Həmasın və digər fələstinli militant qrupların 2023-cü il 7 oktyabrda Əl-Əqsa Tufanı adını verdikləri və 1139 nəfəri öldürüb, 240 nəfəri girov götürdükləri hücumundan və İsrailin 18 ildir blokadada saxladığı Qəzzada aktiv hərbi əməliyyatlara başlamasından tam 2 il keçdi.
Bu ana qədər Qəzzada 67.000-dən çox insan həyatını itirib. Bu, o deməkdir ki, hər 33 qəzzalıdan biri artıq həyatda yoxdur. Qəzzanın 169.000 yaralısı var, yəni, hər 14 qəzzalıdan biri bu 2 il ərzində müharibədən yara alıb. 125 hospital və klinika vurulub, 1722 tibb işçisi öldürülüb. 154-ü uşaq olmaqla 459 nəfər aclıqdan ölüb.
2600 Qəzzalı qida yardımları topladığı əsnada öldürülüb, 19000-dən çox insan bu zaman yaralanıb. Qəzzada 89% su və sanitariya sistemi ya zərər görüb, ya dağılıb. Zolaqda yaşayış binalarının 92%-dən çoxu dağıdılıb. Bu müharibə jurnalistlər üçün də ən ölümcülü hesab olunur. Təxminən 300 media əməkdaşı bu müharibə zamanı həyatını itirib, onlardan bir çoxu birbaşa hədəfə alınaraq öldürülüb.
Bu müddətdə onlarla insan haqları təşkilatı İsrailin Qəzzada soyqırımı törətdiyini bildirdi.
“Dünyanın ilk canlı yayımlanan soyqırımı” ifadəsi təkcə sıravi insanların yox, beynəlxalq təşkilatların və akademiyaların da lüğətinə keçdi.