“…yol kənarında, rayon bazarları və restoranlarda satılmasına qarşı reydlər keçirilmir”
Ekoloji problemləri gündəmə gətirən “Ecofront” səhifəsi bu dəfə aidiyyatı qurumlara nəsli kəsilmək təhlükəsi olan quşların ovlanması ilə bağlı müraciət edib.
Səhifə yazır ki, Qırmızı Kitabda olan quşların və heyvanların qanunsuz ovlanaraq yol kənarında, rayon bazarları və restoranlarda satılmasına qarşı reydlər keçirilmir.
“Biz aidiyyatı qurumları bu təcrübənin qarşısını almağa çağırırıq. İctimaiyyətdən isə bu çağırışa qoşulmağı gözləyirik”.
“Ecofront” bildirir ki, Qırmızı Kitaba düşən növlərin qorunmasına Azərbaycan dövləti Konstitusiyada nəzərdə tutulmuş zəmanət verir.
39-cu maddədə deyilir ki, ovlanması qadağan edilmiş və Qırmızı Kitaba düşən növlərin qanunsuz ovlanması dəymiş ziyanın məbləğindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu da Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə tənzimlənir.
Qeyd olunan cinayət əməli CM-in 258.2.2, 258.2.3, 258.2.4 maddələri üzrə ictimai təhlükəli nəticələrin baş verib-verməməsindən asılı olmayaraq, həmin əməllər törədildiyi andan başa çatmış hesab edilir.
Daha öncə xarici turistlərin Azərbaycanda qanunsuz ovla məşğul olması ilə bağlı görüntülər yayılıb. Həmin video və fotolarda nadir quşların ovlanması, daha sonra da qənimət kimi təqdim edilməsi göstərilib.
Belə məlumatlar ictimailəşəndən sonra rəsmi qurumlar cərimə tətbiqi ilə bağlı məlumatlar yayıblar, lakin oxşar halların qarşısı alınmır.