Ədəbiyyat və həyat

Sintetik ədəbiyyat nümunələri

Source:

Bir müddət əvvəl İsveç Akademiyasının üzvü, ədəbi tənqidçi Horace Engahlin müsahibəsində dediyi fikirlərlə tanış oldum. Bu adam  Ədəbiyyat üzrə Nobel Mükafatının qalibini seçən 18 nəfərlik İsveç Akademiyasının üzvüdür. Deyim ki, bu adamı əvvəllər tanıyırdım, izləyirdim, yalan söyləmiş olaram. Tanımamışam. Hərçənd özümü tanımış kimi göstərə bilərəm. Guya bu adamın indiyə qədər xeyli müsahibələrini, məqalələrini oxumuşam, filan məsələdə düzdü, filan məsələdə səhv düşünür. Bu fikriylə razıyam, filan fikriylə razı deyiləm. Bunu etmək asandı. Sadəcə  özünü olduğundan ağıllı  göstərənlər axır-əvvəl  gülüş hədəfinə çevrilirlər. “Bilmirəm” sözünü rahatlıqla demək, “bilmirəm” sözünü  deməkdən  utanmamaq , qorxmamaq nə qədər mütaliə, müşahidə və həyat təcrübəsi, zəhmət  tələb edirmiş.

Əvvəllər tanımadığım bu tənqidçi müsahibəsində xeyli dəyərli fikirlər səsləndirib. Mətni tapıb tanış ola bilərsiniz. Xüsusən yazarlar və kəskin ədəbiyyat azərkeşləri üçün tövsiyə olunur. Ona görə də, tənqidçinin fikirlərinin üzünü bura köçürməyəcəm.  Öz tərəfimdən deyə bilərəm ki, tənqidçi (adı dilimə yatmır, ona görə yazmıram)  fikirlərində tam haqlı idi.  O, deyir ki, yazıçılıq fəaliyyətlərinin süni şəkildə kurslar tərəfindən  peşakarlaşdırılması ədəbiyyatı cəmiyyətdən təcrid edir. Adamlar ədəbiyyat vasitəsi ilə cəmiyyətin müxtəlif təbəqələrindən məlumat ala bilmirlər. Əvvəllər adamlar bədii əsərlər vasitəsi ilə cəmiyyətin müxtəlif təbəqələrinin həyatından xəbər tuturdular, məsələn Cek London, Qorki, Kuprin, elə olsun Corc Oruell və digərləri (adlarını bir-bir sadalasaq bütün göllər mürəkkəb, bütün meşələr qələm olsa, yenə də bizə çatmaz) müxtəlif peşələrlə məşğul olmuş, həyatın hər cür üzünü görmüşdülər. Yazdıqları əsərdə müxtəlif peşə sahiblərinin həyatından reportaj yazırdılar. Onların qayğılarını, arzularını gündəlik həyatlarını canlı olaraq təsvir edirdilər. Çünki öz gördüklərini, yaşadıqlarını qələmə alırdılar. İndi oxucu tutmağın, cəmiyyətdə ad qazanmağın yollarını öyrədən xeyli kitablar, kurslar  var. Yazıçılar bu biclikləri öyrənib həyatla çox da tanış olmadan nəsr əsərləri yazırlar, şöhrət qazanırlar. Mükafatlar alırlar.  Dünyada gedən proseslər haqqında çox yazmaq olar.

Özümüzdən danışaq. Keçək özümüzə.  Bəs bizdə vəziyyət necədi? Bizdə də artıq belə sintetik ədəbiyyat nümunələri yaranmaqdadı. Artıq bir neçə belə romanla tanış olmuşam. Hiss olunur ki, müəllifləri menecerlik sənətini az-çox öyrəniblər. Hadisələr isə tamam başqa məkanlarda cərəyan edir. Bu kitablarda hər cür düşüklük , səviyyəsizlik, üstəlik yersiz lovğalıq, bünövrəsiz yekəbaşlıq var. Müəllif elə bilir ki, o artıq bütün həqiqətləri dərk edib. Sevgi nədir, azadlıq nədir, həyat nədir, ölüm nədir suallarına cavab tapıb.  Kitablarda coxlu yersiz didaktika olsa da həyatdan, həyatın özündən əsər-əlamət yoxdu. Xüsusən, bizim həyatımızdan. Belə görünür ki, bu cür kitablar çox yazılacaq. Afrikada, Amerikada, Yaponiyada, Hindistanda  baş verən hadisələrdən bəhs edən kitabları yazan, böyük sirrləri açan  adamlar isə öz xalqını, həyatı tanımayacaq.  Ola bilsin, onlardan biri hətta  hardasa kənarlarda tanınsın, mükafat alsın. Hər şey ola bilər. Elə tənqidçini də narahat edən budur. Sintetik ədəbiyyat hər tərəfi bürüməkdədi. Bəs o birilər? O kəslər ki, bu cür sintetik ədəbiyyatı ədəbiyyat hesab etməyib özlərini əsl ədəbiyyat yaradan adamlar hesab edirlər. O kəslər ki, bununla etibarlı bir zirehə büründüklərini hesab edirlər. Qaraqanı, Çingiz Abdullayevi, Varisi, Elxan Elatlını, Elçin Səfərlini yazıçı hesab etmirlər.

Bizdə nəsr ənənəsi ötən əsrin əvvəllərində yaranıb. Bu ənənəni yaradan adamların işi təkcə yazmaq deyildi. Onlar həm də jurnal buraxmalı idilər. Jurnalı da buraxmağa pul yox. Ətrafda cəhalət tüğyan edir. Hər tərəfdən lənət, hədə-qorxu yağır. Yaxınlarda Ömər Faiq Nemanzadənin xatirələrini oxudum və o dövrün ağırlığını bir daha hiss etdim. Xalq savadsız. Ənənənin əsasını qoyursansa, deməli, problem boğaza qədərdi. Sən hələ bu məhsulun istifadəçisini yaratmalısan. Xalq oxuma-yazma bacarmır. Qol çəkə bilmir.  Bu mövzuda “Ənənənin gücü” adlı yazı yazmışam. Maraqlananlar tapıb oxuya bilərlər. Sovet hakimiyyəti gəldi. Ənənəni yaradan bu adamlara sovet höküməti ilə işləmək təklif olundu. Onlara dedilər ki, sizin köməkliyinizə ehtiyac var. Bu həssas günlərdə kənarda qalmayın. İşləyən işlədi. Bəziləri könüllü, bəziləri könülsüz. Qaçan qaçdı. Qalan qaldı. Qalanlardan bəziləri elə əvvəldə sındı. Məmməd Səid Ordubadi gedib oturmuşdu Molla Nəsrəddin jurnalında senzorluq edirdi. Bəziləri vaxtında öldü. Mən bilmirəm, Mirzə Cəlil, Cabbarlı sağ qalsaydi 37-də hansı biabırçılıqlar olacaqdı. Bir çoxları güllələndi. Sürgün olundu. Acından öləni də oldu. Bir çoxunun adına elə ləkələr düşdü ki, onlar  ömürlərinin sonuna qədər bu ləkələri yuya bilmədilər. Hətta övladları da  nə qədər çalışsalar da, onların başqa tərəflərini ha qabartsalar da bu ləkələri yuya bilmirlər. Səməd Vurğun Azərbaycan ədəbi dilinin yaranmasında müstəsna rol oynadı, bununla belə 37-dən sağ çıxmağı ona bağışlanılmır.

Keçdik sosrealizm dövrünə. Milan Kundera demiş, konservləşdirilmiş romantikaya. Şən və gözəl qızlar tarlada pambıq yığırlar. Orda təmiz məhəbbət, səmimi dostluq, zəhmətə vurğunluq, ideyaya sadiqlik var. Arada kimsə soçkovatlıq etmək istəyir, su bulandırır, onu da ifşa edirlər, ağıllandırırlar, o da öz əməllərinə görə peşman olur, düzələcəyinə söz verir. Olmasın tarla, olsun zavod. Yaxud fabrik.  Lap olsun tikinti. İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”nı oxuyun, dövrün mənzərəsi beyninizdə canlanacaq. Hərçənd ədalət naminə bu adamın “Geriyə baxma, qoca” adlı dəyərli bir əsər də yazdığını qeyd etməliyəm. Belə bir ziddiyyət. Ta o istidə pambıq yığan qızların həqiqi həyatından, taleyindən, zəhər udmaqlarından söhbət belə gedə bilməzdi. Bu   sicilləmələri yazan yazıçılar qonorar alır, hökümət tərəfindən evlə  təmin olunurdular. Əsərləri böyük tirajlarla nəşr edilirdi. Əvvəlcə hissə-hissə jurnallarda, sonra kitab şəklində. Bu kitablar hər yerə gedib çıxırdı. Hətta gəlib mənim xalalarımın əlinə də düşmüşdü. Müəlliflər isə orda-burda dincəlirdilər. Bütün günü ora-bura səfərə gedib yeyib-içirdilər. Çıxışlar edirdilər. Nə bilim, Qazaxıstanda Abayın neçə illiyi keçirilir. On beş respublikadan və mədəniyyət mərkəzlərindən, institutlardan, müxtəlif yaradıcı birliklərdən bir sürü heykəltaraş, rəssam ,yazıçı, şair yığışır ora, hadisə yerinə, saatlarla danışırlar məruzələr edirlər. Nə bilim, biri Abayın  rəsmini çəkib, biri heykəlini düzəldib. Biri haqqında roman yazıb. Biri filmini çəkib. Biri tərcümə edib. Biri haqqında monoqrafiya yazıb. Bunların hamısı bir yerə yığılanda bir qatar adam alınır. Üstəlik, bunların yanında fırlananlar. Partiya işçiləri. Əlaqədar təşkilatların rəhbərləri, jurnalistlər, çəkənlər, yazanlar, göstərənlər… Əsl  həngamə.

Orda məclisi yola verirlər. Sonra gedirlər Türkmənistana. Məhtimqulunun neçə illiyini keçirməyə. Sonra gedirlər  Gürcüstana. Orda Şota Rustavelinin, nə bilim, neçə illiyi keçirilir. Bir ay da orda fırlanırlar. Sonra gedirlər Ermənistana. Orda da kiminsə ad gününü eyni qaydada qeyd edirlər. Sonra gəlirlər Azərbaycana. Burda da Nizamidən, Füzulidən, Molla Pənah Vaqifdən, Vidadidən-filandan birini  tapıb, ona da ad günü keçirirlər. Bəzən yerin və ad gününü qeyd etdikləri adamın, həmin adamın mənsub olduğu xalqın əhəmiyyətinə, çəkisinə  uyğun olaraq  məclislərin miqyası dəyişirdi. Məsələn, tutaq ki, Şota Rustaveli ilə  hansısa Orta Asiya şairi Kaldımbayın  ad günü münasibəti ilə təşkil olunmuş həngamənin miqyası eyni ola bilməzdi. Çünki gürcülərlə Kaldımbayın mənsub olduğu xalqın sovetdə tutduğu mövqe eyni deyildi. Bu məclislərin iştirakçılarının  imtiyazları var. Çünki həm də yazmaqla bərabər həm də hardasa işləyirlər. Biri qəzet, başqası jurnal redaktorudu, şöbə müdiridi, bir başqası institutda dərs deyir . Bəziləri deputatdı. Qərəz, bu imtiyazlara görə xalq onlara hörmət etməyə borcludu. Əsərlərinə filmlər çəkilir. Dərsliklərə salınıb. Ən azı qiymət almaq üçün adamlar oxumalıdırlar. Böyük çoxluğu intellektual avaraçılıqla məşğul olan bu adamlar  sicilləmə yazırdılar. Onaları imtiyazlarla təmin  edən, mükafatlarla yemləyən  quruluşu, partiyanı tərənnüm edirdilər.

Bununla belə onların hamısının üstündən xətt çəkmək olmaz. Bir neçəsini oxumaq olar. Hamısını yox. Əvvəla, bu nəslin nümayəndələri xalqın içindən çıxmışdılar. Ona görə bəzilərinin  əsərlərində həyat fakturası boldu. Üstəlik, Azərbaycan dilinin bir çox xüsusiyyətlərini onların əsərlərindən öyrənmək olar. Bu nəslin yazdıqları gülüş hədəfinə çevriləndə, artıq həm əsərlər və həm də əsərlərin müəllifləri haqqında lətifələr yarananda, səhnəyə 60-cılar nəsli çıxdı. Bu proses nəticəsində köhnə nəslin yaratdığı uğurlu nəsr nümunələrinə qarşı da maraq söndü, bu əsərlərin və yazıçıların müsbət bədii dəyərləri də unuduldu. Bir-iki fakt sadalayaq. Məsələn, Əli Vəliyev Horadizdə muzdur olmuşdu, sonra “Kommunist” qəzetinin baş redaktoru oldu. Bu adam həyatın hər bir üzünü görmüşdü. Ona görə onun əsərlərində həyat fakturaları boldu. Obrazlar ideoloji nöqteyi nəzərdən süni, yalançı görünsələr də, canlıdırlar. Bu adamlar çoxlu atalar sözləri bilirdilər. Xalqı tanıyırdılar. Məsələn, Mirzə İbrahimovun “Gələcək gün” əsəri dəyərli bir əsərdi. Yaxınlarda Cəmil Əlibəyovun “İlk məhəbbət” əsərini oxudum. Adi çox bayağı olsa da, o 30-cu illər, müharibə zamanı arxa cəbhədə baş verənlər haqqında  çoxlu məlumatlar vardı . Məsələn, müəllif yazır ki, ədəbiyyat müəllimimiz girirdi sinifə, pəncərədən baxırdı bayıra və bizə deyirdi:

– Açın filan səhifəni, ordakı şəkili qaralayın.

Dünən şerini əzbərləyib qiymət aldığımız adamı qəfildən xalq düşməni elan edirdilər. İndi hadisə nəql edilən kimi olub-olmayıb bu başqa məsələ. Təsvirin özü çox əladı. Əsərdə  bir çox yersiz hadisələr nəql olunsa da, yersiz təfərrüatlara varılsa da, bəzi təsvirlərdən həzz aldım. Maraqlı ifadələrlə rastlaşdım.

60-cılar nəslinin səhnəyə çıxmasını zaman özü şərtləndirmişdi. Bu haqda “Siçovulun canavara çevrilməsi” adlı yazı yazmışam, təfərrüatı ilə tanış olmaq istəyənlər tapıb oxuya bilərlər. Bu nəslin nümayəndələri maraqlı görünsələr də, adamlara maraqlı təəssürat bağışlasalar da, son dərəcə məzmunsuz, süni, başdan-başa saxta, həyatdan xəbərsiz   adamlar  idilər. Ona görə də,  başdan-başa saxta, süni, həyatla heç bir bağlılığı olmayan əsərlər yazırdılar. O dövrdə çoxlu sintetik nəsr nümunələri yarandı. Bu əsərlərə  də filmlər çəkilirdi. Müəlliflər kurortlarda dincəlirdilər. Sovet imperiyasının çökməsi nəticəsində bu adamlar təbii hallarına gəldilər. Onların qumdan düzəldilmiş bir heykəl olduqları bəlli oldu. Bu cür heykəllərə əl vuranda dağılır. Öz məzmunsuzluqlarını və istedadsızlıqlarını sovetdən sonra yazdıqları əsərlərlə sübut etdilər. Xalqı aldatmağa müvəffəq olsalar da, özləri özlüklərində qumdan qayrılmış heykəl olduqlarını bilirdilər. Məhz bu səbəbdən bu qum heykəllər bir-birlərini dəstəkləyirdilər. Biri o birisinə kiminsə əlinin toxunmasına imkan vermirdi. Bilirdilər ki, biri uçanda, o birisilər də uçacaq.

Buna görə, qumdan düzəldilmiş tarixçi Cəmil Həsənli, qumdan düzəldilmiş yazıçı Anar fərqli-fərqli siyasi düşərgəyə mənsub olsalar da, bir-birlərini qorumağa məhkumdurlar. Məhz bu səbəbdən fərqli siyasi düşərgəyə mənsub adamların bir sırada dayandıqlarını görürük. Bu sırada Rəhman Bədəlovdan tutmuş Zeynal Məmmədliyə, İsa Qəmbərdən  Arif Hacılıdan, Razi Nurullayevden tutmuş Cavanşir Quliyevə, Əli Kərimlidən tutmuş Fikrət Qocaya   qədər hər cür adam görmək mümkündü. 60-cılar nəslinin nümayəndələri öz məzmunsuzluqlarının ortaya çıxmasından həyəcanlanaraq  öz keçmişlərini,  tirajlarını, özlərinin və bəziləri hətta atalarının bioqrafiyalarını açıq-aşkar bazara çıxararaq özlərini satmağa müvəffəq oldular. Yaradıcılıqdan daha çox öz keçmiş tirajlarını kapitala, pula cevirməklə  məşğul olduqlarından kahinə çevrildilər. Onların bu metodunu mənimsəyən bir neçə adam da sonradan tez-tələsik bu dəstəyə qoşularaq hökümətdən deputat mandatı, mükafat, təqaüd, vəzifə almağı bacardılar. Yetim-yesir jurnalistə, tənqidçiyə qonaqlıqdan-filandan verib, özlərini təriflətdirdilər. 60 –cılara tələm-tələsik sonradan qoşulanların  bəzilərinin sırf maddi baxımdan  təqaüdə ehtiyacı yoxdu. Özləri və ya övladları kifayət qədər gəlirli işlərlə məşğul olsalar da, sadəcə saraydan gələn təqaüdün sakrallığını anladıqlarından, bu təqaüdün adamlar arasında istər-istəməz  hörmət doğurduğunu bildiklərindən  saraydan aldıqları ənam onlar üçün çox əzizdi.

Tomas Vulf deyirdi:- Yaddaş yazıçının ən böyük sərvətidi. Söz belə yadımda qalıb. Bəs bizim gənc və yaşlı yazıçılarımız bu sərvətdən  necə istifadə edirlər? Yaşlılar tam hakimiyyətdən asılı vəziyyətdədirlər. Vəzifələri, imtiyazları var. Uşaqları büdcə təşkilatlarında işləyir. Təqaüd verirlər, təqaüd alırlar. Ona görə ölkədən, hakimiyyətdən, xalqdan heç bir yazılı və şifahi narazılıq edə bilməzlər. Məmur kürsüsündə əyləşən adamı iki aqibət gözləyir. Olum və ölüm.  Onlar keçmişdən də  yaza bilməzlər. Çünki keçmişi heç yada salmaq istəmirlər. Bu onlara sərf etmir. Bu günü də görmək istəmirlər. Gözlərini yumublar, qulaqlarını tutublar. Bəs o zaman nə yazmalı? İtdən və pişikdən. Reallıqdan uzaq, pafoslu, saxta, süni əsər yazmaqdan savayı əlacları qalmır. Məclislərdə də həmişə nədənsə narazıdırlar. Ən uzağı deyəcəklər ki, xalq kitab oxumur. Özləri də hərəsi bir vəzifə sahibidirlər. Yazdıqları  sicilləmə bir yana, xalqa kitab oxutdurmaq onların vəzifəsidi. Xalq kitab oxumursa, deməli onlar vəzifələrini yerinə yetirmirlər. Onlar mövcud hakimiyyətin tərkib hissəsidirlər. Mövcud vəziyyətin bu dərəcədə bərbad gündə olması həm də onların günahıdı, bu vəziyyətin yaranmasına görə onlar cavabdehdirlər. Yaşlı nəslin nümayəndələri əslində nə yazmağı bilirlər. Sadəcə azad deyillər.

İmtiyazlar, mükafatlar onları zəncirləyib. Bir yazıçı kimi öz nəfslərinin qurbanlarına çevriliblər. Xalq kitab oxumur deyəndə, onlar əslində xalq bizim kitabları oxumur demək istəyirlər. Onlar həm yaxşı yaşamaqla bərabər , həm qayğıkeş ata, vəzifə, imtiyaz sahibi, həm də qəhrəman olmaq istəyirlər.  Həyatlarına yaşayış tərzlərinə, tutduqları yola uyğun gəlməyən  kədərli və düşüncəli pozalara düşürlər.  Özlərini elə göstərirlər ki, guya düşünürlər, bəşəri iztirab çəkirlər, amma fotolarına və sifətlərinə baxanda hiss olunur ki, tacir təfəkkürlü  bu intellektual lakeylər beyinlərində  pulu hesablayırlar. Hakimiyyətə yarınmaq və hakimiyyətə öz etibarlılığını, lazımlılığını  sübut etmək üçün yollar və süjetlər axtarırlar. Ötənlərdə xeyli böyük insanların memuarlarını oxudum. Onlar nəyinsə üstündən  ( ya ailənin, ya qohumların, ya dinin, ya ölkənin, ya da xalqın, ya da öz şəxsi həyatlarının) birdəfəlik xətt çəkməklə böyük olmağı, bir ömürdə bir neçə adamın ömrünü yaşamağı  bacarıblar.   Axırda olacaq hadisələrin əvvəldə olmasını istəyiblər. Prosesi sürətləndiriblər. Bizim yaşlı nəslin nümayəndələri azad ola bilmədikləri üçün yazdıqları da azadlıq havasından uzaqdır. Onların əsərləri əsərdən daha çox lotoreya biletinə oxşayır. Uduş düşərsə, lap yaxşı.

Əsərlərdə enerji yoxdu. Pafos baş alıb gedir. Gənc nəslin nümayəndələrinin isə ayaqları yerə dəymir. Göylərdə uçurlar. Ətraflarında mövzu qaynayır, onlar isə nəsə əndrabadi əsərlər yazırlar. Sadə görünməkdən qorxurlar. Həyat qalıb kənarda, özlərindən əhvalatlar quraşdırırlar, hekayələr uydururlar. Biz böyük bir tarixi hadisənin şahidi olmuşuq. İmperiyanın çöküşünü görmüşük. Bu cür tarixi bir hadisə bizim ədəbiyyatımızda görünmür. İki səbəbə görə. Yaşlılar azad deyillər. Yaza bilməzlər. Gənclər isə öz təcrübəsizliklərindən bu tarixi hadisənin əhəmiyyətini hiss etmirlər. Halbuki, sovet dövründəki və sovetdən sonrakı həyat mənzərələrini özündə əks etdirən heç şedevr olmasın, ortabab salnamə tipli bir bədii əsər də dəyərli mənbəyə çevrilə bilər.

Ana səhifəMənim FikrimcəƏdəbiyyat və həyat