Facebook fəalı Əbdül Əbilov bibərqazından xəsarət alıb. Məhkəmə prosesi öncəsi düşən mübahisə zamanı onun əli bibər qazından yanıb.
Iyulun 21-də Bakı Apelyasiya Məhkəməsində “Yaltaqlara dur deyək” səhifəsinin admini Əbdül Əbilovun məhkəməsi olub. Proses başlamazdan əvvəl, nəzarətçilər hakimi çölə çağırıb və məhbusların əlbəyaxa olduğunu bildiriblər. Məlum olub ki, məhkəmənin gözləmə otağında Əbdül Əbilovla eyni dəmir barmaqlıqlar arasında olan iki təqsirləndirilən şəxs arasında mübahisə düşüb. Nəzarətçilər onları sakitləşdirmək üçün içəri gözyaşardıcı qaz sıxıblar. Nəticədə facebook fəalının gözləri qızarıb və əlinin üstü yanıb.
“Hakimin hesabında olan dustaq belə bir rəftara məruz qalırsa, bunun nə dərəcədə qanuni olması, onun təhlükəsizliyinin təmin edilməsi üçün nə kimi tədbirlər görülməsi barədə araşdırma aparılmalıdır. Amma məhkəmə deyir ki, pentensiar xidmətin özü onsuz da tədbirlər görəcəklər və hakim çəkildi kənara”- vəkil Xalid Bağırov belə deyir.
Əbdül Əbilovun anası oğlunun oruc tutduğunu, halının pis olduğunu desə də, bloqçu prosesin davam etdirilməsini istədi.Vəkil məhkəmə qarşısında qaldırdığı vəsatətlərin təmin edilməməsini belə izah edir:
“Hilal Məmmədov, NİDA-çıların işi, bu iş, heç birində istintaq keçirmək istəmirlər. Sadcəcə araşdırmaq istəmirlər. Bakı Appelyasiya Məhkəməsi ümumiyyətlə bizim işləri araşdırmaq istəmir”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov bildiri ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqromont ölkədəki siyasi məhbuslar üzrə yeni hesabat hazırlayacaq.
Mən düşünürəm ki, həm Əbdül Əbilovun işi, həm NİDA-çıları işi, həm də digər fəalların işi heç bir şübhəsiz həmin hesabatda əks olunacaq. Bizim çox ümidimiz var ki, məhz bu hesabat açıqlanandan sonra azadedilmə prosesinə başlana bilər”.
Yaltaqlara dur deyək” səhifəsinin admini olmuş Əbdül Əbilov Sülh və Demokratiya İnstitutunun siyasi həhbuslar siyahısına daxil edilib.