İş adamının məhkəməsində şahidlər ifadə verib
Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat, iş adamı Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclas şahidlərin ifadəsi ilə davam etdirilib.
Şahid Nizami Həmidov ifadəsində bildirib ki, “İntertekstil” şirkətində mexanik vəzifəsində işləyib. N.Həmidov adına şirkət üçün 200 min kredit götürülüb: “Müdriyyət demişdi. Mən də gedib qol çəkdim. Amma pulu mən almamışam”.
Layihələri Dünyamin müəllim təqdim edirdi
Digər şahid Akif Əliyev hazırda “Beynəlxalq Bank”ın İdarə Heyətinin üzvü olduğunu və Cahangir Hacıyevin rəhbər olduğu dövrdə isə Kredit Komitəsinə sədrlik etdiyini söyləyib.
O bildirib ki, Kredit Komitəsinin sədri olarkən bir dəfəyə 2 milyon 400 min manata qədər kreditin verilməsinə səlahiyyəti olub. Akif Əliyev onu da deyib ki, Dünyamin Xəlilovun işi üzrə ayrılan kreditlərə rəhbərlik razılıq verib.
Hakim şahid Akif Əliyevə sual verərək rəhbərlik deyərkən kimi nəzərdə tutduğunu dəqiqləşdirib. Şahid A.Əliyev rəhbər kimi həmin vaxt bankın İdarə Heyətinin sədri olan Cahangir Hacıyevin adını çəkib:
“Dünyamin Xəlilovu bankın layihələrini həyata keçirən məsul şəxs kimi tanımışam. Layihələri Dünyamin müəllim təqdim edirdi. Bilirdim ki, o, “General Construction” şirkətinin rəhbəridir. Cahangir müəllim demişdi ki, Dünyamin müəllim bankın layihələrini həyata keçirir. Cahangir Hacıyevlə razılaşdırıldıqdan sonra kredit verilirdi” – deyə ifadə verən Akif Əliyevdən hakim nə qədər maaş aldığını soruşub.
A.Əliyev həmin vaxt 5 min manat maaş aldığını söyləyib.
Cahangir Hacıyevdən göstəriş almışam
Daha sonra hazırda “Beynəlxalq Bank”ın İdarə Heyətinin sədrinin müşaviri olan Emin Mustafayev ifadə verib.
Əvvəllər Cahangir Hacıyevin müavini, bir müddət isə bankın Kredit Komitəsinin sədri vəzifəsində çalışan Emin Mustafayev Cahangir Hacıyev vəzifədən çıxarıldıqdan istintaq orqanına şikayət edib. Onun şikayəti əsasında Cahangir Hacıyev barəsində cinayət işi başlayıb.
E.Mustafayev məhkəmədə şahid kimi ifadə verərkən deyib ki, təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovu və “İntertekstil” şirkətinin müdiri olmuş Şakir Musayevi tanıyır.
Hakim E.Mustafayevdən “Beynəlxalq Bank”a məxsus pulların mənimsənilməsində rolu olub-olmaması ilə maraqlanıb. E.Mustafayev isə heç bir rolunun olmadığını deyib:
“Mən Kredit Komitəsinin sədri olarkən Cahangir Hacıyevin göstərişini almışam. Kreditlərin verilməsinə icazə sənədini imzalayıb, filiallara çatdırmışam. Kreditlər də fiziki şəxslərin adına rəsmiləşdirilirdi. Amma özlərinə verilməyib, əvvəlki kreditlərin ödənilməsinə yönəldilirdi. Bu, sözsüz ki, qanun pozuntusu idi. Amma Cahangir Hacıyevin göstərişi idi. Cahangir Hacıyevin göstərişi əsasında şirkətlərin fəaliyyətinə Dünyamin Xəlilov nəzarət edirdi. Yəni, Dünyamin Xəlilov da Cahangirdən göstəriş alaraq iş görüb”.
Emin Mustafayev hazırda 4500 manat maaş aldığını deyib.
Növbəti şahid İlqar Abdullayev olub. İlqar Abdullayev Cahangir Hacıyevlə birlikdə həbs edilmişdi. Hökm elan edilərkən İ.Abdullayev şərti cəza ilə azadlığa buraxılmışdı.
O, məhkəmədəki ifadəsində bildirib ki, “İntertekstil” şirkətinin işçilərinə 2012-ci ildə kredit ayrılanda “Beynəlxalq Bank”ın Mərkəz filialının müdir müavini olub. 2014-2015-ci illərdə isə həmin filialın müdiri olub.
İ.Abdullayev ifadəsində deyib ki, fiziki şəxslərin adına ayrılan 200 minlik kreditlər Emin Mustafayevin göstərişi ilə verilib: “Emin Mustafayevin göstərişi ilə bir neçə nəfər filiala gəlmişdi. Həmin adamların hər birinə 200 min pul verilməli idi. Göstəriş olduğu üçün mən də vermişəm. Bu pullar da əvvəlki kreditlərin ödənilməsinə yönəldildi”.
Növbəti məhkəmə prosesi aprelin 6-da davam edəcək.
Xatırlatma
Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.
D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.