmuşam. Hər dəfə Hindistanda səfalət içində yaşayan milyonluq əhalinin həyatını, məişətlərini, zibillikdə eşələnib pul qazanmağa çalışan körpələri görəndə belə bunlar mənə faciə, dəhşət kimi təsir etmir.
Çünki bundan daha betər həyatın böyütdüyü bir adam olaraq, bilirəm, elə bir ağır həyat mümkün deyil ki, insan öz iradəsi, zəhməti ilə onunla savaşdan qalib çıxa bilməsin.
Hər dəfə bu gün yaxşı yaşayan, özünü təsdiqləmiş, insan kimi gözəl keyfiyyətlərə, xarakterə sahib adamlarla tanış olanda və biləndə ki, bu adamlar ağır uşaqlıq keçiriblər, gözümün qarşısında o ağır illərdən bu adamı bu günlərə gətirib çıxaran yolu mexaniki olaraq, özüm təsəvvür edirəm, o yolu aydın görə bilirəm. İnad və zəhmət, diribaşlıq, səbr, möhkəmlik, dəmirdən-daşdan olan bir iradə…
Buna görə də, mən həmişə ağır uşaqlıq illəri yaşayan, o ağır illərdən aldığı həat dərslərini lazımi şəkildə istifadə edib, uğur qazanan adamların hekayətlərini eşidəndə, onlara kövrələrək deyil, heyranlıqla baxıram. Çünki kasıb, yoxsul, ağır, təhqirlər və çirk içində keçən uşaqlıq əslində kriminalın, narkomaniyanın, fahişəliyin, fırıldaqçılığın bazasıdır. Bu uşaqlığı həyat dərsi kimi qəbul edib, onu dəyərləndirən insanlar isə hörmətə, ehtirama layiqdirlər.
Bəs, nə idi məni Edit Piafın uşaqlığından sarsıdan? Niyə o səhnələr, o məlumatlar mənə belə dəhşətli təsir edirdi? Əslində, bunu hələ də tam anlamış deyiləm.
Uğursuz müğənni ilə küçə akrobatının əlaqəsindən doğulan Editi anası özü kimi küçə sənətkarı olan nənəsinə verir. Yaşlı, uğursuz, tənha nənəsinin evində saysız-hesabsız ev heyvanları, siçanlar, dovşanlar, it-pişik, kirpilər, quşlar arasında böyüyən körpə ağlı kəsər-kəsməz Parisin səfil həyatının bir parçasına çevrilir. Onun nənəsi xoşbəxtliyi ucuz şərablarda axtarırdı və tək içməmək üçün iki yaşlı körpəni tez bir zamanda öz qədəh yoldaşına çevirir. Dörd yaşına çatanda akrobat atası gəlib onu aparanda Edit xəstə, arıq və ucuz şərab qoxusu hopmuş cisimdən başqa bir şey olmur.
Atasının onu xilas edib təhvil verdiyi yer isə öz anasının evi idi. Və bu ev fahişəxanaydı. Daim səfərdə, küçələrdə olan akrobatın ürəyi qan ağlasa da, dörd yaşlı qızının fahişəxanada böyüməsinə razı olmaqdan başqa əlacı yox idi. Dəhşətlidir, hə? Dəhşətli olan bu deyil əslində. Dəhşətli olan odur ki, Edit uşaqlığının ən gözəl illərini bu fahişəxanada keçirir. Evin sakinləri, yüngül həyat qızları üçün, o qızları saxlayan nənəsi üçün Edit təmizlik və məsumluq simvolu olur. Hər kəs ona qulluq etməklə, onu əzizləmək və qorumaqla sanki öz günahlarından təmizlənmiş hiss edir özünü. Hamı onu yedizdirməyə, bir az kökəltməyə, korlaşmaqda olan gözlərini müxtəlif dərmanlarla yuyub, ağrılarını azaltmağa çalışır. Ona yemək yedizdirən fahişələr, qızı qucaqlayıb ağlayırlar. Hamı pərvanə kimi onun başına fırlanır.
Həyat onu bir də məşhur müğənni olduqdan sonra fahişəxanaya girməyə məcbur edir. İkinci Dünya Müharibəsi illərində alman zabitləri Parisi tutanda, qaz kəsilib, yanacaq qəhətə çevriləndə, şəhərin məşhur fahişəxanalarından birinin sahibəsi soyuğa xüsusilə dözümsüz olan müğənniyə evinin isti, gözəl mebellə döşənmiş dördüncü mərtəbəsini pulsuz verməyə razı olur. Və Edit müharibə bitənə qədər bu evdə, aşağı mərtəbələri fahişələr və müştəriləri, eyş-işrətlə dolu görüş evində yaşayır, burda qonaq qəbul edir, burda yaradıcı görüşlərini keçirir. Fahişəxana sahibəsi arada hətta Editə pul borc verir, onu zəli kimi soran tanışlarından qorumağa çalışır. Edit onun evindən köçəndən sonra isə deyir: “O, mənim fahişəxanamı sənət məbədinə çevirmişdi”. Bir müddətdən sonra Madam Billi bu evi qapayır və tək yaşamağa başlayır.
Tale Fransa tarixində ən məşhur, ən sevilən, ən heyrətli mügənnisinə cəmi iki dəfə uzunmüddətli rahat və arxayın həyat bəxş edir və hər iki yer fahişəxana idi.
Bəli, xoşbətliyin və rahatlığın harda olduğunu heç vaxt müəyyən etmək mümkün olmadığı kimi, gözəl əxlaqın və gözəl ürəyin də kimdə olduğunu bilmək olmur.
Kitabı oxuyandan sonra istər əsərin qəhrəmanının özü, istər onun ətrafı ilə öz ölkəmdəki sənət adamlarını, onların ətrafı, onlara olan münasibətlər arasında paralellik apardım. Bizdə öz həyatı barədə belə səmimi bioqrafiya yazılmasına razı ola biləcək sənət adamı tapmaq olarmı? Axı bioqrafiya həm də Editin xatirələri əsasında yazılıb.
Bizdə bir sənət adamının qiymətini bu cür verib, onun bütün qəribəliklərinə, fatal mahiyyətinə dözən, onu qorumağa, kömək etməyə çalışan insanlar ola bilərdimi?
Nəhayət, bizdə bir sənət adamının qiymətini bu dərəcədə verib, “O, mənim fahişəxanamı sənət məbədinə çevirdi” deyən Madam Billi qədər sənəti və sənatkarı anlayan, ona qayğı göstərən, himayəsinə alacaq varlılar, aristokratlar, iş adamları tapıla bilərmi?..