Dünyamin Xəlilov: Ziyanı ödəmək fikrim yoxdur

“Banka gedib kredit müqavilələrinə qol çəkən şəxslərdən xəbərim olmayıb”

Source:
Dünyamin Xəlilov
Dünyamin Xəlilov


“Banka gedib kredit müqavilələrinə qol çəkən şəxslərdən xəbərim olmayıb”

Martın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda Dünyamin Xəlilov ifadə verib. O bildirib ki, uzun müddət Neft Şirkətində çalışıb:

“2005-2010-cu ildə deputat olmuşam. Daha sonra ictimai birliyə rəhbərlik etmişəm. İctimai işlərlə məşğul olmuşam. 2005-ci ildən sonra kommersiya fəaliyyəti ilə məşğul olmamışam. “Beynəlxalq Bank”ın rəhbərliyi ilə işgüzar münasibətdə olmuşam. 2001-2004 və 2005-ci illərdə bankın bir sıra layihələrində iştirak etmişəm. Bank rəhbərliyinin göstərişi ilə hesabatlar hazırlamışam və monitorinqlər keçirmişəm. Monitorinq keçirmişəmsə, bu, o demək deyil ki, o şirkətlər mənimdir. Prosesləri məndən başqa bankın idarə heyətinin üzvləri də izləyib. Müəssisələrə kreditlərin ayrılması təşəbbüsü bank tərəfindən gəlib. Banka gedib kredit müqavilələrinə qol çəkən şəxslərdən xəbərim olmayıb. Bank əməkdaşları göstəriş alıblar, krediti rəsmiləşdiriblər. O pulları biz görməmişik, toxunmamışıq. O pullar qalıb bankda və sonradan müəssisənin inkişafına yönəlib. Ayrılan vəsaitlər mənimsənilməyib. Kredit ayrılması barədə qərar mən və digər təqsirləndirilən şəxslər tərəfindən verilməyib. Bu, bank rəhbərliyi tərəfindən edilib. 2015-ci ildə dəfələrlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olmuşam. Bu məsələni onlarla birikdə araşdırmışam. Müstəntiqlər bu işləri yaxşı bilmirdilər. Hansı vəsait hara xərclənib, onlara demişəm. Məni mənimsəmədə təqsirləndirirlər. Ancaq biz bu pulları götürməmişik. Əgər mənimsəsəydim, onda sənədləri gizlədərdim. Əminəm, siz işə ədalətli baxıb, ədalətli qərar qəbul edəcəksiniz. Vergi ittihamı ilə bağlı da özümü təqsirli bilmirəm. Hamısı absurddur. Cahangir Hacıyevlə (“Beynəlxalq Bank”ın İdarə Heyətinin həbsdə olan sabiq sədri) 1978-ci ildən tanışıq. Onunla qonşu olmuşuq. Lakin dostluq və qohumluq münasibəti olmayıb. Münasibətimiz işgüzar olub. Yaxşı münasibətimiz olub. Mən bir müddət “Beynəlxalq Bank”ın səhmdarı olmuşam. Bir səhmdar kimi maraqlı olmuşam ki, bu layihələr həyata keçsin, bank mənfəətlə işləsin və biz gəlir əldə edək”.

Daha sonra vəkillər ondan zərəri ödəmək istəyib-istəməməsini soruşublar. O bildirib ki, belə fikri yoxdur:

“Hər göstəriş verən ziyan ödəməlidir? Sizi anlamıram. Elə bir fikrim yoxdur”.

İclasda digər təqsirləndirilən Şakir Musayev (“İnter Tekstil” şirkətinin İdarə Heyətinin üzvü olub) bildirib ki, ona “İnter Tekstil” şirkətinin işçilərinin banka göndərilməsi və adlarına kredit rəsmiləşdirilməsi barədə göstərişi Dünyamin Xəlilov verib.

Proses martın 16- davam edəcək.

2015-ci ilin yayından “Beynəlxalq Bank”a kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs-qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

İttiham aktında göstərilib ki, D.Xəlilov, Şakir Musayev və Seyfulla Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə “Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin – 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.

Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, Mənsur Zeynalov, Fərhad Əmiraslanov, Ş.Musayev, Rauf Əliyev “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.

İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.

Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.

Ötən il “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərDünyamin Xəlilov: Ziyanı ödəmək fikrim yoxdur