”DYP əməkdaşı saxlayarkən baş verənləri videoya çəkmək və yaymaq qadağan deyil”

Hüquqşünas DYP səlahiyyətlisinin dediklərini doğru saymır

Source:


Hüquqşünas DYP səlahiyyətlisinin dediklərini doğru saymır

“Yol polisi tərəfindən saxlanılan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədikləri üçün İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında cəzalandırılacaqlar”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev

“oxu.az”

-a açıqlamasında belə deyib.

Rüfət Quliyev hesab edir ki, bəzi sürücülər bununla yol polisinin işinə çətinlik yaratmağa çalışır:

“Polisin “saxla” əmrinə qarşı çıxan, icazəsiz həmin an çəkiliş aparan və ya tabesizlik göstərib əməkdaşlarımızın videosunu çəkərək sosial şəbəkələrdə paylaşan sürücülər məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən bütün sürücülərə xəbərdarlıq edirik ki, qaydalara riayət etsinlər”.

Ancaq Rüfət Quliyev cəzalandırılma ilə bağlı İnzibati Xətalar Məcəlləsinə istinad etsə də, konkret heç nə deməyib:

“Müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbini yerinə yetirməməsinə görə, qarşı tərəf məsuliyyətə cəlb olunmalıdır. Həmin sürücülər avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsi ilə qeydə alınan görüntüləri sosial şəbəkələrdə paylaşmaqla “qəhrəmanlıq” sərgilədiklərini düşünsələr də, bu qanunun tələblərini dəyişmir. Sürücü müvafiq qaydada sənədləri polis əməkdaşına təqdim etməli, zərurət olduğu halda polisin tələbi ilə avtomobili də tərk etməlidir”.

Hüquqşünas Ərşad Hüseynov “Facebook” hesabında məsələyə münasibət bildirib:

“İlk variantda sadəcə xəbərdarlıq kimi idi ki, bu üsulla DYP əməkdaşlarına mane olmayın, məsuliyyətdən yayınmaya çalışmayın və s. İndi baxıram, bəziləri bir az qabağa gedib yazırlar ki, guya buna görə cərimə də var. DYP əməkdaşı saxlayarkən onu və baş verənləri videoya çəkmək və yaymaq qadağan deyil, buna görə heç bir cərimə də nəzərdə tutulmur. Əsas odur ki, intizamlı olun, qaydaları pozmayın, polis işçisinin forma və məzmunca qanuni fəaliyyətinə mane olmayın, yenə də forma və məzmunca qanuni göstərişlərini icra edin. Çəkilişə görə heç kəs sizə irad tuta bilməz, tutsa da, bu qanunsuzdur”.

Ərşad Hüseynov düşünür ki, rəsmi şəxslər bunun tam əksini təbliğ etsələr, yəni sürücüləri videoqeydiyyatçıdan geniş istifadəyə səsləsələr, daha yaxşı olar.

“Şəffaflaşmaq lazımdır, şəffaflıqdan qorxmaq yox. Əvvala, “YPX haqqında” Təlimatda var ki, hərəkət iştirakçısını saxlayan və onunla danışan DYP əməkdaşının üstündə daim işlək səsyazan mikrafon olmalıdır. Bu işlər patrul avtomobilinin videokamerasının görünüş sahəsində aparılmalı və hər şey qeydə alınmalıdır. Deməli, qanunvericilik özü maksimal şəffaflıq tələb edir. İkincisi, dünyanın bəzi ölkələrində artıq rəsmilər tərəfindən belə fikir səslənir ki, videoqeydiyyatçı avtomobillərin məcburi təchizat avadanlığına çevrilsin, yəni zavoddan bütün avtomobillərə videoqeydiyyatçı qoyulsun. Bu, ilk növbədə polisə və digər hüquq-mühafizə orqanlarına lazımdır ki, mümkün hüquqi məsələləri həmin videogörüntü əsasında daha tez, çoxlu istintaq və prosessual hərəkətlər icra etmədən və ən başlıcası daha dəqiq həll etmək olsun. Nəhayət, bu videolar ictimai nəzarətdir, əməkdaşın peşəkarlığını qiymətləndirməkdə gözəl üsuldur,” – hüquqşünas yazıb.

Onun sözlərinə görə, bir çox halda elə şikayət edən sürücünün özünün təqdim etdiyi videogörüntülər əsasında onun qayda pozub-pozmadığını da rahatca aydınlaşdırmaq olur. Qayda pozanlara həm də səhvlərini izah etmək mümkünləşir:

“Belə olan halda “Videoqeydiyyatçını yığışdırın!” yox, “Videoqeydiyyatçıdan geniş istifadə edin!” demək lazımdır. Məncə, XXI əsrin ikinci onilliyinin sonunda şəffaflaşmaqdan yaxşı şey yoxdur”.

Ana səhifəXəbərlər”DYP əməkdaşı saxlayarkən baş verənləri videoya çəkmək və yaymaq qadağan deyil”