50-dən çox ölkədən olan 270 media orqanı Qəzzada jurnalist qətllərinin dayandırılmasını tələb edən qlobal etiraz aksiyasına başlayır.
Etiraz aksiyası Sərhədsiz Reportyorlar Təşkilatı (RSF), “Avaaz” qlobal hərəkatı və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) tərəfindən koordinasiya olunur.
Prosesə bugünlərdə Qəzzada 5 jurnalistin ölümündən sonra başlanılıb. Məqsədi, İsrailin Qəzzada çoxlu sayda jurnalisti öldürməsinə diqqət cəlb etməkdir.
Avqustun 25-də İsrailin Qəzzanın cənubunda, Xan Yunis şəhəri yaxınlığındakı Nasser xəstəxanasına etdiyi hava zərbəsi nəticəsində Hussam al-Masri, (Reuters-in operatoru), Mariam Abu Dagga, (Associated Press-in müstəqil müxbiri), Mohammed Salama (Al Jazeera-nın fotojurnalisti), Moaz Abu Taha (NBC-nin fotojurnalisti) və Ahmad Abu Aziz (Quds Feed-in fotojurnalisti) həlak olub.
Bu gün, sentyabrın 1-də nəşr olunan qəzetlər ön səhifələrini qara rənglə yayımlayacaq, televiziya və radio kanalları proqramlarını kəsəcək, onlayn media saytları isə ana səhifələrini dəyişdirəcək.
Bu media orqanları arasında böyük qəzetlər, xəbər saytları və beynəlxalq media kanalları yer alır. Məsələn, Al Jazeera, Mediapart, The Independent, Reuters, Associated Press kimi tanınmış orqanlar bu kampaniyada iştirak edəcək. Qlobal kampaniyada Meydan TV də iştirak edir.
Kampaniya çərçivəsində çoxsaylı məqalələr, xəbərlər, analizlər və reportajlar dərc ediləcək. Bu yazılar, İsrailin jurnalistlərə qarşı törətdiyi cinayətləri və onların cəzalandırılmaması məsələsini gündəmə gətirəcək. Sosial media platformalarında #StopKillingJournalists və #OpenGazaToThePress kimi etiketlər altında paylaşım ediləcək.
Həmçinin dünya üzrə müxtəlif şəhərlərdə etiraz aksiyaları təşkil ediləcək. Bu aksiyalar jurnalistlərin həyatını təhlükə altında qoyan vəziyyəti pisləyəcək və beynəlxalq media orqanlarının sərbəst fəaliyyətinə icazə verilməsi çağırışını yüksəldəcək.
Kampaniya dünya liderlərini İsrail ordusunun jurnalistlərə qarşı törətdiyi cinayətlərə son qoymağa və Qəzza zolağından çıxmaq istəyən jurnalistlərin təxliyəsini təmin etməyə çağıracaq. Həmçinin, xarici mətbuatın Qəzza zolağına müstəqil şəkildə girməsinin təmin olunması tələbi də irəli sürüləcək.
Bu prosesə daxil olan media orqanları və təşkilatlar, dövlətlərə və beynəlxalq təşkilatlara müraciətlər göndərəcək, həmçinin İsrailə qarşı təzyiq vasitəsi olaraq geniş kampaniyalar təşkil olunacaq.
Ümumiyyətlə, bu kampaniya beynəlxalq ictimaiyyətin, jurnalistlərin, media orqanlarının və hüquq müdafiəçilərinin səfərbər olmasını tələb edir. Məqsəd, Qəzzada jurnalistlərin həyatını təhlükəyə atan cinayətlərin qarşısını almaq və mətbuat azadlığını qorumaqdır.
Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) məlumatına görə, 7 oktyabr 2023-cü ildən bu yana Qəzzada ən azı 210 jurnalist öldürülüb.
Bu müddət ərzində İsrail beynəlxalq mətbuatın sərbəst şəkildə Qəzzada fəaliyyət göstərməsini qadağan edib və fələstinli jurnalistlər atəş altında işləmək məcburiyyətində qalıb.
RSF-nin baş direktoru Thibaut Bruttin bildirib ki, jurnalistlər hədəf alınaraq öldürülür:
“Bu vəziyyətin davam etməsi nəticəsində yaxın gələcəkdə dünyanı məlumatlandıran bir kəs qalmayacaq. Bu, həm də İsrailin jurnalistlərə qarşı törətdiyi cinayətlərin və onların cəzalandırılmamasının ciddi təhlükə yaratdığına dair bir xəbərdarlıqdır. Bu yalnız Qəzzaya qarşı bir müharibə deyil, eyni zamanda jurnalistikaya qarşı bir müharibədir. Jurnalistlər öldürülür, hədəf alınır, onlara şər-böhtan atılır. Onlarsız kim aclıq haqqında danışacaq, kim müharibə cinayətlərini ifşa edəcək, kim soyqırımları pisləyəcək?”
RSF həmçinin Beynəlxalq Cinayət Məhkəməsinə İsrail ordusunun Qəzzada jurnalistlərə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı müraciətlər göndərib.