Dünən gecə aldığım 2 xəbər məni yatmağa qoymurdu, boğurdu elə bil. Yatağımdan qalxdım, dedim bunları yazmalıyam, amma hansı birindən başlayım, o qədər dərdimiz var. Uzun yazırsan, deyirlər çürükçüdür, qısa yazırsan, olanları sığışdırmaq olmur bir köşə yazısına.
İstanbulda Orhan Pamukun “Masumiyyet müzesi” romanının əsasında yaradılmış eyniadlı müzey var. Çox təkidlə deyirəm ki, İstanbula gedəndə mütləq orda olun, ədəbiyyatı yaşadıblar, can veriblər bir evdə, romana elə bil qan, ölümsüzlük şərbəti veriblər və deyiblər ki: “Ədəbiyyat yaşasın, onun məhvi bir xalqın məhvi deməkdir.” Həm də orda bir stend var idi, orada Orhan Pamukun əsərlərini necə yazmasını sərgiləyirdilər. Onun əl yazılarına baxdım, heyrətlənməmək mümkün deyildi. Yazar romanlarını sxemlərlə yazırdı, hə hə bildiyiniz həndəsi fiqurlar filan. Yəni sözlərdən çox sxemlər var idi və yazar bunları çəkdikdən sonra ən son bunları cümlələr halına gətirib, kitaba köçürürmüş. Mən özümə yazar demirəm, nə də Nobel mükafatı almış Orhan Pamuk deyiləm. Sadəcə dedim, yoxlayım onun üsulunu. Mən də götürdüm bir kağız, qələm, başladım sxemlər çəkməyə..
Dördbucaq çəkdim, ortaya 23 il yazdım, bucaqlara da bunları yazdım, “Təhsil, Səhiyyə, Ordu, Hüquq sistemi.” Sonra dedim indi bunları yazıya köçür, belə bir şey alındı:
Təhsilin gəldiyi son vəziyyət belədir, hər seçkidə tumanlarından bülleten çıxaran müəllimələr kim, pul ilə universitetə qəbul olan tələbələr kim, bayramlarda şirinlik üçün hər cildə girən kim… Pulsuz müəllimliyə qəbul olmaq mümkünsüz kimi bir şeydir, qəbul olsan da, səni göndərirlər ən ucqar kəndə, bu cəza kimi nəzərdə tutulur sistemdə. Pul verməmisən, indi çək əziyyətini o bərbad gündə olan məktəblərdə.
Səhiyyə sistemindən bir misal verim. Çox yaxın qohumumun yenicə uşağı doğulmuşdu, dövlət xəstəxanasında dedilər bu uşaq öləcək, heç bir yerə də göstərmək lazım deyil, uşağı ölümə tərk etdilər. Valideynləri ümid kimi Bakıdakı özəl klinikaların birinə gələn müvəqqəti yunan həkimə göstərdilər, uşağı əməliyyat elədi və uşaq sağaldı, top kimidir indi. Seymur Baycan demişkən, bu ağ xalatlı cəlladlarla doludu səhiyyə sistemi, xalatlarının hər tərəfinə cib tikərlər utanmasalar. Hökumət də bu cəlladların arxasında dağ kimi dayanır, ölkədə saxta dərmanlarla bilərək xalqı qırırlar. Müəllim və həkim ölkədə ən az maaş alır, amma hökumətlə elə qucaqlaşıb, bir yerdə xalqı məhv edirlər ki, qalırsan mat-məəttəl. Elə bil bunlara az maaş verən xalqdır, həm təhsilini, həm canını oğurlayırlar xalqın.
Orduda hər il 100-ə yaxın hərbçi həyatını itirir, çoxu da qeyri-döyüş şəraitində. 23 ildə 1 santimetr torpaq da alınmayıb, hər il nəsə ciddi siyasi oyun olanda ölkədə, cəbhədə vəziyyəti bilərəkdən qızışdırırlar, yazıq kasıbın balası da orada şəhid olur, bunların siyasi oyunlarının qurbanı olur. Ölkədə 23 ildir bu vəziyyəti saxlamaqda səbəb, bir şey olan kimi “Qarabağ boyda dərdimiz var” deyib, insanları yerinə oturtmaqdı. Qarabağ boyda dərdləri filan yoxdur, teatrdır hamısı, dərd orduda əsgərin yeməyindən oğurlamaqdır, maaşını əlindən almaqdır, əsgəri, zabiti ən hörmətsiz vəziyyətdə saxlamaqdır, kasıbın balasını qabağa verib, azca pul verənin balasını hərbiyə aparmamaqdır dərd. “Əsgərimiz ölməsin!” deyən, 8 gəncin həyatının ən gözəl illərini oğurlayıb, şərləyib həbsə salmaqdır dərd.
Azərbaycanda hüquq ayaqlar altındadı, insan hüquqları sıralamasında dünyada ən sonlardayıq, 100-ə yaxın siyasi məhbus var, məhkəmə sistemi iflic, sifarişlə, zənglə qərarlar çıxarır, pulun varsa, hüquq sistemində işin gedir, yoxdusa öldün, batdın məhkəmə yollarında. Özüm hüquq bitirmişəm, bu barədə nə qədər istəsəm, uzada bilərəm amma keçirəm yazının əsas məğzinə.
Dünən 1 şairi, hökuməti həmişə satirik şerlərlə tənqid edən Tofiq Həsənlini oğurlayıb, həbs ediblər. Sonra isə xəbər tutduq ki, hökuməti yazılarında tənqid edən şair-yazar Günel Mövludun 2 qardaşını məşhur şərləmə maddəsi narkotiklə həbs ediblər. Özü ölkədə olsa, əminliklə deyərdim, özünü həbs edərdilər, çünki o əxlaq onlar da yoxdur ki, qadını şərləməsinlər, 2 qadın siyasi məhbusumuz var.
Məsələ nədir, bunlar yuxarıda sadaladığım hər şeyin sonuna çıxıblar 23 ildə, indi keçiblər ədəbiyyata. Artıq xalqın varlığını qoruya biləcək tək qalası ədəbiyyatı da oğurlamaq istəyirlər ki, məhv olaq, gedək. Əslində ədəbiyyatı oğurlamağa çoxdan başlayıblar, hər dəfə yazıçılar birliyinə seçkidə məddahlıq etdirməklə, yazarlara siyasi sifarişlə yazı yazdırmaqla. İndi də keçiblər açıq repressiyaya.
Günel Mövludun futbol haqqında fikirlərini sevməsəm də, o, ədəbiyyatçıdır, ədəbiyyatda fikirləri vacibdir. Hələ ki, bir iki dik duran, Anarın əlinin altında məddahlıq etməyən yazıçılarımız qalıb, onları qorumaq lazımdır. Ədəbiyyatı məhv olmağa qoymaq olmaz, heç çar rusiyası, Stalin məhv edə bilmədi.. Dik dur, Ədəbiyyat, möhkəm ol, az qalıb!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…