Dünya valyuta bazarı və manatın taleyi

Manat – islama qədər ərəblərin bütlərindən birinin adı olub…

Source:

Yaxın zamanda dünya valyuta bazarının əsas trendləri:

1) Avrozonada 2 önəmli məsələ var ki, hər ikisi də Avronun zəifləməsinə xidmət edir:

a) Yunanıstan böhranı, bu ölkənin Avrozonadan çıxma ehtimalı,

b) Avropa Mərkəzi Bankının mart ayından başlayaraq “yumşaq kəmiyyət siyasəti”, və ya “təhvil alım proqramı” çərçivəsində bazara ayda 60 mlrd. avro buraxacaq. Təbii ki, bu iki önəmli amil avronun kursuna basqı yaradır və dollar qarşısında ucuzlaşmasının zəminini yaradır;

2) İsveçrə Mərkəzi bankı dünyanın ən qədim və hörmətli valyutalarından biri olan İsveçrə frankının məzənnəsinin süni saxlanması siyasətindən əl çəkib, 1 frank – 1,05 avroya qədər bahalaşıb;

3) Bütün dünya ABŞ-dan, yəni, FED-dən faiz artırmasını gözləyir, əgər bu ilin 1-ci yarısında FED uçot dərəcəsini heç olmasa 0,25% artırsa, dollar daha da bahalaşacaq, bütün valyutalara qarşı dəyər qazanacaq;

4) Asiya divləri (Çin, Yaponiya) bilərəkdən öz valyutalarını ucuzlaşdırmaq siyasəti yürüdürlər ki, ixracatçılarına dəstək olsunlar, daha çox ixrac edə bilsinlər, bu amil də, dolların bahalaşmasına işləyəcək. Bir sözlə, bütün amillər 2015-ci ilin valyuta ulduzunun yenidən dollar olacağına işarə edir!

2008-ci ildə qlobal iqtisadi böhran başlayanda, Azərbaycan hökuməti ciddi səhv etdi, manatın kursunu az da olsa salmalı idi, bunu etmədi, çünki manatın kursunu iqtisadi amildən çıxararaq, siyasi sabitliyin simvollarından birinə çevirmişdilər. O zaman çox yazdıq, dedik, çıxışlar etdik – dinləmədilər, halbuki, 2008-də manat az da olsa, yumşaq devalivasiya edilsəydi, hələ can verən qeyri-neft sektorunun ixrac potensialını artırmaq olardı (paralel olaraq, islahatlar da etmək şərti ilə).

Mərkəzi Bank və hökumət indi, 2015-ci ildə yumşaq devalivasiyaya (yəni, milli valyutanın ucuzlaşmasına) gedəcəyinin siqnalını verdi, səbəb kimi də, güya, qeyri-neft sektorunun ixracatının artırılmasına yardım, iqtisadiyyatın çoxşaxəli modelə keçməsinə kömək göstərilir. Gülməlidir, Azərbaycanda qeyri-neft sektoru yox səviyyəsindədir! İxracatda bu sektorun payı 2%-dən çox deyil, hökumətin “qeyri-neft sektoru” dediyi sahə, təmir-tikinti sahəsidir ki, bu da neftə görədir: neftin pulu – Neft Fonduna – Büdcəyə – Təmir-tikintiyə, vəssalam, yəni, neft pulu olmayanda “qeyri-neft” sektoru da olmayacaq. Hökumətin manatın yumşaq devalivasiyasına getməyə qərar verməsinin önəmli faktorları var:

1) Təbii ki, əlahəzrət neftin ucuzlaşması.

2) Ölkəyə, əsasən, 2 mənbədən valyuta daxil olurdu:

a) Neftin pulu,

b) Rusiyadan öz ailələrinə göndərilən vəsait.

Hər iki mənbədən gələn vəsait azalıb, özü də, ciddi azalıb, Rusiya ilə bağlı isə hətta əks proses gedir, yaxşı vaxtlarda Rusiyada çalışıb qazandığı vəsaitə Bakıda daşınmaz əmlak alan bəzi iş adamları, Rusiyada öz bizneslərini ayaqda tutmaq üçün həmin mülklərini satıb, dollara çevirib, Rusiyaya aparırlar. Deməli, manata olan basqılar ciddi artıb, hökumət məhz bu səbəbdən yumşaq devalivasiyaya getmək qərarı alıb, “ixracatı artırmaq, istehsalçını qorumaq”, söhbətləri mifdir.

Əgər hökumət “səbət” tənzimləməsinə keçib, manatı avroya, bununla da avronun dollara nisbətən kursuna bağlamaq istəyirsə və prezidentin də elan etdiyi kimi, 1 manat = 1 avro formuluna görə dolların kursu hesablanacaqsa, onda indiki kursla 1 dollar = 0,88 manat olacaq. Yaxın gələcəkdə avronun kursu dollara qarşı enəcək (səbəblərini yuxarıda yazdım), o zaman dolların manata qarşı kursu da qalxacaq, yəni, 1 avro = 1,05 dollara qədər kurs ensə (ehtimallar bu kursun daha real olacağını göstərir), onda 1 dollar = 0,95 manat olacaq. Yox əgər, avro daha da ensə, yəni, 1 avro = 1 dollar olsa, onda “ideal” kurs yaranacaq: 1 avro = 1 manat = 1 dollar…

Bir sözlə, manatın kursunun azalması qaçılmazdır, bu isə öz növbəsində ölkədə ciddi infilyasiyaya, qiymət artımına gətirib çıxaracaq, bundan başqa qiymətlərin və kreditlərin yenidən “dollarlaşması” olacaq, yəni, daşınmaz əmlak və avtomobil qiymətləri keçmiş illərdə olduğu kimi, yenə dollarla alınıb-satılacaq və banklar da kreditləri dollarla verməyə başlayacaq…

P.S. Manat – islama qədər ərəblərin bütlərindən birinin adı olub, hərfi tərcüməsi “çərxi-fələk” deməkdir.

Çox simvolikdir indi, çərxi-fələk tərsinə dönür…

Ana səhifəMənim FikrimcəDünya valyuta bazarı və manatın taleyi