Günay Atakişiyeva: ”Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb…”
2017-ci il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan Bakı istintaq təcridxanasına qaytarılarkən qatardakı xüsusi vaqondan qaçmaq üçün lazım olan açarı dustaqlardan “Qoca” ləqəbli Etibar Məmmədova onun münasibətdə olduğu müğənni Fədayə Məmmədova (Laçın) veribmiş.
Avqustun 8-də məhkəmədə təqsirləndirilən şəxslərdən Aqil Nəcəfov ifadə verərkən bunu bildirib.
Onun sözlərinə görə, “Qoca” tapşırıb ki, Fədayə açar verəcək, götürüb Günay Atakişiyevaya çatdırsın. Günay da E.Məmmədovun tanışı olub, təcridxanada onunla görüşüb, hətta məhkəməyə görə Lənkərana etap olunarkən də onunla birlikdə gedib-gəlib. G.Atakişiyeva hazırda daha 12 nəfərlə birlikdə məhkəmə qarşısında cavab verir.
Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə araşdırmaları başlayıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.
Daha sonra hakim müttəhimlərdən özlərini təqsirli bilib-bilmədiklərini sorüşüb. İki nəfər – Penitensiar Xidmətin konvoy taborunun komandiri Bəhruz Abdullayev və Anar Əsgərov özlərini təqsirli bilməyib. Qalan 11 nəfər isə qismən təqsirli bilib. Həmin şəxslər bunlardır – Penitensiar Xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov, Fədayə Laçın, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalovdur.
Ardınca təqsirləndirilən şəxslərə ifadə vermək təklif olunub. Qatardan qaçmış Əli Ağami çıxışa hazır olmadığını bildirib. Qeyd edib ki, o, keçən il noyabrın 26-da prokurorluqda hadisə barədə ətraflı ifadə verib. Məhkəmədə onun ifadəsi elan olunub (Meydan TV Ə.Ağaminin həmin ifadəsini ötən gün yayıb). İfadə elan olunarkən Ə.Ağami bir məqamı təkzib edib. Bildirib ki, o, vaqonda qaytarılarkən qarovul rəisi Ceyhun Səmədovun otağında Etibarla görüşməyib, həmin hissədə ifadədə onun adından yazılanlar doğru deyil.
Təqsirləndirilən G.Atakişiyeva da istintaqa verdiyi ifadəni təsdiqləyib.
Bildirib ki, “Qoca” ləqəbli Etibar Məmmədovu rəfiqəsi Lalə vasitəsilə tanıyıb. O, E.Məmmədov qatardan qaçandan sonra ona köməklik göstərdiyini də etiraf edib və əməlindən peşman olduğunu vurğulayıb.
G.Atakişiyeva istintaqa ifadəsində bildirib ki, rəfiqəsi Lalənin telefonu ilə “Qoca” ilə danışıb. İlk dəfə E.Məmmədovu 2017-ci ilin sentyabrında Bakı istintaq təcridxanasında görüb. Həmin görüşdə Lalə və “Qoca”nın dostu Aqil Nəcəfov da iştirak edib:
“Lalə deyirdi ki, Etibar Məmmədovla bir-birini sevirlər. Birinci dəfə təcridxanada görüşəndən sonra Lalənin telefonundan onunla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil zəng eləyib dedi ki, Etibar mənim onun yanına getməyimi istəyir. Aqillə getdik, Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, oktyabrın 21-də onları Lənkərana məhkəməyə aparacaqlar, onda qatardan qaçacaq. Dedi ki, Aqil açar verəcək, onu Lənkərana aparanda gətirib dustaq vaqonunda ona çatdırım. Qorxduğum üçün dedim ki, açarı götürüb gətirə bilmərəm. Dedi ki, “onda Aqil sənə çantada paltarlar verəcək, gətirib onları verərsən”. Razılaşdım. Oktyabrın 21-də Biləcəridə Aqillə görüşdük. Bir torba verib dedi ki, Etibara çatdırım. Axşam saat 11 radələrində qatar Lənkərana gedəndə yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı, mənim çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb dedi ki, özü verəcək. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar, onda gördüm ki, həmin torba artıq Etibara verilib. Biz bir az söhbət edəndən sonra Etibar otaqdan çıxıb başqa dustaqların yanına getdi, sonra qayıtdı. Etibar xüsusi vaqonda olarkən sərbəst hərəkət edirdi, istədiyi yerə girib-çıxırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim”.
Bir qədər keçəndən sonra E.Məmmədov Günaya zəng edib, onunla birlikdə Bakıya qayıtmasını istəyib. G.Atakişiyeva Masallıdan Lənkərana gəlib. İndi müttəhimlər arasında olan Tural Poladxanov ona zəng edərək, iki saat sonra Liman dəmiryol stansiyasında olmasını tapşırıb, onu oradan götürəcəklərini deyib. G.Atakişiyeva stansiyaya çatanda T.Poladxanov onu qarşılayıb, onun üstünü yoxlamadan Etibarın yanına aparıb. Şirvan stansiyasında Aqil də qatara minib:
“Aqil Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən sonra qatardan düşüb taksi ilə Bakıya gəldik. Səhər saat 5 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda başqa bir oğlan da maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. Təxminən iki saat qalandan sonra mən ordan Sumqayıta – kirayə qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə dedi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Mənə də dedi ki, telefon nömrəmi sındırıb atım. Elə də etdim”.
G.Atakişiyevanın ifadəsinə görə, səhəri gün onlar taksi sürücüsü Məhəmməd Hacıyevi çağırıb, “Qoca”nı Qazağa aparmasını istəyib. Sürücü bu işi görmək üçün 150 manat pul istəyib, razılığa gəliblər. Etibar üstünə örtməyə adyal və yastıq da götürüb, maşının yük yerinə girib. Onlar Qazağa qədər gediblər. Yola düşməmişdən öncə E.Məmmədov Günaya 800 dollar pul verib ki, çatanda ona qaytarsın:
“Yolda Etibar Məşədi adlı şəxslə tez-tez danışırdı. Məşədi onu Ağstafanın Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazağa çatdıq. Orada başqa bir taksi 23 manat verdik ki, bizə Sadıxlı kəndinə qədər bələdçilik eləsin. Poylu stansiyasına çatanda gördük qarşıda post var, polislərlə hərbçilər maşınları yoxlayırlar. Bu vaxt Etibar Məhəmmədə dedi ki, maşını geri sürsün. Etibara qaçmamasını dedim, amma qulaq asmadı. Arxadan “Niva” markalı maşında polislər gəlirdi. Biz Poylu kəndinin içində küçəyə girdik, “tupik” oldu, Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər. Etibar isə qaçıb getdi”.
Günayın ifadəsində adı hallanan Aqil Nəcəfov da təqsirləndirilən şəxs qismində ifadə verib. O bildirib ki, bir dəfə Günaygillə, daha sonra Fədayə Laçınla birlikdə təcridxanada Etibarla görüşüb. Təcridxanada onları Etibar tanış edib: “Etibar içəridə mahnılar yazırdı. Sonra o, zəng elədi ki, açarı Fədayə Laçından götürüm. Açarı başqa adamdan götürüb Günaya verdim. Mən heç Ceyhunu tanımıram, qatarın da qarşısında görməmişəm. Açarı çantanın içərisində Günaya verib oradan uzaqlaşdım. Günay qatarda qaldı. Etibar məndən açarı istəyəndə həbsxanada ayı qəfəsini açacağını demişdi. Sonra Etibar zəng etdi ki, Günayı Şirvandan Bakıya aparmaq lazımdır. Günayı Bakıya gətirəndə Etibar yenə zəng vurdu ki, onu da Bakıda götürüm. Dedim ki, “qaçma”. Sonra onu Bakıdan götürüb apardım”.
Digər təqsirləndirilən İsrafil Soltanov daha əvvəl Aqil Nəcəfovun tanışı olub. O da Şirvan şəhərindəndir:
“Etibarın adını eşitmişdim, amma görüşməmişdim. Həmyerli olsaq da, onu uzaqdan tanıyırdım. Aqil zəng edib xahiş elədi ki, Şirvanda bir qızı götürüb Bakıya gətirmək lazımdır. Sonra bildim ki, bu qız Günaydır. Onu Aqillə Bakıya gətirdik. Bakıda isə “Ağ Saray”ın qabağında Etibar Məmmədovu götürüb apardıq. Etibar maşına əyləşəndə bildim ki, o, qatardan qaçıb. Daha heç nə deyə bilmədim”.
Məhkəmə prosesi avqustun 13-də davam edəcək. Növbəti məhkəmədə digər təqsirləndirilən şəxslər ifadə verəcəklər.