Ağsaqqal-ağbirçək söhbətlərindən zəhləm gedir. İnsana bilgilərinə, keyfiyyətlərinə görə yox, sadəcə yaşına görə qiymət verilib, hörmət qoyulmasının da tərəfdarı deyiləm. Amma 8 övladı, 30-dan çox nəvəsi olduğu halda, indi 78 yaşında tək yaşayan nənəmin çox sevdiyim bir sözü vardı, ağlım kəsəndən eşidirdim – “Ən varlı ev də pintidirsə, o ev bir az kasıbdır, ən kasıb ev də təmizdirsə, o ev bir az varlıdır”.
Həyatda vasvası insanları heç sevməsəm də, ədəbiyyatda ən sevdiyim obrazlar təmizkar, xüsusilə minimal şəraitdə təmizkarlıqlarını saxlayan insanlardır. Bimirəm, bunu mənə hansı duyğular diqtə edir, amma mənə həmişə elə gəlir ki, ədəbiyyatdakı o super-təmizkar insanlar təmizliklə öz kasıb və yığcam həyatlarına bir lüks qatmaqla yanaşı, həm də yaxınlaşmaqda olan bədbəxtliyin qarşısını almağa, fəhmlə duyduqları faciəni qovmağa çalışırlar. Zira, hardansa əminəm ki, ən pis bədbəxtlik ən pinti evləri sevir.
Alman yazıçısı Patrik Züskindin “Parfümer” və “Kontrabas”ın kölgəsində qalan və çox da məşhur olmayan, mənimsə bir sənətşünas dostumun məsləhəti ilə oxuduğum “Göyərçin” adlı balaca əsərində, qəhrəman ümumi, kommunal evdə həm mətbəxi, həm yuyunma otağını, həm salonu, həm yataq otağını əvəz edən balaca mənzil-otaqda yaşayır və müstəsna təmizkarlığını bu minimal şərtlər altında qoruyur. Züskindin qəhrəmanının bu dar otaqda, şəraitsizlikdə təmizkar, səliqəli qalması çadır şəhərciklərində, 4, 6 kvadratmetrlik çadırlarda təmizkarlıqlarını qoruyan, bədənlərini, paltarlarını, yatacaqlarını, hətta uşaqlarını son dərəcə təmiz saxlayan qadınları yadıma salır. Ölkələr və sistemlər, zamanlar və şərtlər nə qədər fərqli, amma insanların öz bədənlərinə bəslədikləri ehtiram hissi eynidir.
Züskindin qəhrəmanının dəmir kimi möhkəm həyat və iş qrafiki, bu qrafikə uyğun də təmizlik, səliqə-səhman vərdişləri var. Ta bir gün qapısının ağzına qonan Göyərçin öz həyat qrafikinə dəhşətli dərəcədə düşkün qəhrəmanı qəfil gəlişi, gözlənilməzliyi ilə hürküdüb, onu bir neçə dəqiqə yuyunmaqdan, bir neçə dəqiqə işdən yubadıb, evindən perik salana qədər. Gözlənilməzliyin, qəfil hadisələrin həyatımıza, gözlədik-gözləmədik, hər an soxula biləcəklərinə işarə vuran Göyərçini isə, eyni zamanda Avropa insanını narahat etməyin necə asan, onun şəxsi ərazi xəstəliyinin necə həssas olduğuna eyham kimi də qəbul edə bilərik. Mənim uşaqlığımın qəhrəmanları olan o təmizkar qadınlar isə köçəri, müvəqqəti, sürgün həyata və şəxsi əraziyə anbaan müdaxiləyə baxmayaraq, davam edirdilər öz bədənlərinə ehtiram ayinlərini…
Haruki Murakaminin “Norveç meşəsi” də təmizkar və vasvası qəhrəmanlardan xali deyil. Əsərin qəhrəmanı Vatanabenin yataqxana yoldaşı qaradinməzliyi, bozluğu və ən əsası da təmizkarlığı ilə seçilir. O, az danışır, yatağının üstündə eyni qəribə şəkli saxlayır, hər bazar günü otaqda yır-yığış edir və az ünsiyyətdə olduğu Vatanabe ilə ancaq təmizlik prosesində ünsiyyətdə olur. Səssiz-səmirsiz, Norveç meşəsinin qəhrəmanının həyatının fonu kimi yaşayıb, səssiz-səmirsiz çıxıb gedəndən sonra da, Vatanabeyə ondan daha heç vaxt tərk etməyən təmizlik vərdişi qalır. Vatanabe hər bazar günü otağını təmizləyir, yorğanını havaya verir və gecələr göy üzündə otaq qonşusunun çox sevdiyi işıldaböcəkləri axtarır.
Bəli, həssas insan üçün, həyat küləklərinin təsadüfən qovub onun yanına gətirdiyi və apardığı, heç bir emosional bağlılığı olmayan insanlardan da nəsə qalır – vərdişlər, xatirələr…
Elias Kanettinin dostum Seymur Baycanın tövsiyəsi ilə oxuduğum, oxuyandan sonra bərk peşman olduğum (mən o qəddarlığa hazır deyildim) “Korlaşma” romanının əsəbi və pedant qəhrəmani professor Kin də çox təmizkardır və intizamlıdır. O, sərt qrafiklə qidalanır, gəzintiyə çıxır, işləyir, yatır. Amma onun təmizkarlıq adlı ehtiram ritualı təkcə öz bədəninə qarşı deyil, kitablara qarşıdır. Kitablar pedant və qaraqabaq professorun müqəddəs bütləridir, qulluqçusunun əsas işi də xüsusi ehtiyatla hər gün bütün kitabların bircə-bircə tozunu almaqdır. Professor Kinin nəticədə evini əlindən alacaq xadiməsi ilə evlənməsinin səbəbi də kitablardır – hiyləgər qadın onun sevgisini qazanmaq üçün ağappaq əlcəklər geyinib kitabı vərəqləyir.
Amma professor Kinin bu ehtiram ayini onu qarşıdan gələn faciədən qoruya bilmir.
Ədəbiyyatda təmizkar, vasvası obrazlar çoxdur. Yazıçılıq instruksiyaları verən ədəbiyyat dərsliklərində xüsusi vurğulanan pintiliyin, xüsusi vurğulanan təmizkarlığın da obrazın maraqlı, özünəməxsus və yaddaqalan olması üçün işlədilən yazıçı fəndlərindən biri olduğu qeyd olunur. Mənə isə bu obrazlar kasıblıq və məhdud şərait içində belə öz şəxsi ərazisinə, öz bədəninə olan ehtiramını qoruyub saxlamağa çalışan, hər tərəfi təmiz saxlamaqla qarşıdan gələn faciəni özündən qovmağa çalışan insanların ümid və mübarəzisinin simvollarıdır.
Evinizi təmiz saxlayın. Bədbəxtlik pinti evləri sevir.