Əli Ağami ilə Etibar Məmmədovun qatardan necə qaçmasının detalları məlum olub
Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan məhkəmədən Bakıya qaytarılarkən dustaqlar Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovun qatardan necə qaçmasının detalları məlum olub. Həmin hadisəyə görə həbs olunan şəxslərdən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov istintaqa ifadəsində bu barədə ətraflı danışıb. Onun sözlərinə görə, qatarda “Qoca” ilə digər dustaqlar arasında mübahisə olub.
2014-cü ildən Penitensiar Xidmətin Konvoy taborunun 3-cü bölüyünün qarovul rəisi vəzifəsində işlədiyini deyən C.Səmədov bildirib ki, hadisə baş verən gün vaqonda 67 nəfər dustaq gətirilib. Onların arasında Etibar Məmmədov və Əli Ağami və onların da təqsirləndirildiyi qətl hadisəsinə görə həbs olunmuş digər şəxslər – Məhəmməd Heydərov, Əfsər İbrahimov, Tahir Kərimov da olub.
Eyni hadisədə təqsirləndirildiklərinə görə xüsusi tapşırıq verilib ki, bu beş nəfərin hamısı ayrı-ayrı kameralarda saxlanılsın. Çünki onlar hər dəfə Lənkərana məhkəməyə aparılıb-gətiriləndə aralarında mübahisələr olurmuş. C.Səmədov deyib ki, digər təqsirləndirilənlər həbs olunmalarına görə Etibar Məmmədovu günahlandırırmış. Onlar Etibar Məmmədovdan qətl hadisəsinin baş verməsində günahını boynuna almasını istəyirlərmiş.
“Biz həmin gün geri qayıdanda Tahir Məlikov və Əfsər İbrahimov Astarada polis şöbəsində saxlanıldı. Etibar Məmmədov da polisə təhvil verilməli idi. Lakin onu qəbul etmədilər. Rəhbərliklə razılaşdıqlarını söylədilər. Mən də bunu tabor komandirim Bəhruz Abdullayevlə dəqiqləşdirdim və onun göstərişinə əsasən Etibar Məmmədovu götürüb geri qayıtdım. Həmin gün geri qayıtmaq üçün qatara minəndə də aralarında mübahisə yarandı. Məhəmməd Heydərov qatara minəndə Etibarın orada olduğunu bildi. O biri məhkumlara üzünü tutub qışqırdı ki, “qardaşlar, mən Etibar Məmmədovun dustağıyam”. Məhəmməd Əli Ağamiyə də deyirdi ki, o da bu işə görə həbs olunmalarına görə Etibarı ittiham etsin. Bəzi dustaqlar Məhəmmədin fikri ilə razılaşdılar. Bəziləri isə yox. Mübahisə böyüməyə başladı. Mən Etibarı onun istəyilə kameradan çıxarıb öz otağıma gətirdim. Deyirdi ki, həmin kamerada onun həyatına təhlükə var, düşmənləri ona nəsə edə bilər. Mən Etibarı sakitləşdirmək üçün kameradan çıxardım. Sonra Məhəmməd Heydərova yaxınlaşıb dedim ki, əgər belə davam etsə, onu stansiyaya çatanda xüsusi təyinatlıların aparacaq. Belə dedim ki, qorxub sakitləşsin”.
Təqsirləndirilən sabiq qarovul rəisi deyir ki, Etibarı kamerasına qaytarandan sonra da mübahisə davam eləyib. Həmin vaxt Etibar deyib ki, əgər onu kameradan çıxarmasalar, özünü doğrayacaq, dustaqları qaldıracaq: “Mən bələdçi İsmayıl Hüseynovdan xahiş elədim ki, otağını boşaldıb ona təhvil versin. Etibarı həmin otağa yerləşdirdim. Etibarı ora qandalsız apardım. Sonra mübahisə səngisin deyə Əli Ağamini də həmin otağa gətirdim. Otağın qapısı açıq idi. Ora kiçik gizir Elvin Namazovu, kiçik gizir Tehran Musayevi və baş çavuş Tural Platxanovu növbətçi kimi qoydum. Səhər saat 05:10 radələrində Tural Poladxanov mənə yaxınlaşıb dedi ki, iki dutaq qaçıb. Mən həmin otağa gələndə gördüm ki, otağın dəmir barmaqlıqları çarpayının üstündədir. Dustaqları saydım, Əli Ağami və Etibardan başqa hər kəs yerində idi. Qatarın hər yerinə baxdıq. Bundan sonra Bəhruz Abdullayevə məlumat verdim.
Mən yatmışdım. Dustaqlar Biləcəridə qaçsa da, baş çavuş bunu mənə “28 may” stansiyasında dedi…”
O da məlum olub ki, Lənkəran Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinin sabiq rəisi Əlişir Fərəcovla Ceyhun Səmədov arasında əvvəlcədən danışıq olub. Həmin telefon danışığında Əlişir Fərəcov Etibar Məmmədovun etap edilməməsini istəyib. Səbəb olaraq isə rəis onu göstərib ki, Etibarın işinə Bakıda baxılacaq. Lakin Ceyhun Səmədov deyib ki, Etibar Məmmədovun Lənkərana etap edilməsi onun səlahiyyətində deyil və o, sadəcə əmri icra edir.
Avqustun 3-də
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə bu cinayət işilə əlaqədar həbs olunan 13 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə qarşısına çıxarılan 13 nəfər arasında Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev, Tural Poladxanov, qatardan qaçmış dustaq Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov var.
Məhkəmə baxışı avqustun 8-nə təyin edilib.
Penitensiar Xidmətin polkovniki B.Abdullayevə dustaqların qaçmasıyla yanaşı, həm də vəzifə cinayətlərilə bağlı ittiham verilib. O, CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179-cu (mənimsəmə) maddələrilə də ittiham olunur.
Dustaqların qaçmasına görə isə təqsirləndirilən şəxslərə CM-nin 304-cü (həbs yerindən və ya mühafizə altından qaçma) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Bu cinayət işi üzrə daha bir nəfər axtarışdadır.
Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi.
Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Etibar Məmmədov isə on gün sonra əməliyyat nəticəsində öldürüldü.
Noyabrın 14-də Əli Ağami iki nəfərin ölümündə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edildi.