”Məhkəmənin prezidentin tapşırığı ilə qərar verməsi ölkənin qaydalarla idarə edildiyini tesdiqləyir”
“Nardaran ağsaqqalı Natiq Kərimovun ev dustaqlığına buraxılması haqda məhkəmənin prezidentin göstərişi əsasında qərar verməsi sual yaradır”.
Bu sözləri Meydan TV-yə hüquqşünas Müzəffər Baxışov deyib.
Hüquqşünas düşünür ki, bu fakt Azərbaycanın hüquqa söykənən dövlət olmadığını, qaydalarla idarə edildiyini təsdiqləyir: “Belə çıxır ki, Natiq Kərimov heç bir cinayət törətmədiyi halda Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunaraq haqqında sifarişli həbs-qətimkan tədbiri seçilmişdi. Prezident göstəriş verəndən sonra yenə həmin sifarişlə işləyən məhkəmələr və hakimlər Kərimov barəsində seçilən həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz ediblər. Dünyanın heç bir yerində belə dövlət hakimiyyəti ola bilməz”.
Həftənin əvvəlində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Nardaran qəsəbəsinin ağsaqqalı kimi tanınan Natiq Kərimovun daxili işlər naziri Ramil Usubovla qəsəbə sakinlərinin bir qrupu arasında “gərgin danışıqların nəticəsi olaraq” azadlığa buraxıldığına dair virtualaz.org saytında yer alan xəbəri təkzib edib.
Sadiq Gözəlov APA-ya bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən daxili işlər naziri Ramil Usubov yanvarın 17-də bir qrup Nardaran sakini ilə görüşüb. Nazir Ramil Usubov qaldırılan problemlərin həll olunması üçün digər dövlət strukturları ilə birlikdə müvafiq işlərin görüləcəyini, həmçinin prezident İlham Əliyevin Natiq Kərimovun yaşını və səhhətini nəzərə alaraq məsələyə humanistcəsinə yanaşdığını, onun barəsində cinayət işinin istintaqının həbssiz aparılmasına dair tapşırıq verdiyini qəsəbə sakinlərinin diqqətinə çatdırıb.