Əbdül və İlkinə məktub

Siz bu sualı düşünmürsünüz…

Source:

Bir neçə ay bundan əvvəl həbsdə olan siyasi məhbuslar üçün məktub kampaniyası başlamışdı. Ondan əvvəl də belə işlər görülüb. Əvvəl həbsdən çıxan dostlar da hər kəsə məsləhət görürdü ki, həbsdəki dostlarımıza məktub yazmaq vacibdir. Son əfvdən sonra isə həbsdən çıxan dostlar bunu daha şiddətli tövsiyə etdilər.

Uzun zaman ətrafımdakı insanlar tərəfindən həbsdəki dostlardan heç kimə məktub yazmamaqda qınandım. Onlara “Yaza bilmirəm, söz tapmıram…” demək şansım da yoxdur. Həmin an bəhanə etdiyimi düşünürlər və beləcə, daha böyük qınaqlar yağdırılır. Bu qədər yazı yazıb, həbsdə olan dostlarına məktub yazmamaq ya da mənim dilimlə desək, yaza bilməmək də, görünür, bir dərddir.

Əbdül, İlkin, siz həbsə düşəndən sonra bəlkə də edə bildiyim ən böyük iş ya da ən çox etdiyim iş şəkillərinizi sosial şəbəkələrdə paylaşmağım, haqqınızda insanlara daha çox məlumatlar çatdırmağım olub.

Bəzən olur, kiməsə sizdən danışırıq və o adam sizi tanımadığını deyir. Bu zaman biz çox qəzəblənirik, bəzən heç yerə-göyə sığmırıq, ürəyimiz sızlayır, içimiz göynəyir. Axı necə olur ki, sizin kimi gəncləri bu ölkədə tanımırlar, “axı niyə sizin kimi gəncləri olan bir ölkə bu gündədir?” yox, məhz sizi tanımamaqları daha ağrılı olur bizə. Amma biz bəzən özümüzü, öz ətrafımızı unuduruq.

Məgər biz sizi çoxmu yaxşı tanıyırıq?! Məmməd Əzizov həbsdən çıxanda ətrafda olan biri ona belə bir sual vermişdi: “O söhbətlər doğru idi?” Yəni bu insanlar belə sizi tanımır, yoxsa ki, biz müəllimindən qeybəti, alimindən ailə qurmağın sirrlərini, ziyalısından yaltaqlığı, ailəsindən yalanı, cəmiyyətdən cinayəti, sistemdən saxtakarlığı öyrənən gənclərdən sizi tanımağı, səhərdən axşama qədər hər cür zülmə qatlanan, saatlarla beş qəpik arxasınca gedən, heç bir informasiya ala bilməyən, bir kitab üzü aça bilməyən insanlardan sizi tanımağı, sizin qədrinizi bilməyi gözləyirik.

Sizcə, bu nə qədər mümkündür?!

Bununla belə sizə qiymət verən, sizi daha yaxşı tanıyan və tanıtmağa çalışan, gördüyünüz işlərin nə qədər dəyərli olduğunu dərk edən insanların olması, bəzən gözləmədiyimiz an gözləmədiyimiz insanlardan sizin haqqınızda sözlər eşitməyimiz bizə az da olsa, təsəlli olur.

Dostlar həbsdən çıxandan bəlkə də saatlarla onlara həbsdəki həyatları haqqında suallar verirəm. Durmadan, dayanmadan bizim yaşadıqlarımızla sizin yaşadıqlarınız arasındakı fərqi hesablayıram. Bəzən beynimdə düzüb-qoşub heç bir fərqi olmadığını, hər şeyin belə də yolunda olduğunu quraşdırıram. Amma yox, heç biri düz gəlmir.

Nə sizin yaşadığınız həyatı dərk edirəm, nə də beynimdə sizin rahatlığınızı təsvir edə bilirəm. Bilirsiniz, çarəsiz olmaq, əlindən daha çox iş gəlməmək də bir dərddir. Onda da adam məcbur qalıb, belə şeylər düşünür. Mən bilmirəm, sizin üçün nə edə bilərəm, sizin həbsdən çıxmağınız üçün hansı işlər zəruridir? Bütün bu illər ərzində məsələnin kədərli, ağrılı, ağlamalı hissələri çox yazılıb, çox deyilib.

Amma həmişə olduğu kimi, bədbinlik Azərbaycanın heç bir işinə yaramayıb. Bu ölkə də bildiyiniz kimi başdan ayağa problemlidir. Bu qədər problemin içində səsimizi duyan, səsimizi eşidən və ya eşitmək istəyən yoxdur. Dünyanın harasında olursan ol, hansı problemindən danışırsan danış, yenə də deyirlər sizdən də pis gündə olan yerlər var.

Təsəlli üçün yazmıram, amma bir əhvalatım var, uzun zamandır məni çox narahat edir. “Əskər ölümlərinə son” aksiyalarının birində qaçarkən ayağım dəmir zibilqabıların birinə ilişib, bərk zədə almışdı. “Tarqovı”dan əmimgilin evinə birtəhər axsaya-axsaya gedib çıxmışdım. Evə çatan kimi ilk sualları ayağıma nə olduğunu soruşmaq olmuşdu. Mən də hadisəni başdan-ayağa danışmışdım. Söhbəti biləndən sonra əmim birbaşa üzümə demişdi: “Sən nə əclaf adam oldun!”

Aksiyada iştrak etdiyim üçün demişdi. O insanın oğlu o sözü mənə deməmişdən iki gün əvvəl əsgərlikdə döyülüb. Oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Hələ də belində problem var. Baxın, məni bircə kəlmə söz necə incidibsə, hələ də əmimlə normal danışa bilmirəm, hələ də o insana qarşı içimdə olan əsəbi soyuda bilmirəm.

Bu ölkə üçün, bu qədər insan üçün bu qədər iş görmüsünüz. Azadlığınız əlinizdən gedib. Biri yox, bəlkə də bir milyonu çıxıb sizə ağzına gələni deyə bilər. Bunu yəqin ki, özünüz də bilirsiniz. Bəs, dəyərmi bu insanlar üçün nəsə etməyə? Bəli, məncə dəyər, elə sizin dəyəriniz də bu sualı düşünməmək olub. Heç bir siyasi iddiası olmayan, heç bir vəzifə istəməyən, gördüyü işdən pul qazanmayan insanlarsınız. Sizin ən böyük gücünüz də elə budur.

Bu yazıda bəzi sözlər işlətdim, amma bu mənim haqlı olduğumu bildirmir. Bəlkə də sizin üçün daha çox şey edə bilərdim. Mənim haqlı olan bir tərəfim var: Sizin azadlıqda olmağınızı istəyirəm. Günün iyirmi dörd saatını, ayın otuz gününü sizi düşünməklə yaşamıram, amma bütün zamanlarda dəyişməyən bir həqiqət var, mən əminəm ki, o həqiqəti heç vaxt unutmamışam və unutmayacağam.

Bu məktubu şərlənərək həbsə düşmüş İlkin Rüstəmzadə və Əbdül Əbilov üçün yazmışam. Bu gənclər ölkəmizdə demokratiyanın bərqərar olunması, insan haqlarının, insan hüquqlarının tanınması uğrunda, azad söz, azad seçkinin olması, azadlıq uğrunda mübarizə apardıqları üçün hakimiyyət tərəfindən şərlənərək həbs olunub. Bu insanlar haqqında kifayət qədər geniş məlumat yaza bilərəm, amma düşünürəm ki, bu günə qədər yazılanları, bu yazını bura qədər oxuyan vicdanlı insanlar tapıb oxuyar.

Azadlıqda görüşmək arzusu ilə…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəƏbdül və İlkinə məktub