Əbülfəz Məlikova qarşı milyonlarla manat vergidən yayınma ittihamı

Əbülfəz Məlikov. Mənbə: Telegram

“Broker” MMC rəhbəri vəzifə saxtakarlığında da ittiham olunur

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yüksək vəzifəli gömrükçülərlə bağlı cinayət işinin istintaqı çərçivəsində “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov da həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Şirkət rəhbərinə Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

O, milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında təqsirləndirilir.

Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin keçmiş rəhbərliyinə, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxslərdən sayılır. Zaman-zaman onun adı müxtəlif qalmaqallarda hallanıb. Hətta gömrük sahəsindəki monopoliyada əsas fiqurlardan olduğuna dair iddialar da səslənib.

Əbülfəz Məlikova ittiham verilən maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onun özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Ana səhifəSiyasətƏbülfəz Məlikova qarşı milyonlarla manat vergidən yayınma ittihamı