Dustaq ailəsində şagird olmaq…

Fərhad Muradovla Vüsalə Muradovanın 14 illik evlilikdən 3 uşaqları var. Onların hər üçü məktəblidir. Evin sonbeşiyi Hüseyn də bu il ilk dəfə birinci sinifə gedib.  Qadın bu dərs ilində  təkbaşına 3 uşağını məktəbə hazırlayıb, çünki həyat yoldaşı həbsdədir. “7 dekabr idi. Mən küçədə idim. Gördüm maşınların hamısı gəlib saxladı, qapıları örtüldü. Hamısı mülki geyimdə idilər. 30 nəfər olardılar. O cür bizim evə basqın etdilər. Hətta yoldaşım yatmış vəziyyətdə idi. Dedim, qoy durğuzum, ona da imkan vermədilər, evə girdilər. Uşaqları saldılar bir otağa, qapıları örtdülər. Telefonu götürdüm çəkməyə, əlimdən aldılar. Özləri ilə gətirdikləri partladıcı maddəni paltar dolabının yuxarısına qoydular. Dedilər ki, bu, sizdən çıxıb. Yanındakılara da dedi ki, siz şahidsiniz. Onlar da “bəli” dedilər.   Şəkillərin çəkdilər. Bilmirəm, hansı maddələr idi, yoldaşıma qol çəkdirib apardılar”.

Fərhad Muradov Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvüdür. Onun 37 yaşı var.  Xanımı deyir, yoldaşı ərəb-fars dillərindən tərcümələr edib ailəsini dolandırırmış. Binə qəsəbəsində yerləşən İmam Rza məscidində də Quran dərsləri verirmiş. Vüsalə Muradova deyir, 26 noyabrda Nardaranda baş tutan əməliyyat zamanı yoldaşı orada olmayıb. Amma ona qarşı həbs-qətimkan tədbiri seçilib.

Evdə axtarış aparılandan sonra uşaqlar müalicəyə göndərilib. Valideyn deyir ki, uşaqların gördüyü mənzərə onların sinir sisteminə pis təsir edib. Onlar hətta dərslərindən də soyuyublar. Amma bir müddət sonra yenə aldıqları “4”-ləri “5” -ə çeviriblər. İndi də həvəslə dərsə hazırlaşırlar.

7-ci sinifdə oxuyan qızlar psixoloq və həkim, oğlan isə idmançı olmaq istəyir. Xanım deyir ki, uşaqları böyütməyə anası, mömin insanlar kömək edirlər. Həftədə iki dəfə uşaqlar ataları ilə telefonla danışırlar. O uşaqlara tapşırır ki, dərslərini yaxşı oxusunlar.

Ana səhifəVideoDustaq ailəsində şagird olmaq…