Dünyada “Qara turizm”in inkişafına təkan verən “Nüvə Məkkəsi” – Çernobıl

Səfərin kulminasiya nöqtəsi və ya reklamlarda deyildiyi kimi- ən həyəcanlı anı, partlayışın baş verdiyi, daha sonra sarkofaqla bağlanmış dörd saylı nüvə reaktorunun olduğu məkanın ziyarət edilməsidir.

Source: Specify Source


Burada kommunist dövrünün şüarları hələ də qalıb – onları radiasiya da qəbul etmir

“Mənim on iki yaşım var. Hər zaman evdə oluram, mən əliləm. Evimizdə poçtalyon mənə və babama pensiya gətirir. Sinifdə qızlar qan xərçəngimin olduğunu biləndə yanımda oturmaqdan qorxdular. Mənə toxunmaqdan da. Əllərimə baxdım… Sonra da portfelimə və dəftərlərimə… Heç nə dəyişməmişdi. Niyə məndən qorxurlar?

Həkimlər atamın Çernobılda işlədiyi üçün xəstələndiyimi dedilər. Daha sonra mən doğulmuşam. Onsuz da mən atamı çox sevirəm”.

Bu, yazıçı Svetlana Aleksiyeviçin “Çernobıl duaları. Gələcəyin xronikası” adlı kitabından olan bir monoloqdur. Yazıçının sənədli nəsr janrında yazdığı kitab Çernobıl faciəsinin şahidi olmuş insanların monoloqlarından ibarət topludur.

Çernobıl faciəsinə həsr olunmuş eyniadlı beşhissəli serialın ekran həlli üçün ssenari yazan Kreyq Meyzi də bu kitabdan yararlanıb. Bu filmin nümayişindən sonra əksər ölkələrin qara turizmində canlanma baş verdi. Qara turizm ekstremal səyahəti sevənlər üçün nəzərdə tutulub.

Bu turizm məkanlarının siyahısına atom bombasının atıldığı Xirosima və Naqasaki, faşist Almaniyasının ölüm düşərgələri, Çanaqqala savaşının baş verdiyi meydanlar və başqa nümunələr başçılıq edir. Bu nümunələrin daha çox turistin cəlbi olunması üçün yaxın dövrü əhatə etməsi vacibdir.

“Çernobıl” serialını da bu baxımdan kino sənayesinin turizmə təsirinin bariz nümunəsi hesab etmək olar. Ümumilikdə, rəsmi rəqəmlər serialdan sonra həmin əraziyə səyahət edən turistlərin sayının qırx faiz artdığını göstərir.

Təcrid zonasına səfər edənlər təhlükəsizliyi yaddan çıxarmırlar. Əraziyə dozimetrlə gəlmək vacibdir. Ekskursiyalardan sonra qonaqlar nəzarət-buraxılış məntəqələrində radioloji yoxlamadan keçirlər.

Alimlər isə deyir ki, 30 kilometrlik radiasiya qurşağında şüalanma hələ də güclüdür və buna görə də bu ərazi insanlar üçün 20 min il müddətində təhlükəli olacaq.

Bəşər tarixinin ən dəhşətli texnogen fəlakəti hesab olunan Çernobıla Azərbaycandan da səyahət edənlər var. Səyahət turunun qiyməti 366 dollardan başlayır.

image_from_ios (2).jpg
Ceyhun Aşurov



Qara turizmə üstünlük verən kimlərdir?

Turizm üzrə ekspert Ceyhun Aşurovun sözlərinə görə, Azərbaycandan turlar pərakəndə şəkildə təşkil olunduğu üçün Çernobıla gedənlərin dəqiq statistikası məlum deyil. Amma əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Ekspert bildirir ki, bir çoxu üçün müxtəlif faciələr baş verən yerlərə səyahət etmək maraqlıdır:

“Turizm sənayesi və yaxud iş adamları tərəfindən insanların maraqları üzərində bu işi biznesə çevirmək normal haldır. Atom bombasının partladığı yerlər də turist baxımından cəlbedici hesab edilir. Ümumiyyətlə, turistlər hər hansı bir obyektə istənilən vaxt girə, baxa bilməz.

Həmin serial Çernobıla olan marağı bir az da artırdı. Təhlükəsizlik məsələləri ziyarət olunan ölkənin və ya müvafiq orqanların nəzarəti altında reallaşır. Turistlərin təhlükəsizliyi – radiasiyanın yoxlanılması, lazım gələrsə, qoruyucu geyimlərlə təmin edilməsi məsələləri təşkilatçılar tərəfindən aparılır.

“Çernobıl” serialına nümunə kimi “Xarabalıqdan olan milyonçu” filmini göstərmək olar. Həmin filmdən sonra Avropadan Hindistana sırf yoxsulları görmək üçün gedənlər var. Yəni həmin ərazilər üzrə marşrutlar mövcuddur. Bizə qəribə gəlir ki, yoxsulluq içində yaşayanları görməkdən nə həzz almaq olar? Məsələ həzdə deyil. Həmin insanlara kömək edirlər, hansısa ianələr toplanılır. Çox vaxt bunu əlaqədar təşkilatlar edir ki, acınacaqlı durumda yaşayan insanları yerində görsünlər, müəyyən xeyriyyə işlərinə təkan olsun.

Yaxud da flora-faunanın yaxşılaşdırılması, ağacların əkilməsi, hansısa fəsadların aradan qaldırılması üçün belə turlar mühüm rol oynayır”.



“Təcrid zonasına gedənlər psixoloji baxımdan sakit olmalıdır”

Çernobıla səyahət edənlərdən biri də fotoqraf Orxan Əzimdir. O, 2016-cı ildə təcrid zonasına səfər edərək, şəkillər çəkib. Dediyinə görə, ikinci dəfə yenidən həmin ərazini fotoqraf kimi yox, turist olaraq ziyarət etmək arzusundadır:

“Çernobıla yollanmazdan əvvəl Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi Üzrə Dövlət Agentliyindən mənə təklif etdilər ki, səfərdən öncə və sonra yoxlanışdan keçim. Bunu etmədim, çünki mənə dedilər ki, səfər zamanı istənilən halda səndə şüalanma normadan artıq olacaq. Bu da psixoloji durumunu gərginləşdirə bilər. Həmin səfərdə də əsas psixoloji baxımdan sakit olmaqdır. Bilirsiniz ki, adam xəstəlik tapmasa belə özünü psixoloji gərginləşdirərsə, risk çoxala bilər.

İzah etdilər ki, bunun hamısı orqanizmdən asılı olan bir şeydir. Əgər bir insanın immun sistemi zəifdirsə, cüzi radiasiya belə onu ağuşuna alacaq. Bunu da məlumat üçün deyim ki, zeytun, ağartı məhsulları və nar şüanın bədəndən çıxmasında mühüm rol oynayır. Nar qandan, süd sümükdən, ilikdən, zeytun isə mədə-bağırsaqdan qamma şüalarını xaric edir.

Orada iki gecə, üç gün qaldım. Turu qrup şəklində deyil, fərdi götürmüşdüm. Müəyyən yerlər vardı ki, hazırda icazə verilmir, lakin orada da çəkiliş etdim.

Nikolay adlı 31 yaşlı bələdçim vardı. O, mənə dedi ki, artıq 9 ildir bura bazar ertəsindən başqa hər gün turist gətirir. Mən səfərdən qayıdandan sonra biz onunla yazışırdıq. Bir müddət sonra yazdı ki, oğlum olub, zarafata şəklini çəkib yollamışdı ki, uşaq sağlamdır.

image_from_ios (4).jpg
Orxan Əzim

Ora getməzdən öncə keçirilən təlimlərin hamısına əməl etdim. Çernobıldan gələndən iki il sonra saçlarım tökülərək seyrəlməyə başladı. Bunu tam olaraq həmin səfərə bağlamıram. Hazırda mənim üçün hər hansı bir narahatlıq yoxdur”.



“Çernobıl gəzmək üçün gediləsi yer deyil”

Radiasiya Problemləri İnstitutunun fəlsəfə doktoru Rəvan Mehdiyeva isə hesab edir ki, Çernobıl səyahət yox, təcrübə aparılması üçün olan ərazidir:

“Alimlər gəlib, həmin yerin torpağında, suyunda, ağacında tədqiqatlar aparır. Hətta inəklərin südünü, ətini, orada olan balıqları, istənilən canlı və cansız aləmi öyrənirlər. Çernobıl dünyaya bu səbəbə görə maraqlıdır. Ora gəzmək üçün gediləsi yer deyil.

Turizmə gəlincə, ekskursiyanı təşkil edən şirkətlər təhlükəsizlik məsələlərində özləri maraqlı olmalıdır. Pripyata təşkil olunan turlar zamanı turistlərə radiasiya fonunu ölçmək üçün fərdi dozimetrlər verilir. Hətta turistlər dozimetrlə təmin olunmasalar belə şəxsi təşəbbüslə onu əldə etməlidir.

Partlayış baş verən nüvə reaktorunun üzəri hidroizolyasiya olunmuş betonla örtülüb. Amma bu o demək deyil ki, ərazidə radiasiya yoxdur. Mənbəyə nə qədər çox yaxın olsan, bir o qədər şüa qəbul edirsən. Uzaqlaşdıqca, şüa da azalır.

Radiasiyanın insan orqanizminin bütün üzvlərinə təsiri var. Ancaq alınan zivert, yəni şüalanmanın udulma dozasının miqdarından asılıdır. Radiasiyanın insan orqanlarına təsiri fərqlidir. Baxır, gözə və yaxud qalxanabənzər vəziyə necə təsir edir. Amma ən çox və tez onurğa beyninə, qana, dəriyə nüfuz edir. Ancaq bu alınan zivertin miqdarına bağlıdır. Canlı orqanizmin udduğu radiasiya bir zivertə çatırsa, bu, artıq öldürücü dozadır.

Radiasiya bədəndə toplanaraq qalır. Cüzi miqdarda alınan radiasiya bədəndə toplanır. Çoxaldıqca da, təhlükə artır. Həmin ərazidə, xüsusən şüalanmanın yüksək olduğu yerlərdə çox qalmaq insan həyatı üçün təhlükəlidir. Şüalanma olan yerdən uzaqlaşdıqca, təhlükə də qismən azalır”.

image_from_ios (3).jpg
Rəvan Mehdiyeva



Epiloq əvəzi…

Son olaraq… Svetlana Aleksiyeviçin müxtəlif illərdə Belarus qəzetlərindən toplayaraq “Çernobıl duaları. Gələcəyin xronikası” kitabına daxil etdiyi turizm turlarının reklam mətnlərinin cəmində deyilir:

“Kiyev səyahət agentliyi Çernobıla turist turları təklif edir. Tərtib olunmuş marşrut xəritəsinə əsasən, “Ölülər şəhəri” Pripyatdan başlayan səfərdə turistlər, eyvanlarında qaralmış mələfələr asılmış və uşaq arabaları olan – tərk edilmiş çoxmərtəbəli binalar görəcəklər.

Həmçinin keçmiş milis şöbəsinə, xəstəxanaya və Kommunist Partiyasının binasına baş çəkəcəklər. Burada kommunist dövrünün şüarları hələ də qalıb – onları radiasiya da qəbul etmir.

Pripyat şəhərindən başlayan marşruta – günün günorta çağı daxmalarda canavarların və çöldonuzlarının dolaşdığı ölü kəndlərdən davam ediləcək.

Səfərin kulminasiya nöqtəsi və ya reklamlarda deyildiyi kimi- ən həyəcanlı anı, partlayışın baş verdiyi, daha sonra sarkofaqla bağlanmış dörd saylı nüvə reaktorunun olduğu məkanın ziyarət edilməsidir.

Partlayışdan sonra üzəri tələm-tələsik qapadılan nüvə reaktoru artıq çoxdan çatlarla örtülmüşdür. Hazırda həmin çatlardan ətrafa yüksək fonda şüa yayılmaqdadır.

Təminat veririk, evinizə unudulmaz duyğular və parlaq təəssüratlarla qayıdacaqsınız. Dostlarınıza, yaxınlarınıza danışmağa maraqlı söhbətləriniz olacaq.

Bəli, bu sizin üçün Kanar adalarına, yaxud da Mayamiyə səyahət deyil.

Ekskursiya Çernobılda həlak olanların xatirəsini əbədiləşdirən monument önündə şəkil çəkməklə yekunlaşır ki, siz də özünüzü hekayədə iştirakçı kimi hiss etmiş olasınız.

Ekstremal səyahəti sevənlərə, səfərin yekununda ekoloji cəhətdən təmiz məhsullardan hazırlanmış nahar yeməyi, qırmızı şərab və rus arağı təklif olunur.

Əmin olun, həmin ərazidə keçirdiyiniz bir gün ərzində, hətta rentgen müayinəsi ilə müqayisədə dəfələrlə az şüalanmaya məruz qalacaqsınız.

Amma çayda çimmək, balıq tutmaq, quş ovlamaq məsləhət görülmür.

Meşədən meyvə yığmaq, göbələk toplayaraq bişirib yemək də olmaz. Hətta yabanı güllərdən dərib, qadınlara bağışlamaq da yasaqdır.

Siz düşünürsünüz ki, bütün bunlar çəfəngiyyatdır? Yanılırsınız, indi nüvə turizminə böyük tələbat var. Xüsusi maraq göstərənlərin çoxu da qərbli turistlərdir.

Dünya köhnədir, hər şey də əlçatan. İnsanlar yeni və daha güclü təəssüratlar axtarışındadır. Bir sözlə, yaşamaq darıxdırıcı olub. Nəsə əbədi olan bir şey istəyirsən. Həyatınızı unudulmaz bir səfərlə rəngləndirməyi düşünürsünüzsə, nüvə Məkkəsini ziyarət edin. Qiymətlər də çox münasibdir”.

Ana səhifəSiyasətDünyada “Qara turizm”in inkişafına təkan verən “Nüvə Məkkəsi” – Çernobıl