Dünyanın neft ehtiyatları

Bu hökumət ancaq neftin bahalaşacağı, köhnə günlərin geri dönəcəyi xülyası ilə yaşayır

Source:

Bu hökumət ancaq neftin bahalaşacağı, köhnə günlərin geri dönəcəyi xülyası ilə yaşayır

Neftin sənaye üsulu ilə hasilatının tarixi cəmi 150 ildir, qədimdə neft bulaq kimi yerdən qaynayır, insanlar da onu toplayaraq bəzi məqsədlər üçün istifadə edirdilər. Neftin sənaye üsulu ilə hasilatı dünya iqtisadiyyatını, dünyanın şəklini, hərb anlayışını, təhlükəsizlik və maraqlar məsələsini kökündən dəyişdi, sənaye inqilabını özü ilə bərabər gətirdi.

20-ci əsrin neftlə bağlı əsas tezisi bundan ibarət idi ki, neft tükənən nemətdir və insanlıq nefti tam şəkildə əvəz etməyi bacarmayacaq, ehtiyatlar tükəndikcə, neftin qiyməti qalxacaq. Keçən əsrin 90-cı illərində 20-25 ildən sonra neftin hər barelinin qiymətinin 250-300 dollara qalxacağı haqqında çox qorxunc proqnozlar verilirdi və bu da neftin tükənəcəyi konsepsiyası ilə əlaqədar idi.

Artıq həmin 20-25 il keçib, neft isə 45-50 dollar civarındadır. Təbii ki, qiymətlərin bu səviyyədə olmasında yeni texnologiya və alternativ enerjinin yüskək templə inkişaf etməsi ilə yanaşı, neft ehtiyatlarının nəinki tükənmədiyi, hətta hər il daha da artdığı məsələsi önəmli rol oynayır.

Gəlin dünya neft ehtiyatlarının səviyyəsinə nəzər salaq:

Göründüyü kimi, ABŞ dünyada neft ehtiyatlarının həcminə görə birinci yerdə qərarlaşdı, halbuki, cəmi 3 il öncə bu göstəriciyə görə həm Rusiyadan, həm də Səudiyyə Ərəbstanından geri qalırdı. Tək Texas ştatında son 2 ildə təsbit olunmuş ehtiyatların həcmi elə sürətlə artdı ki, bu ştat həmin göstəriciyə görə Küveyt dövlətini ötüb-keçdi.

Dünyaca məşhur və nüfuzlu “Rystad Energy” şirkətinin araşdırmalarına görə, ABŞ-da təsbit olunmuş neft ehtiyatları 264 mlrd. barel, Rusiyada 256 mlrd. barel, Səudiyyədə isə 212 mlrd. bareldir. Dünyada dəqiq təsbit olunmuş və həmən hasil oluna biləcək neft ehtiyatlarının həcmi isə 2.1 trilyon barel səviyyəsindədir. Bundan başqa, təsbit olunmuş, amma hasilatı ilə bağlı problemlər olan yataqlar da var. Məsələn, Arktika və Antarktidada böyük neft yataqları var ki, hələlik onların hasilatı baha başa gəldiyindən sərfəli sayılmırlar, amma bir müddət sonra onların hasilatının maya dəyəri də ciddi şəkildə aşağı düşəcək, necə ki, cəmi 10 il öncə ABŞ-da “slans” neftinin maya dəyəri 150-200 dollar idisə, bu gün 27-30, bəzi yerlərdə 40 dollara qədər düşüb.

Bir anlıq təsəvvür etsək ki, daha yeni yataqlar kəşf edilməyəcək, artıq bəlli olan təsbit edilmiş neft həcmi dünyanın təlabatını azı 70 il ödəməyə qadirdir. Maraqlı bir fakt da ondan ibarətdir ki, son 150 ildə, yəni 2015-ci ilə qədər dünyada neft hasilatı 1,3 trilyon barel olub, amma 2016-cı ildə dəqiqləşdirilmiş həcmlər, yuxarıda da qeyd etdiyim kimi, 2,1 trilyon bareldir.

Deməli, neft nəinki tükənmir, hətta sürətlə artır, bu gün dünyada 1990-cı ildə təsbit olunmuş neft yataqlarının həcmindən 6 dəfə daha çox neft ehtiyatı var, halbuki, son 25 ildə neft istehlakı da sürətlə artırdı.

Dünyada yeni texnologiyaların, alternativ enerji layihələrinin inkişaf sürəti onu deməyə əsas verir ki, neft erası bitmək üzrədir, Dünyada insanlığı “neft tükənəcək” tezisi ilə qorxudaraq qiymətləri artırmaq daha mümkün olmayacaq. Bir daha, “daş dövrü, dünyada daş bitdi deyə sona çatmadı”, bunu Azərbaycan hökuməti də anlasa, dərk etsə, ölkəmiz üçün yaxşılıq etmiş olardılar. Dərk etsələr, bununla barışsalar, özləri istefa verib gedərlər, çünki bu hökumət ancaq neftin bahalaşacağı, köhnə günlərin geri dönəcəyi xülyası ilə yaşayır…

Ana səhifəXəbərlərDünyanın neft ehtiyatları