Düşmən əhatəsində

Həsən…Həsən…armatur…

Source:

(Yazıda müəllifin kinayəli-satirik üslubu olduğu kimi saxlanıb…)

Bizim Birinci Respublika cəmi 23 ay yaşaya bildi. Çünki düşmən əhatəsində idi. Ha əlləşdi, ha vuruşdu, bacarmadı. Məcbur olub ömrünü İkinci Respublikaya bağışladı.

İkinci Respublika 70 il yaşaya bildi. Niyə? Çünki düşmən onu nəinki əhatəyə almışdı, hətta udmuşdu. Yəni düşmənin içində idi. Nə qədər qəribə olsa da, düşmənin içində olmasına rəğmən xeyli inkişaf edib qonşularını geridə qoya bildi. Lakin İkinci Respublika da çökdü. Niyə? Düşmən İkinci Respublikanın içində olduğu düşmənin içində idi. Yəni hətta düşmənin içində ola-ola Azərbaycan düşmən əhatəsində idi.

İndi 25 ildir ki, Üçüncü Respublikada yaşayırıq. Maşallah-namxuda, belə getsə, İkinci Respublikanın rekordunu vura biləcəyik. Niyə? Çünki hakimiyyətimiz artıq püxtələşib, əhatəsində yaşadığı düşmənlərin öhdəsindən gəlmək strategiyasına və taktikasına yiyələnib.

Əsas strategiyadır. Bu strategiyanın canı nədədir? Düşməni aldatmaq. Yəni düşmən bilməməlidir ki, Azərbaycan müstəqildir. Elə bilməlidir ki, hələ də onun içindəyik. Məsələn, düşmən deyir Ermənistan qoy sənin torpağında otursun. Azərbaycanın bacarıqlı, çoxbilmiş və hiyləgər hakimiyyəti deyir: “Sluşayus!” Sonra sağa baxır, deyir: “Bəçeşm!” Sonra sola baxır və deyir: “Yes!” Sonra yuxarı baxır və deyir: “Yavol!” Sonra aşağı baxır və deyir: “Hazır əfəndim!”

Deməyinə deyir, amma taktikanı da unutmur, elə fəndlər işlədir ki, Ermənistan özü çıxıb getsin. Yəni açıq müharibə-zad aparmır, heç kəsin ürəyinə heç bir pis fikir gəlməsin, amma yenə altdan-altdan atır, vurur. Böyük düşmənlər eşidib gələndə deyir ki: “Kim atırdı, xəbərimiz yoxdur, amma göstəriş vermişik, tapşırmışıq, tədbir görəcəyik, qarşısını alacağıq, la-la-la, tryu-lya-lya.”

Onlar da baxıb görürlər ki, Ermənistan tutduğu ərazidə möhkəm oturub, deyirlər ona ki: “Yaxşı, kiri, bəsdir zarıdın, otur oturduğun yerdə, şadlığına şitlik etmə. Fikir vermə, atır, qoy atsın. Sən də at! Onları da başa düşmək lazımdır. Lazım ağanı gözləyən əhaliyə nəsə göstərmək lazımdır ki, dözsün.”

Bəli, strategiyamız əladır. Bu strategiyaya görə biz gərək daxili bazarımızı açaq xarici şirkətlərə. Bazar gen osun deyə daxili istehsalı öldürməliyik. Baş üstə! Öldürdük. Sənayemizi, kənd təsərrüfatımızı, təhsilimizi, səhyiyyəmizi, elmimizi…

Düşmənlər baxıb gördülər ki, hakimiyyətimiz xeyli mərifətlidir, dedilər :”Yes! Good boy!”

Amma bizimkilər taktikanı da unutmurlar. Dövlətin gələcəyi üçün bizə varlı təbəqə lazımdır. Ona görə hakimiyyətimiz Miçurin kimi milli kapitalist sortunu yetişdirir. Bu sortu yetişdirmək üçün yaxşıların seleksiyası, yəni seçim, sonra isə kultivasiya, yəni onların yetişməsi üçün əlverişli şəraitin yaradılması gərəkdir.

Yaxşılar haradadır? Yaxşı harada ola bilər ki? Ha budu, ağzımızın içində. Deməli, onları seçirik və yazırıq adlarını dəftərə. Hansı dəftərə? İt dəftərinə? Xeyr! Yaxşıların dəftərinə! Yekə ambar dəftərinə və veririk bu dəftəri bəndərgahları qoruyan bizimkilərə. Onlar da, gözlərinə döndüklərimiz, bu ambar dəftərini, əstəğfiru-l-lah, Qurani-Kərimdən əziz tutub, hər bəndərgahı keçəni bu dəftərlə tutuşdururlar.

“Sən kimsən? Həsən? Nə gətirirsən? Armatur? Tələsmə, indi baxarıq dəftərə. Demək belə, Həsən, Həsən, armatur, armatur,.. Sənin adın yoxdur. Sağ ol, gülə-gülə. Olmaz! Sənə adam balası kimi dedilər, olmaz! Get, zəhləmizi tökmə! Kimə istəyirsən, get, şikayət elə! Məhkəmə? Ha-ha-ha-ha! Nazirlik? Hi-hi-hi-hi! Mətbuat? Özünə də, ailənə də yazığın gəlsin. İstəyirsən, səndən narkotik tapaq, oğlun xuliqanlıq eləsin? Nə edəsən? Görürəm, mətləbi tez tutursan, armaturu yarı qiymətinə sat Hüseyn müəllimə, get, salamat qaldığına dua et.”

Beləliklə, ambar dəftəri taktikasının köməyi ilə hakimiyyət dövlətimizin ömrünü uzun edə biləcək varlılar təbəqəsini formalaşdırır. Çalışır ki, Üçüncü respublikanın ömrü uzun olsun.

Lakin varlılarla yanaşı dövlətdə gərək kasıb-kusub da olsun. Onları da tərbiyə etmək lazımdır. Tərbiyə üsuli-cədidində yazılıb ki, xalq arvad kimi şeydir. Siyasi nəzəriyyəçi Məşədi İbad isə demişdi ki, “arvadı döymək lazımdır.” Bax burada həm strategiya, həm də taktika gərəkdir. Strategiya ondan ibarətdir ki, kasıb-kusub öz kasıblığını hiss etməməlidir. Bəs nə etməlidir? Fəxr etməlidir! Şəhəri bəzəyən gözəl imarətlərlə, idman yarışlarının sonunda göyə qovzanan üçrəngli bayraqla, cəbhədə qəhrənamlıqla şəhid olan əskərlərimizlə, ölkədə aramsız keçirilən yarışlarla, sammitlərlə, konfranslarla, konsertlərlə, yüksək qonaqlarla. Fəxr etməlidir !

Fəxr etməyəndə taktika işə salınmalıdır. Fəxr etməyənin cibindən narkotik, evindən Molotov kokteyli çıxmalıdır. Bütün qohumları işdən qovulmalı və yalnız gəlib onun evinin qənşərində etiraz mitinqi keçirəndən və, yaxşı olar ki, üzünə tüpürəndən sonra, işinə bərpa olmalıdır.

Hələlik işlər yaxşı gedir. Belə getsə, Üçüncü Respublika vurub İkincini də keçəcək. Yəni Dördüncü heç vaxt olmaya bilər.

Dərindən fikirləşəndə Dördüncü Respublika heç lazım da deyil. İndikindən yaxşı nə ola bilər ki? Çim yağ, bal-qaymaq…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDüşmən əhatəsində