Bakı Dövlət, Xəzər və Qafqaz Universitetləri reytinq siyahısındadır
Sentyabrın 6-da 13-cü QS Dünya açıqlayıb. Reytinqə görə ABŞ və Böyük Britaniya universitetləri öncül yerlərdədir.
Azadlıq Radiosu yazır ki, artıq beşinci ildir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) birinci yerdədir, ardınca Stenford Universiteti gəlir. Stenford bir pillə irəliləyib. 2004-2009-cu illərdə siyahının başında gedən Harvard indi üçüncü yerdədir. Kembric Universiteti dördüncü yerə sürüşüb, ötən il Stenfordla üçüncü yeri paylaşırdı.
Çin və Rusiya irəliləyir
İlk onluqda qalan yerlərin sahibləri dəyişməyib. Bircə İsveçrənin “ETH Zurich” universiteti irəliləyərək London İmperial Kolleciylə yerdəyişmə edib.
Builki reytinq dünyanın sürətlə inkişaf edən iqtisadiyyatları, o cümlədən Çin və Rusiyanın irəlilədiyini göstərir.
Azərbaycandan 3 universitet – Bakı Dövlət, Xəzər və Qafqaz Universitetləri reytinq siyahısındadır, amma 701-ci pillədən sonra gəlirlər. Ötən illər də durum eyni idi.
Rusiya ilk yüzlüyə yaxınlaşır
Reytinqdə yer alan Rusiya universitetlərinin əksəriyyəti bu il mövqeyini yaxşılaşdırıb. Hətta bəziləri 100 pillədən çox irəliləyib. Lomonosov Dövlət Universiteti 108-ci yerdədir.
QS Dünya Universitetləri Reytinqi dünyanın aparıcı ali təhsil müəssisələrini altı göstərici üzrə dəyərləndirir. Builki reytinqə 81 ölkədən 916 universitet salınıb ki, bu da ötən ildəkindən 25 ədəd çoxdur. Dəyərləndirmə 3 min 800-dən çox müəssisə üzrə aparılıb.
İranın Şarif Texnologiya Universiteti 431-440-cı, Tehran Universiteti 551-600-cü yerlərdə qərarlaşıb. Ukraynanın V.N.Karazin adına Xarkov Universiteti 382-ci yerdədir.
QS Dünya Universitetləri Reytinqində ilk 10-luq isə belədir:
Massaçusets Texnologiya İnstitutu (MIT)
Stenford Universiteti
Harvard Universiteti
Kembric Universiteti
Kaliforniya Texnologiya İnstitutu (Caltech)
Oksford Universiteti
UCL (London Universitet Kolleci)
ETH Zurich – İsveçrə Federal Texnologiya İnstitutu
London İmperial Kolleci
Çikaqo Universiteti