Dünyanın ən kasıb prezidenti

Xose Muxika: “Məğlubiyyətlər, zəfərlərdən daha çox öyrədir”

Source:


Xose Muxika: “Məğlubiyyətlər, zəfərlərdən daha çox öyrədir”

Demək olar ki,dünyanın əksər ölkələrində insanlar tez-tez şikayət edirlər ki, siyasətçilər sadə xalqın necə yaşadığını bilmirlər və başa düşmürlər.Ancaq Uruqvayda belə deyil.

Tanış olun – prezident Xose Muxika, sadə həyat tərzi sürüb. 2012-ci ildə BBC prezidentin qonağı olub və onun həyat tərzini qələmə alıb. Hazırda Xose Muxikanın 80 yaşı var, təqaüddədir. Meydan TV BBC-nin vaxtilə hazırladığı həmin reportajın tərcüməsini oxucularına təqdim edir: (http://www.bbc.com/news/magazine-20243493)

Prezident Muxika köhnə fermada yaşayır və əmək haqqının demək olar ki, böyük hissəsini xeyriyyəçiliyə sərf edir.

Onun evinin qarşısında zivədə paltar asılıb. Su üçün həyətin ortasında bitmiş otların arasındakı quyuya getmək lazımdır. Evi cəmi iki polis və üçayaqlı Manuela ləqəbli it qoruyur.

Uruqvay prezidenti Xose Muxika məhz belə yaşayır.Onun həyat tərzi digər dünya liderlərinin həyat tərzinə qətiyyən oxşamır. Prezident Muxika rəsmi iqamətgahda yaşamaqdan imtina edir və paytaxt Montevideo yaxınlığındakı ata yurdu olan ferma ərazisində yaşamağı üstün tutur. Evə yalnız bir ensiz torpaq yol var.

Prezident və həyat yoldaşı satmaq üçün gülçülüklə məşğul olurlar, işçiləri yoxdur.

“Mən çox yaxşı yaşayıram”

Bu cür həyat tərzinə görə, həmçinin maaşının 90 faizini xeyriyyəçiliyə xərclədiyinə görə onu dünyanın ən kasıb prezidenti adlandırırlar. Xose Muxika prezident kimi 12000ABŞ dolları aylıq maaş alır.

“Mən bütün ömrümü belə yaşamışam” – Muxika deyir.Öz bağında köhnə stulda oturaraq danışır: ”Mənim nəyim varsa, onunla yaxşı yaşaya bilərəm”.

Prezident öz pullarını xeyriyyə təşkilatlarına bağışlayır.Xeyriyyə təşkilatları isə həmin pulları yoxsul, kasıb insanlara və kiçik sahibkarlara köməklik üçün istifadə edirlər. Bunun nəticəsində onun maaşı Uruqvayın orta əmək haqqı səviyyəsinə bərabər olur – 775ABŞ dolları.

Uruqvayın bütün dövlət qulluqçuları öz gəlir və şəxsi əmlakları barədə bəyannamə verməlidirlər. 2010-cu ildə onun mülkiyyəti 1800ABŞ dolları qiyməti olan 1987-ci ilin “Volkswagen Beetle”-dən ibarət idi.

2012-ci ildə Muxika bəyannaməyə həyat yoldaşının mülkiyyətinin yarısını da əlavə edib – torpaq sahəsi, bir neçə traktor və ev. Nəticədə onun sərvəti 215000ABŞ dollarınadək artıb.

Bu vitse-prezident Danilo Astorinin bəyannaməsindəki gəlir və mülkiyyətinin üçdə ikisi, sələfi Tabare Vaskesin sərvətinin üçdə biri qədərdir.

Xose Muxika 2009-cu ildə prezident seçilib. O, 1960-cı və 70-ci illərdə Kuba inqilabından ruhlanaraq yaranmış solçu silahlı hərəkat olan “Tupamaros” dəstələrində döyüşüb.

Muxika 6 dəfə yaralanıb, 14 ilini həbsxanada keçirib.O, cəzasının böyük hissəsini təkadamlıq kamerada sərt və təcrid edilmiş şəraitdə çəkib. Muxika azadlığa 1985-ci ildə, Uruquvayda demokratik şərait yarandıqdan sonra çıxıb.

Prezident Muxika deyir ki, həbsxanada keçirdiyi illər onun dünyagörüşünün, həyata baxışının formalaşmasına kömək olub:

“Məni dünyanın ən kasıb prezidenti adlandırırlar, ancaq mən özümü kasıb hesab etmirəm. Kasıb o adamlardır ki, dəbdəbəli həyat tərzlərini qoruyub saxlamaq üçün çalışırlar və həmişə daha çoxunu istəyirlər… Bu azadlıq məsələsidir. Əgər sizin çoxlu mülkiyyətiniz yoxdursa(və ya daha az mülkiyyətiniz (əşyalarınız)), onları saxlamaq üçün kölə kimi işləməyə ehtiyac qalmır(onları əldə etmək üçün qul kimi işləməyin mənası yoxdur), buna görə də özünüz üçün daha çox vaxtınız qalır” – Muxika deyir.

“Ola bilər ki,mən qəribə yaşlı adam kimi görünürəm… amma bu, mənim azad seçimimdir”

Digər liderlərdən nə qədər fərqlənsə də, Uruqvayın vegeterian prezidenti siyasətçi olaraq qalır. “Muxika öz həyat tərzinə görə çoxlarının xoşuna gəlir. Ancaq bu, o demək deyil ki, hökumətin siyasətinə görə onu tənqid etmirlər” – uruqvaylı sosioloq İqnasio Suasnabar deyir.

Uruqvay müxalifəti bəyan edir ki, iqtisadi artım təhsil və səhiyyənin səviyyəsinin yüksəldilməsinə kömək olmadı. Prezidentin reytinqi isə 50 faizdən aşağı düşüb.Ancaq Muxika reytinqinin aşağı düşməsinə görə narahat olmaya bilər. Belə ki, qanunlar ona 2-ci dəfə prezident seçilməyə icazə vermir. Böyük ehtimalla o pensiya alacaq. Bir çox keçmiş prezidentlərdən fərqli olaraq Muxikaya gəlirlərinin kəskin azalmasına uyğunlaşmağa ehtiyac qalmayacaq.

P.S.Xose Muxika bir dəfə belə bir ifadəsi olub: “Başqa boş şeylərlə məşğul olsanız, xalqınız üçün vaxtınız qalmayacaq”. O, bunu deməklə prezident sarayında yaşamaqdan imtina etməsini izah etməyə çalışıb.Həbsxanadan azadlığa çıxanda isə özü üçün bir dərs aldığını belə ifadə edir: “Məğlubiyyətlər, zəfərlərdən daha çox öyrədir”.

2013-cü ildə Xose Muxika mətbuat konfransı zamanı mikrofonun açıq olmadığını zənn edərək, Argentina prezidenti Kristina Kirşner və onun həyat yoldaşı,keçmiş prezident Nestor Kirşneri nəzərdə tuturaq: ”Bu qoca o çəpgözdən daha pisdir” – deyib.

Ana səhifəXəbərlərDünyanın ən kasıb prezidenti