Əbülfəz Bünyadov: ”Banditizm”də sinəmi tikdilər”

”Məni həyətdə maşından başıüstə yerə atdılar”

Source:


”Məni həyətdə maşından başıüstə yerə atdılar”

2015-ci il noyabrın 26-da Nardaranda keçirdiyi, ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin ölümünə səbəb olmuş polis əməliyyatının keçirildiyi evin sahibi Əbülfəz Bünyadov xərəkdə uzadılmış vəziyyətdə məhkəmə qarşısına çıxarılır. Çünki həmin əməliyyatda onun özü də güllələnərək iflic olub və qətiyyən hərəkət edə bilmir. O, ilahiyyatçı Taleh Bağırzadənin rəhbərlik etdiyi “Müsəlman Birliyi” Hərəkatının İdarə Heyətinin üzvü olub.

Martın 16-da keçirilən məhkəmədə Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Ceyhun İmamverdiyev, Kamil Məmmədov, Elçin Tağıyev, Həmzə Tağıyev və daha iki nəfər dindirilib. Onlar zərərçəkmiş qismində ifadə verərək bildirdilər ki, Nardaran əməliyyatında iştirak ediblər.

Əməliyyatı keçirməyə gedənlərin bir hissəsi Bünyadovun evinə hasardan, qalanları da qapıdan daxil olub. Onların ifadəsinə görə, özləri heç bir xəsarət almasalar da, iş yoldaşlarından ikisi dünyasını dəyişib. Bununla da onlara mənəvi zərər dəyib.

İfadə verən polislər bildiriblər ki, Əbülfəz Bünyadova dəyən güllələri kimin atdığını görməyiblər. Onlar ifadələrində əməliyyat zamanı qarşı tərəfdən qumbara atıldığını desələr də, onu kimin və harada atmasını bilmədiklərini söyləyiblər. Polislərin sözlərinə görə, onlar əməliyyatda yaralananları xəstəxanaya aparıblar.

Əbülfəz Bünyadov isə həm əməliyyat zamanı onlardan kiminsə qumbara atması, həm də yaralıları polislərin xəstəxanaya çatdırması barədə deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib: “Şəxsən məni yaralı vəziyyətdə digər həbs olunan şəxslərlə birlikdə maşına atıb, yolda döyə-döyə “banditizm”ə gətirdilər, həyətdə maşından başıüstə yerə atdılar. Güllələrin biri sinəmdən dəymişdi. İdarədə sinəmə tikiş qoydular. Yenə də xəstəxanaya aparmadılar, zirzəmidə kameraya saldılar. Təzyiqim çox düşmüşdü. Gördülər ki, ölümcül vəziyyətdəyəm, oradan hospitala apardılar”.

Məhkəmə aprelin 6-na qədər təxirə salınıb. Növbəti məhkəmədə qalan zərərçəkmiş polislər ifadə verəcək.

Nardaran əməliyyatında həbs olunan “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və daha 16 nəfərin məhkəməsi 2017-ci il yanvarın 25-də başa çatıb. Onlara 10 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilib. Ə.Bünyadovun vəziyyəti ağır olduğundan o, 1 il 1 ay həbsdə saxlandıqdan sonra buraxılaraq polis nəzarətinə verilib. Onun və Nardaran hadisələrindən sonra axtarışa verilib, bir il əvvəl həbs olunan Elxan İsgəndərovun məhkəməsi 2017-ci ilin avqustunda başlayıb. Lakin vəziyyəti ilə əlaqədar onu məhkəməyə gətirmək mümkün olmurdu. O, Təcili Tibbi Yardımla məhkəməyə gətirilib-aparılır.

Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluğa cəhd), 228 (qanunsuz silah-sursat saxlama), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə ittiham olunur. E.İsgəndərova da qəsdən adam öldürmədən başqa digər ittihamlar verilib. Lakin onların heç biri özünü təqsirli bilmir.

Ana səhifəXəbərlərƏbülfəz Bünyadov: ”Banditizm”də sinəmi tikdilər”