ECPMF ad gününü həbsdə qeyd edən jurnalist Aytac Tapdıq barədə bəyanat yayıb

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF) həbsdə olan jurnalist, Meydan TV-nin əməkdaşı Aytac Tapdıq (Əhmədova) barədə bəyanat yayıb.

Bu gün jurnalist Aytac Tapdıq doğum gününü həbsxanada qeyd edir.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saxlanılıb. 

Bir gün sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

“Meydan TV işi” ilə bağlı həbslər 2024-cü ilin dekabrından başlayıb.

Ümumilikdə bu iş üzrə 11 nəfərə cinayət işi açılıb.

Onların hamısı qaçaqmalçılıqda ittiham olunurlar. Hazırda istintaq davam edir.

ECPMF bu gün yaydığı bəyanatda Aytac Tapdığın və həbsdə olan digər jurnalistlərin azadlığa buraxılmasını tələb edib:

“Bu gün jurnalist Aytac Tapdığın 32 yaşı tamam olur. O, sadəcə öz işini gördüyünə görə Azərbaycanda haqsız yerə həbsdə saxlanılır.

2024-cü ilin dekabrında həbs olunduğundan bəri Aytac psixoloji təzyiqlərə, dövlət tərəfindən aparılan qarayaxma kampaniyalarına məruz qalıb, əsas hüquqları pozulub – o cümlədən nişanlısından zorla ayrılıb”.

Təşkilat həbsdə olan jurnalistlə həmrəy olduğunu qeyd edib.

“ECPMF Aytacla həmrəy olduğunu bildirir və Azərbaycan hakimiyyətini onu dərhal azad etməyə, müstəqil jurnalistlərin təqibinə son qoymağa çağırır”– bəyanatda belə deyilir.

Ana səhifəSiyasətECPMF ad gününü həbsdə qeyd edən jurnalist Aytac Tapdıq barədə bəyanat yayıb