Apelyasiya Məhkəməsi şikayəti təmin etmədi
Sentyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadov və Nardaran hadisələrinə görə uzun müddət axtarışda olmuş Elxan İsgəndərovun şikayətinə baxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Bünyadov cəzasının ilk üç ilini həbsxana rejimində çəkməklə 15 il, E.İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib. Onlar hökmdən apelyasiya şikayəti veriblər.
Apelyasiya şikayətinə hakim Əmir Bayramovun sədrliyilə baxılıb.
2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü, ilahiyyatçı Taleh Bağırzadə və başqa bir çox adamın həbs olunduğu əməliyyat Ə.Bünyadovun evində keçirilmişdi. Ə.Bünyadov hadisə vaxtı onurğasından aldığı iki güllə yarası ilə iflic olub, qətiyyən hərəkət edə bilmir.
Apelyasiya Məhkəməsinin ötən iclasında xərəkdə döşəməyə uzadılan Ə.Bünyadov öz istəyilə bugünkü məhkəməyə gətirilməyib.
Məhkəmədə həm Ə.Bünyadovun, həm də E.İsgəndərovun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı çıxış edərək bildirib ki, onlara qarşı ittihamları sübut edən dəlillər yoxdur. Müvəkkillərinin təqsirsiz olduğunu vurğulayan vəkil onların barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Prokuror isə apelyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş edib.
Hakimlərin bir neçə dəqiqə sonra elan etdiyi qərar prokurorun istədiyi kimi olub – apelyasiya şikayətləri təmin olunmayıb, hökm qüvvədə saxlanılıb.
Ə.Bünyadovun ailə üzvlərinin Meydan TV-yə bildirdiyinə görə, o, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır.
Ə.Bünyadov Nardaran əməliyyatında həbs olunsa da, 1 il saxlandıqdan sonra evinə buraxılmışdı. O, iyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün yenidən həbs olunub. Hökmə əsasən, o, dövlət çevrilişinə cəhd, terrora çağırış, qəsdən adam öldürmə və s. ittihamlarla təqsirli bilinərək 15 il, Elxan İsgəndərov isə 14 il azadlıqdan məhrum edilib.
Onlar özlərini təqsirli bilməyiblər.
“Polislər özləri əliyalın adamlara hücum etdilər. Ölənlərin hamısını da özləri güllələyiblər”, – deyə Ə.Bünyadov bildirib.