Əcnəbi iş adamları üçün güzəştlər tətbiq olunacaq

Natiq Cəfərli: ”Azərbaycan hökuməti həmişə olduğu kimi problemin həllinə kökündən deyil, üçüncü, beşinci dərəcəli məsələlərdən başlayıb”

Source:
MM foto sosial şəbəkə
MM foto sosial şəbəkə
MM foto sosial şəbəkə
MM foto sosial şəbəkə


Natiq Cəfərli: ”Azərbaycan hökuməti həmişə olduğu kimi problemin həllinə kökündən deyil, üçüncü, beşinci dərəcəli məsələlərdən başlayıb”

Əcnəbilərə və ya vətəndaşlığı olmayan işadamlarına Azərbaycan ərazisində yaşamaq və işləmək izni ilə bağlı güzəştlər tətbiq olunur.

Milli Məclisdən APA -ya verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə bununla bağlı Miqrasiya Məcəlləsinə əlavələr təklif edilir.

Layihəyə əsasən, məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə görə, Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşama icazəsi veriləcək.

Məcəllənin 64-cü (İş icazəsinin alınması tələb olunmayan hallar) maddəsinə təklif edilən əlavəyə görə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, yaxud Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərdən işləmək üçün icazənin alınması tələb olunmayacaq.

Təklif olunan digər əlavəyə görə də Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi, yaxud təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə də bu tələblər irəli sürülməyəcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.

Layihənin ölkəyə investiyaların cəlbi ilə bağlı olduğunu Meydan TV-yə söyləyən iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda investisiya mühiti bərbad durumdadır: “Əsasən Türkiyədən gələn iş adamları oturum, iş izni almaq və uzun müddət ölkədə qalmaq problemlərilə rastlaşırlar. Ola bilər ki, onların problemlərinin daha asan həll olunması, ya da gələcəkdə müəyyən beynəlxalq tədbirlərdə bu problemin aradan qalxdığını elan etmək üçün sözügedən dəyişikliklər həyata keçirilir”.

Natiq Cəfərli foto Meydan TV

İş adamlarının ölkədə oturum izni alması, yaxud uzun müddət qalması kimi məsələlərin həllini pozitiv sayan iqtisadçı hesab etmir ki, Azərbaycanda investisiya mühitinin problemi yalnız iş və oturum iznilə bağlıdır: “Əsas problem rəqabətsizlik mühitidir, qanunların tam gücü ilə işləməməsidir, vergi və gömrük orqanlarının yaratdığı əngəllərdir. Eyni zamanda, məhkəmələrin azad olmaması, mülkiyyət toxunulmazlığının qorunmasındakı problemlərdir. Bunlar həll olunduqdan sonra iş adamlarının oturum və yaşamaq izni almaq kimi məsələlərin həlli daha məntiqli olardı. Azərbaycan hökuməti isə həmişə olduğu kimi problemin həllinə kökündən deyil, üçüncü, beşinci dərəcəli məsələlərdən başlayıb. Bu baxımdan ümumi investisiya mühitinin yaxşılaşdırılması üçün bu dəyişiklik yetərli deyil”.

Ana səhifəXəbərlərƏcnəbi iş adamları üçün güzəştlər tətbiq olunacaq