Dünyanın analoqsuz xuliqanları

Etiraf edim ki, vətənə sevgi mənim sarı simimdir

Source:

Etiraf edim ki, vətənə sevgi mənim sarı simimdir. Özümü əqlanilik (rasionalizm) tərəfdarı sayıram və bu bucaqdan müasir Azərbaycana baxanda, anlayıram ki, fəxr ediləsi, qürrələniləsi heç zadımız yoxdur. Anlayıram ki, rəsmi təbliğatın hap-gopuna rəğmən, Azərbaycan dünyanın ən həqir ölkələrindən biridir. Hətta hakimiyyətimizin lovğalandığı neft gəlirləri belə bizə ağıllı adamların gözündə ar gətirir, zira bu qədər böyük pulu bu qədər səfeh tərzdə tam əbəs məqsədlərə xərcləyən ikinci belə dövlət və millət, çətin ki, tapılsın.

Ərazisi və əhalisi bizdən üç dəfə kiçik Ermənistana müharibəni biabırcasına uduzmuşuq. Hələ bu azmış kimi, bunu dərk etməyərək, arsız-arsız bu əbləh müharibə ilə lovğalanırıq, məğlubiyyət generallarına rütbə və milli qəhrəman adları veririk! Hər min nəfər əhaliyə düşən milli qəhrəmanların və generalların sayına görə vətənimiz dünyada utandırıcı birinci yeri tutur. Deyirlər ki, tək bir Nehrəm kəndindən 14 generalımız var…

Sosialist Azərbaycanı dünyanın 67 ölkəsinə dəzgah və cihaz ixrac edirdi. Müstəqil Azərbaycan Liviya və Kuveytin səviyyəsinə dığırlanıb yalnız neft satır, öz konstruktor, mühəndis və ixtisaslı fəhlə potensialını göyə sovurub. Qısa zaman kəsiyində tənəzzül nərdivanı boyunca girdabın təkinə düşmüş və bunu qanmayaraq inkişafdan ağızdolusu danışan ikinci belə dövlət, çətin ki, tapıla!

Sovet Azərbaycanında hakimiyyətlə xalq arasında dərin bir uçurum var idi, həyatın möhnətli çağında nə yad hakimiyyət xalqa, nə yad xalq hakimiyyətə dayaq olmaq istədi. Müasir Azərbaycanın hakimiyyəti xalqımıza nisbətən bəlkə də yəhudi və ya ingilis xalqlarına daha yaxındır. Müxtəsər, nə hakimiyyət xalqa inanır, nə də xalq hakimiyyətə. Dövlət çətin sınaq qarşısında qalsa, hakimiyyət xaricə qaçıb öz başına orada çarə qılacaq, xalq ölkədə qalıb içəridə başını girləyəcək. Nə hakimiyyət xalqa söykənə biləcək, nə də xalq hakimiyyətdən nə isə umacaq. Günün günorta çağı xalqın malını basıb yeyən, abır-həya bilmədən yağmalayan, oğurlayıb xaricə qaçıran hakimiyyətdən yalnız üç yaşlı körpə uşaq kömək gözləyə bilər.

Yadelli düşmən Qarabağı Azərbaycandan qoparanda hansı hakimiyyət qeyrətə gəlib Vətəni qorudu? Özünü kommunist adlandıran buqələmunlarmı? Özünü Xalq Cəbhəsi adlandıran vəzifə hərislərimi? Özünü xalqa xilaskar kimi sırıyan neft dəllallarımı?

Otuz ildir müstəqilik. Sovet xalqı otuz ilə viranə SSRİ-ni tam bərpa edib fəzaya peyk və insan göndərdi. Müstəqil Azərbaycanın hakimiyyəti dövlətimizin adını dünyanın ən mötəbər təşkilatlarının tərtib etdiyi ən geridə qalmış, ən mürtəce, ən bədnam dövlətlər siyahısına saldı. Kim dünyada ədalətsiz məhkəmə qərarları üzrə birincidir? Azərbaycan! Kim insan haqlarının pozulmasına görə ən çox tənqid edilir? Azərbaycan! Kim ifadə azadlığının boğulmasına, jurnalistlərin öldürülməsinə, şərlənərək həbs edilməsinə görə hamıdan çox məzəmmət edilir? Azərbaycan! Hansı dövlətin ali məqamlı məmurlarının oğurluqlarının və rüşvətlərinin gizlinləri dünya mediasının başlıqlarına çıxarılır? Azərbaycanın! Hansı dövlətin xarici siyasəti xalqa və dövlətə deyil, yalnız hakim zümrənin iqtisadi və siyasi maraqlarına xidmət edir? Azərbaycanın! Hansı dövlət öz xalqına xarici siyasətinin Lissabon məğlubiyyətini qələbə kimi bayram elətdirir? Azərbaycan! Hansı dövlət müharibədə uduzduğu torpaqların düşmən tərəfindən hüquqi ilhaqı üçün əlindən gələni edir? Azərbaycan! Hansı dövlət silah alınması bəhanəsilə xaricə milyardlarla dollar köçürüb bu pulu rüşvətə və eyş-işrətə xərcləyir? Azərbaycan! Hansı dövlətin həmkarlar lideri zəhmətkeşin malını əlindən alıb önu intihara sövq edir? Azərbaycan! Hansı dövlət öz vətəndaşlarının istehsalat qəzalarında həlak olmasını təhqiq etmir və müqəssirləri cəzalandırmır? Azərbaycan!

Nə isə, bəlalarımız sadalanmaqla tükənməz. Hansı səmtə, yansı yana baxırıqsa, möhtərəm cənabları demişkən, yalnız utanmalıyıq!

Hakimiyyət elə belə də edir! Oğurlayır və utanır. Rüşvət verir və utanır. Rüşvət alır və utanır. Vətəndaşı şərləyib qazamata salır və utanır. Qazamatda ona işgəncə verir və utanır. İnsanların qürur və ləyaqətini qırır və tapdalayır, lakin bu zaman utanmağı da unutmur! Hər gün, hər saat Azərbaycan Konstitusiyasını pozur və utanır.

Utanmaq məharəti və şakəri ali peşəkarlıq səviyyəsinə çatıb. Milli utanmağın mahiyyəti ondan ibarətdir ki, hakimiyyət bir-birindən utanır, öz aralarında, dar bir şevrədə utanır, dünyayi-aləmdən və külli-əhli-Azərbaycandan utanmır.

Buna son misalı milli xuliqanlıq nümunələrində müşahidə edə bilərik.

Milli xuliqanlıq elə bir zaddır ki, bu sahədə biz Kürreyi-Ərzdə hamıdan irəlidəyik və məhz bu sahədə birinciliklə mən fəxr edirəm. Dünyanın harasına baxıramsa, bizdəki kimi keyfiyyətli xuliqan görmürəm. Bizim milli xuliqanlar dünyada analoqu olmayan xuliqanlardır!

Xuliqan kimdir? Başqa ölkələrdə xuliqan tərbiyəsiz, ədəbsiz, qanunları və ictimai davranış qaydalarını aşkar pozan heyvərənin biridir. Onlar cəmiyyətin təkində, ən aşağı, bihörmət pillələrdə məskunlaşan vücuddurlar.

Kül olsun başqa dövlətlərin başına! Onlar utansınlar! Onların xuliqanları Azərbaycan xuliqanlarının əlinə su belə tökməyə layiq deyillər!

Özünüz deyin, hansı ölkə bizdəki xuliqanların qarşısına onlara layıq rəqib xuliqan çıxara bilər?

Gəlin baxaq bizim xuliqanlar kimdir. Bu xuliqanlar, cəsarətlə deyə bilərik ki, dünyada ən keyfiyyətli xuliqanlardır! Belə xuliqanlar, demək caizdirsə, başqa xalqların fəxri, millətin qaymağı sayıla bilərdi, amma bizdə onlar xuliqandırlar, millətin şorudurlar!

Buyurun: Azərbaycanın sabiq xalq yazıçısı Əkrəm Əylisli. Sabiq sözünü ona görə yazıram ki, hakimiyyətimiz analoqu olmayan addımlarından biri kimi onu təltif etdiyi bu fəxri addan məhrum edib.

Ağzımda sizə xuliqan deyirəm ha! Xuliqan nə xuliqan! Misli- bərabəri yoxdur! Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib, yəni ali təhsillidir.

Onlarla romanın və yüzlərlə hekayənin müəllifidir. Kitabları onlarla xarici dillərə tərcümə olunub və çap edilib. Elə istintaq altında olan xuliqan sayıla-sayıla bu günlərdə əsəri İtaliyada çap edilib. Hakimiyyətimiz onun əlindən alana kimi xeyli sayda orden-medal və fəxri fərman və adların daşıyıcısı idi. Hətta ölkə parlamentində beş il əyləşib millətin vəkili olmuşdu.

Xuliqanın boyu 158 santimetr, çəkisi aşağı-yuxarı 65 kilodur. Yaşı 80-ı ötüb. Dünyanın heç bir ölkəsində belə balaca və yaşlı xuliqan yoxdur və ola da bilməz! Belə yaşlı xuliqan yalnız 138 yaşlı Şirəli Müslümovun doğma diyarı Azərbaycanda ola bilər!

Səmimi etiraf edin, hansı başqa dövlətdə və xalqda belə xuliqan ola bilər? Heç yerdə! Yalnız Azərbaycanda! Xuliqan Əkrəm Əylislinin keyfiyyət nişanını dövlətimizin istintaq orqanları ona qarşı qaldırdıqları və illərlə apardıqları cinayət işi ilə təsdiq ediblər. Xuliqan Əkrəm Əylisli isə heç bir hüquq müdafiəçisinə müraciət etmədən hakimiyyətə yalvarır ki, “mənim cinayət işimi bağlayın!” Yəni xuliqanlığı o həddə çatıb ki, heç müqavimət də göstərə bilmir.

Lakin millətimizin başını uca edən təkcə sabiq xalq yazıçısı xuliqan Əkrəm Əylisli deyil! Bizim millət analoqu olmayan xuliqanlarla çox zəngindir. Heç kəsin ağlına belə gəlməyən xuliqanlar vətənimizin bütün dilbər guşələrində ora-bura qaçışırlar. Vətənin ağır vəziyyətini anlayan və buna etiraz edən hər bir gənc sözün əsl mənasında xuliqandır. Lakin xuliqanlar yalnız ahıl qoca Əkrəm Əylisli və ya qazamatda çürüyən İlkin Rüstəmzadə deyil. Orta yaşlı xuliqanlarımız da boldur.

Belə xuliqanlardan birinin adını-soyadını polis xronikasında oxuyub fərəhdən az qala göylərə pərvazlanırıq. Xuliqan nə xuliqan! Sözlə demək, fırça ilə təsvir etmək mümkün deyil!

Ali savadlı hüquqşünas! Zəngin hakimlik və prokurorluq təcrübəsi! Hüquq şirkətinin sahibi! Elmi və publisistik kitab və məqalələrin müəllifi!

Özünüz deyin, başqa bir ölkədə belə xuliqan varmı?

Heç vaxt! Heç yerdə!

Yalnız Azərbaycanda!

Bu xuliqan Aslan İsmayılov digər xuliqan Əkrəm Əylislidən heç də əskik deyil! Onun hüquqşünas olması isə onu bəlkə də xuliqanlıq pilləkanında Əkrəm Əylislidən daha üstün mərtəbəyə qaldırır.

Özü də Əkrəm Əylisli öz xuliqanlığını etiraf edib hakimiyyətimizdən aman dilədiyi halda, Aslan İsmayılov cinayətini etiraf etmək istəmir və bizim hakimiyyətin gözündə ən ağlasığmaz xuliqanlığı törədir: öz konstitusion hüquqlarını qorumaq kimi milli əxlaqımıza zidd bir əmələ əl atır.

Mən həqiqətən bu xuliqanlarla fəxr edirəm. Onlardır mənim millətimin başını uca edənlər!

Heç olmasa bir sahədə: dünyada həqiqətən analoqu olmayan xuliqanlıq sahəsində…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDünyanın analoqsuz xuliqanları