“Azərbaycan məhkəmələrində ədalətli qərar olmasa Avropa Məhkəməsinə müraciət edəcəyəm”
Dövlət Yol Polisi tərəfindən haqsızlıqla üzləşən Azərbaycan vətəndaşı Leyla Böncü Meydan TV-ə bu barədə şikayət edib.
O, aprelin 6-da avtomobilində Masazır dairəsi adlanan yerdən yardımçı yolla Bakı-Quba istiqaməti üzrə hərəkət edən “99 FJ 282” nömrəli “Mercedes ategio” yük maşını tərəfindən iki dəfə vurulduğunu deyib.
Leyla Böncü bildirib ki, hadisə zamanı 102 xidmətinə məlumat versə də, sığorta şirkəti yaxınlaşıb, amma yol polisi yox:
“40 dəqiqədən sonra DYP əməkdaşı mənə zəng edərək Ekoloqiya Postuna yaxınlaşmamı istədi və mən qəzalı vəziyyətdə posta getdim. Məndən izahat alındı. Qarşı tərəfin izahatı alınmaq üçün sürücü dəvət olunanda, onun sənədlərin arasına 50 manat məbləğində pul qoyduğunu gördüm. Buna etiraz edəndə polis əməkdaşları məni binadan uzaqlaşdırdılar”.
Leyla Böncü qarşı tərəfdən də izahat alındığını, ona polisdə kamera görüntülərinin göstərildiyini əlavə edib:
“Görüntüdə açıq aşkar günahsız olduğum görünür. Başqa bir maşın onu sol tərəfdən sıxışdırdığına görə, “Mersedes atego” məni iki dəfə vurub və iki dəfə yoluma çıxıb. Polis əməkdaşı Müşfiq Babaşov kamera görüntüsünə baxarkən üzümə qəribə gülümsəyərək günahkar olduğumu bildirdi. Ardınca 40 manat cərimə üçün protokol yazıldı”.
Amma Leyla Böncü heç bir sənədə imza atmadığını, 102 qaynar xəttinə və daxili işlər nazirinə müraciət etdiyini bildirib:
“Müraciət etdim ki, kamera görüntüsü mənə verilsin və araşdırma aparılsın. Mayın 4-də məktub aldım ki, günahkar mənəm. Ancaq yenə də kamera görüntüləri mənə verilmədi. Ona görə də məcbur olub 19 may tarixində Abşeron Rayon Məhkəməsində iddiası qaldırdım”.
İyunun 5-də Abşeron Rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə kamera görüntülərinə baxış olub. Prosesə polis əməkdaşı da dəvət olunub. Leyla Böncü deyir ki, polis hətta məhkəmə zalında da zarafatından qalnmayıb və qarşı tərəflə dost olduqlarını da gizlətməyib:
“Prosesdə birmənalı olaraq mənim günahsız olduğum kamera görüntülərində bəlli olsa da, məhkəmə əsassız səbəblərdən günahkar olduğumu bildirdi. Mən apelyasiya şikayəti edəcəyəm, əgər ədalətli qərar olmasa, Avropa Məhkəməsinə müraciət edəcəm”.
Leyla Böncü Prezident və I Vitse-prezidentə müraciət ünvaladığını söyləyib:
“Eyni zamanda, daxili işlər nazirinə şikayətimdə komissiya təşkil olunmasını istəmişəm. Təəssüf ki, hələ reaksiya yoxdur”.
O, hələ də hadisənin videogörüntüsünü əldə edə bilmədiyini bildirib.